Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazın insana olan böyük təsiri

Fatihə
Fatihənin namazda böyük əhəmiyyəti olduğu kimi, namazın da başqa fərzlər arasında çox mühüm yeri var.Namazda həyat deyiləndə, namaz qılınan vaxt, müddət, yer deyil, namaz əda olunarkən qəlbin və ruhun yaşadığı həyat nəzərdə tutulur. Həqiqətdə insanın həyatı onun Allahı tanımaqla və əqidəsi ilə yaşadığı həyatdır. Allahu Təala insanın qəlbini imanla dirildir, zülmətdən çıxarıb nura və hidayətə yönəldir.
Allahu Təala buyurub: ((Ey iman gətirənlər, Allahın və Rəsulunun, sizi yaşadan və həyat verən dəvətinə cavab verin, qəbul edin.)) (əl-Ənfal, 24)

Namazda qəlbin və ruhun yaşadığı həyat başqa olur. Həmçinin Allahu Təala namaz zamanı bəndənin qəlbinə baxar. Rüku, səcdə və qiyam kimi xarici hərəkətlər isə məhz qəlbin yaşadığı anların zahiri görünüşüdür. Bu zaman qəlbdə Allahın əzəməti, heybəti və tam mütilik olur.
Namazda həyat dedikdə, namazın hökümləri onun şərtləri, onu batil edən şeylər nəzərdə tutulmur. Bunları xüsusi fiqh kitablarından tapmaq mümkündür. Namazda qəlb və ruh qidalanır, buna bizim böyük ehtiyacımız var, hansı ki, cəsədlərimiz qidalanaraq bütün vaxtlarımızı məşğul edib. Peyğəmbərimiz (s.a.s.) kimi biz də namazda ruhumuzun səadətini, qəlbimizin fərəhini və itaətin ləzzətini hiss etməliyik. Namazın girişini sevinc və səbirsizliklə gözləməliyik.Peyğəmbərimiz (s.a.s.) buyurub ki, “Gözümün sevincini namazda etdim” Başqa bir hədisdə də buyurub ki, “Namazla bizi rahat et, ey Bilal”.
Həqiqətən namazda qəlbimizi və ruhumuzu yaşatmağa çox ehtiyacımız var.Çoxlarımız namazda bu ali hissləri və yüksək məqamları yaşaya bilmirik. Çünki namazı, boynumuzda qalan bir iş kimi ağırlıqla yerinə yetiririk ki, tez bitirib rahat olaq.

Allaha ibadət
Allaha ibadət yaradılışımızın məqsədi və həyatımızın ən əsas qayəsidir.Allahu Təalə buyurur ki; “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat, 56). Bəs onda biz buna necə laqeyd və başı soyuq yanaşa bilərik?!Bundan bir şey əksildib və ya özümüzdən bir şey artıra bilərikmi?! Allahu Təala ehtiyacı olduğu üçün bizə ibadəti vacib etməyib, əksinə ibadətin bizə xeyri var ki, bizə təqvalı olmağa, günahlardan və rəzilliklərdən çəkinməyə kömək edir. Allahın rizasını qazanıb, cəhənnəmdən qurtulub cənnətə girməyə kömək edir.
Allahu Təala buyurur: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Bəlkə bununla təqvalı olasınız.” (əl-Bəqərə, 21).

Əslində biz həyatımızı ibadətə həsr etsək, bizə verilən bütün nemətləri yalnız Allahın itaətinə sərf etsək, hətta ömrümüz boyu səcdədə də qalsaq, Allahın bizə verdiyi bir nemətin şükrünü layiqincə edə bilmərik. “Allahın nemətlərini saysanız, sayıb qurtara bilmərsiniz. Həqiqətən insan zalım və nankordur.” (ən-Nəhl, 18).
İbadət dedikdə çoxlarının zehninə fərzlər gəlir, namaz, zəkat, oruc və həcc. Halbuki, Allahu Təala buyurur ki: “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.” (əz-Zariyat, 56).

Deməli bütün həyatımızı ibadətlə keçirməliyik. Namaz oruc zəkat və həcc isə ömrümüzün çox cüzi bir hissəsini təşkil edir. İslamı həqiqi sürətində yaşasaq, bütün həyatı boyu ibadət etmiş olarıq. Fərzlərdən əlavə xeyir işlər görmək və ya gördürmək, pis işlərdən çəkindirmək, dinə dəvət etmək, yaşamaq və ibadətə davam etmək üçün yemək-içmək, halal qazanmaq üçün işləmək, ailə qurmaq və sairə kimi həyatımızda baş verən bütün işləri Allahın rizası üçün niyyət etsək, ibadət sayılar. Lakin ibadəti tamam və dolğun şəkildə həyata keçirməliyik. Bunun üçün bütün işlərimizi dəqiq əksiksiz və sonuna qədər görməliyik.Bilməliyik və hiss etməliyik ki, Allahu Təala həmişə bizi görür və hər bir əməlimizdən xəbərdardır. Namazı dəqiq, qərəzsiz və tamam şəkildə qılmaq isə ən başlıca ibadətlərimizdən və işlərimizdən olmalıdır. Peyğəmbərimiz (s.a.s) buyurub ki; “Ehsan (bir şeyi gözəl etmək) odur ki, sən Allahı görürsən kimi ibadət edəsən, sən Onu görməsən də O səni görür.”

Namazın dəyəri və onun yeri
Namaz dinin dirəyidir və ən yüksək dəyərlərindəndir. Namazın dindəki yeri, başın bədəndəki yeri kimidir. Namaz müsəlmanı kafirdən ayıran bir amildir. Namaz imanı artıran, qulun Rəbbiylə əlaqəsini saxlayan, ruhu sakitləşdirən və nicat yoludur.
Xatırlayaq ki, namaz, İsra və Merac gecəsi fərz buyurulub. Bu da namazın xüsusi əhəmiyyət daşımasına kifayətdir. Hər namazda sanki ruhlarımız İsra və Merac gecəsindəki kimi Rəbbimizin yanına gedir. Ancaq bunu hiss etmək və bu hissin ləzzətini yaşamaq hər adama nəsib olmur. Bunun üçün biz namazın əhəmiyyətini dərk etməliyik. Allahu Təala bizə namaz qılmağı bir çox ayələrdə əmr edib.
“Namazları (vaxtında qılmağa) mühafizə edin və (xüsusilə də) orta namazı”. (əl-Bəqərə, 238)
“Namaz qılın və zəkat verin”. (əl-Bəqərə, 43)
“Həqiqətən namaz möminlər üçün vaxtı dəqiqləşdirilmiş bir əmrdir”. (ən-Nisa, 103)
“O kimlərə ki, yer üzündə imkan yaratdıqda namaz qılarlar.”
Peyğəmbərimizin (s.a.s) hədislərinə gəldikdə isə, namazın əhəmiyyətini bildirən hədislərə çox rast gəlmək olar.
İbn Məsuddan (r.a) rəvayət olunduğuna görə deyir ki, Rəsulullahdan (s.a.s) soruşdum ki, əməllərin ən fəzilətlisi hansıdır? Dedi; “Namazı vaxtında qılmaq”. Dedim sonra hansı? Dedi: “Valideynlərə yaxşılıq etmək” Dedim sonra hansı? Dedi: “Allah yolunda cihad etmək” (Muttəfəqun aleyh).
Cabir bin Abdullahdan (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) buyurub ki; “Kişiylə (bir kəslə) küfr və ya şirkin arasında duran, namazı tərk etməkdir.”

Namaz ruhun qidası və nəfsin tərbiyəsidir
Namazda insan Allaha sığınır, Ondan köməyini istəyir və doğru yola yönəlməsi üçün Ondan hidayət diləyir. Allahu Təaladır kərəm sahibi və hər şeyin maliki. Namaz qılanın istəyinə görə ona hidayət nurlarını yönəldir, rəhmətini və sükunətini onun üzərinə nazil edir. Tam mütilik və xuşu ilə qılınan namaz Allaha həqiqi ibadət olur və bununla insan tam Allaha əyilməyi bacarır və namazını xalis Allah üçün qılır.
Həqiqətdə namaz nəfsi saflaşdıran, əxlaqı gözəlləşdirən, ruhu və mənəviyyatı daim yeniləyən ən gözəl vasitədir. Namaz insanı doğru yolda saxlayan, yaralarına məlhəm, qorxusunu yox edən, zəifliyini unutduran və zalimlərdən uzaq edən bir amildir.
Allahu Təala buyurur ki; "Ey iman gətirənlər, səbr və namazla Allaha dayanın. Həqiqətən Allah səbr edənlərlədir." (əl-Bəqərə, 45)Həqiqətən Peyğəmbər də (s.a.s) bir darlığa düşərkən və işləri çətinləşərkən namaza yönələrdi. Çünki xüşu ilə etdiyi rüku və səcdəsində Allaha yaxın olar, yıxılmaz bir dayağa söykəndiyini hiss edər, tam təslim olaraq güvənlik içində olardı. Bəlaya səbr edib, qədərə razı qalmaq insanda Allaha qarşı ümidləri heç bir zaman söndürmür.
Dünya həyatı insanın gözlərini örtmüş, maddiyətlər onun marağını yalnız özündə cəmləmiş və insanın mənəviyyatı tamamilə çökmüşdür. Bu zaman namaz nəfsi çirkinliklərdən təmizlər, onu paklaşdırar və maddi həyatın ona verdiyi pis sifətlərdən saflaşdırar.

Namaz qılandan sonra insan hiss edir ki, bir az əvvəl Allahu Təalanın hüzurunda idi və bir müddət sonra o biri namazı qılacaq, yenə Allahu Təalanın hüzuruna gələcək. Hər namazda o, Allahu Təaladan onu düzgün yola yönəltməsini istəyir. Beləcə insan namazdan namaza, Allahu Təala ilə ünsiyyətdə olur. Günah iş görmək və ya çirkin əməllərə əl atmaq onun ağlına gəlmir. Bir namazdan sonra günah edib, o biri namaza necə gedə bilər?! İki namazın arasında Allahu Təalanı necə unutmaq olar?!
Kim namazı vaxtı vaxtında qılmağa davam edərsə və sidq ürəklə Allaha yönələrsə, istər-istəməz dünya işləri və maddi həyat onu məşğul etməz, fikrini yayındırmaz, axirəti unutdurmaz. Beləcə insan dünya fitnələrinə və mal-dövlətə meyl edən nəfsinə üstün gələ bilir. ((Kişilər (bəzi insanlar) var ki, ticarətləri və alqı-satqıları onları Allahın zikrindən, namazdan və zəkat verməkdən çəkindirməz. Onlar qəlblərin və nəzərlərin çevriləcəyi bir (qiyamət) gündən qorxurlar.))
Namaz insana tərbiyəvi yöndən də təsir göstərir. Namaz qılanda insan təsəvvür edir ki, dünyanın hər bir tərəfində namaz qılanlar birdir və hamı tək Allaha yönəlib, bir qibləyə üz tutub namaz qılır. Həmçinin bir kənddə, qəsəbədə və ya məhəllədə bir məscidə yığılan müsəlmanlar birliyi hiss edirlər. Namazı dəqiq olaraq vaxtında qılmağa və bir namazdan sonra o biri namazı gözləməyə adət etmiş müsəlman, başqa işlərində və vaxtlarında da dəqiq olur. Heç bir şeyin vaxtını itirmir, eləcə də Rəbbi ilə görüşəcəyi vaxtı heç bir dünya əməli ona unutdura bilmir. Bir sırada o biri namaz qılanlarla yan-yana sıx və bir imamın arxasında dayanan müsəlman, nizam intizamı öyrənir. İmamın arxasında imama uyaraq və onu keçməmək şərtilə namazı axıra qədər qılanda, müsəlman əmrə tabe olmağı və heç bir zaman əmirin əmrindən çıxmamağı adət edir. Həmçinin fikir versək, eyni sırada namaz qılanlardan yoxsul və zəngin, böyük və kiçik, nazir və məmuru da olur. Onlar hamısı fərq qoyulmadan yan-yana eyni sırada durub namaz qılırlar. Bununla müsəlmanlar birliyi dərk edir və ayrı seçkiliyə nifrət edirlər. Ən sonunda isə xatırlatmaq olar ki, namaz qılmağın sağlamlıq baxımından həddindən çox faydası vardır. Namaz qılarkən hərəkətlərin bədənə olan xeyri haqqında kitablar və məqalələr yazılıb.

Şəriət müsəlmanlara namaz qılmağı yüngülləşdirib
Allahu Təala öz mərhəməti ilə bizlərə namaz qılmağı daim və hər an yüngülləşdirib ki, bizim ehtiyac duyduğumuz namazdakı xeyirdən məhrum qalmayaq. Namaz bizi doğru yola yönəldir, həyatımızı düzənliyir və həmçinin Allahın rizasını əldə etməyə kömək edir.
Məsciddə namaz qılmaq əmr olunsa da, Allahu Təala bizlərə hər yerdə namaz qılmağa icazə verib, əgər həmin yer təmizdirsə.
Halımızı daha yaxşı bilən yaradan O Uca Allah, səfərdə və ya xəstə olarkən də, namazdan məhrum olmayaq deyə, bizim üçün namazı yüngülləşdirib. Səfərdə olarkən namazları qısaldıb və iki namazı birləşdirib qılmaq olar. Xəstə olanda tərpənmək mümkün deyilsə oturub və ya uzanaraq namaz qılmağa da icazə verib bizə Allahu Təala. Hətta müharibə və savaş halında da namazdan məhrum qalmayaq deyə Allahu Təala bizə qorxu namazını buyurub. Bir dəstə namaz qılanda, o biri dəstə onları qorumalı, sonra yerlərini dəyişərək namazlarını qılmalıdırlar.
Namaza hazırlaşmaq üçün olan təharət və təmizlik şərtlərində də şəriət bizə yüngül yollar göstərib. Su olmayanda, xəstə halında və ya suyu əldə etmək çətin olanda təyəmmüm etməyi, soyuq havada, çətinlikdə və ya səfərdə olarkən ayaqlara üstən məsh (əl) çəkməyi şəriət bizə buyurub ki, namazı vaxtında qılaq və onu tərk etməyək. Yalnız aybaşı, qan axması olanlara, az yaşlı uşaqlara və ağlı olmayan dəlilərə namaz qılmaq əmr olunmayıb.
Bütün bu şərtlər və yüngülləşdirici yollar onun üçündür ki, müsəlmanlar namazın xeyrindən və faydasından məhrum qalmasınlar. Çünki bizlərin namaza böyük ehtiyacı var, amma aləmlərin rəbbi olan Allahın bizim namaz heç zərrə qədər də ehtiyacı yoxdur.

İnsanlarda namaza olan əhəmiyyət
Müşahidə etmək olar ki, müsəlmanlar arasında namaz qılmağa, namaza hazırlaşmağa və onu vaxtında əda etməyə müxtəlif fərqlər vardır. Buna hərə bir cür yanaşır və hərə bir cür əhəmiyyət göstərir. Kimisə namazı ağır sayır və rükətlərini çox görür, sanki belində olan ağır bir yükdür, mütləq daşımalıdır. Bunlar yəhudi və xristianlara bənzəyirlər ki, gündə və ya həftədə bir dəfə namaz qılmaq istəyirlər. Namaz Allahın insanlara göndərdiyi zülm və ağırlıq deyil və namaza bu cür yanaşmaq böyük bir səhvdir. Çünki Allahu Təala bizə namazı ona görə fərz edib ki, namazda bizim özümüzə xeyir var və namazı həqiqəti ilə dərk edən namazın insanın dünya və axirət həyatına olan xeyrini də dərk edir. İnsan daim şeytanla savaşda, xeyir və şərlə mübarizədədir. Gecə və gündüz paylanılan namaz vaxtları isə, insana ruhi taqət verən stansiyalar kimidir. Hər şeyi bilən Hikmətli Rəbbimiz, nəfsimizə ən sağlam şəkildə təsir edən vasitəni, namazı əmr edib. Namazı isə lazım olan vaxtında qılmaq lazımdır ki, bizi əyrilikdən və fitnələrdən qorusun, düzgün yoldan azmağa qoymasın. Hər namazdan sonra şeytan bizi düzgün yoldan çıxarmağa çalışsa da, ondan sonrakı namaz bizi yenıdən yolumuza döndərir. Amma kim ki, namazın vaxtında yatır, ya namazını vaxtında qılmırsa, yaxud namazını tam mütilik və düzgün şəkildə əda etmirsə, fikri namazda olmursa, qəlbi müxtəlif şeylər fikirləşirsə şeytan həmin şəxsi tədricən, yavaş-yavaş yoldan çəkindirir və onu yoldan çıxarır. Həmin insana isə Allahu Təala rəhm etməsə, artıq yoluna heç cür dönə bilmir.
Oturub dərindən götür qoy etsək görərik ki, gündəlik namaz vaxtlarımız günün heç onda birini təşkil etmir. Şeytan bizə elə təsəvvür etdirir ki, hətta o vaxtlar da bizə çox gəlir və namaz qılmaq bizə ağır olur.
Həqiqətdə isə, namazda olan həyatı yaşayan, namazın ləzzətini hiss edən, itaət və ibadətin dadını bilən, imanın şirinliyini yaşayan şəxs namazı ağır hiss etmir və onu çox görmür. Əslində namaz üçün darıxır, bir namazdan sonra o biri namazın vaxtını səbirsizliklə gözləyir ki, İlahinin hüzurunda və qarşısında durmaq xoşbəxtliyinə dəfələrcə nail ola bilsin.
Çox təəssüf də olsa qeyd etməliyik ki, namazı ağır saymaq, onu çox görmək və ona tənbəlliklə yanaşmaq münafiqlərin sifətlərindəndir. Allah bizi bu sifətlərdən qorusun. ((Həqiqətən münafiqlər Allahı aldadırlar, amma O onları aldadır. Onlar (münafiqlər) namaza qalxdıqda tənbəlliklə qalxarlar, (özlərini insanlara göstərərlər) riya edərlər, Allah çox az zikr edərlər.))
Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) belə buyurub; “Münafiqlərə Sabah və İşa namazından daha ağır namaz yoxdur. Onlar bilsəydilər bu iki namazda hansı xeyir var, iməkliyi-iməkliyə gələrdilər.” ((Muttəfəqun aleyh)
Şeytan insanları namazdan çəkindirmək və namazı insanlara ağır hiss etdirmək üçün əlindən gələni edir, insanlara müxtəlif yöndən axmaq səbəblər gətirir. Yaxud da namazda onların fikrini dağıtmaq üçün zehnlərini başqa işlərlə məşğul edir. Bəzi insanlar da namaz qılanlara lağ edər, onların namaz qılmağına gülərlər və istehza edərlər. Hansı ki, bu insanların halı qiyamət günü Allahu Təalanın buyurduğu kimi olacaq: ((Hər kəs öz əməlinin girovudur (öz əməlinin əvəzini alacaqdır). Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətdədirlər. Bir-birindən günahkarlar barədə soruşacaqlar; “Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər; “Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtməzdik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan sayardıq, ölüm bizi haqlayana qədər. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz.)) (Əl-Muddəssir)

Namaz boyu qəlbin iştirak etməsi
1- Namazdakı həyatı tam qəlbimizlə yaşamağa kömək edən amillərdən ən başlıcası, Allahın əzəmətini, cəlalını və Onun hüzurunda durmağı hiss etməkdir. Eyni zamanda öz zəifliyimizi, naqisliyimizi, acizliyimizi və təqsirimizi hiss etmək də vacibdir. Bununla bir yerdə Allahın rəhmət və məğfirətini rica etməliyik. Bu mənalar nə qədər qəlbin dərinliklərinə yerləşərsə, bütün bədən buna tabe olar və əzalarımız tam mütilik içində namazı əda edər. Bu hisslərlə yanaşı biz namazda dediyimiz sözləri və oxuduqlarımızı diqqətlə tələffüz etməliyik, həmçinin imamın oxuduqlarını diqqətlə dinləməliyik, mənalarını dərindən dərk edib, hiss etməliyik.
2- Namaza başlayarkən təkbir gətirməzdən əvvəl namaz qılan bir anlıq xatırlasın ki, Allahu Təala onun bu anda qəlbində olanı, onun sirrini və gizlətdiyini bilir. Elə isə heç olmazsa namaza başlayanda yalandan təkbir gətirməsin. “Allahu Əkbər” Allah hər şeydən böyükdür deyib, fikrində və zehnində başqa şeyləri düşünərək namaza başlayırsa, dediklərini yalandan iddia etmiş olur. Dil tələffüz etsə də, qəlb və zehn bunu təsdiq etmir.
3- Misal üçün desək ki, bir şəxs müdürünün, direktorunun və ya böyük bir adamın hüzuruna girsə, ağlı, fikri, gözü, qulağı və bütün bədəni ilə ona tərəf təvəccüh edər və tam diqqətiylə ona yönələr ki, onun söylədiyi bir sözü keçirməsin və ya etdiyi heç bir hərəkətdən yayınmasın. Bu böyük adamın mükafatını gözləyər və ya onun qəzəbinə səbəb olacaq hər bir şeydən çəkinər. Bu görüşdən çıxandan sonra ondan ətrafında olanlar, yanına girib çıxanlar və ya zalda olan əşyalar haqqında soruşsan, bəlkə də heç bir şey xatırlamaz. Həmçinin başqa bir adam böyük bir şəxsin hüzurunda olsa və ona əhəmiyyət verməsə, diqqətli olmasa, həmin böyük şəxs buna necə qiymət verər? Bəs aləmlərin rəbbi, hər şeyi yaradan və hər şeyin sahibi Allahu Təalanın hüzurunda dayanarkən insanın halı necə olmalıdır?!
4- Namaz qılarkən gözlərimizi, qulaqlarımızı və fikrimizi yayındıran səbəblərdən uzaq olmalıyıq. Bunun üçündə namazımız üçün ən sakit və sadə yeri seçməliyik. Həmin yerdə çox bər-bəzək, naxış və əşyalar olmaması da məsləhət görülür. Buna görə də, divara yaxın namaz qılmaq daha çox bəyənilir ki, namaz qılanın qarşısında onun fikrini yayındıran amillər olmasın. Həmçinin yemək gətirilən zaman və ya süfrədə olan zaman namaz qılmaq bəyənilmir, çünki namaz qılanın fikri yeməkdə ola bilər və namazını tez bitirməyə tələsər. Ayaq yoluna getməyə ehtiyac duyarsa, bunları etdikdən sonra namaz qılınmalıdır, özünü sıxıb saxlayaraq namaz qılmaq bəyənilmir.
5- Namazı tam xüşu ilə qılmağa kömək edən amillərdən biri də namazda oxunan sözlərə diqqət etmək və həmin sözlərin mənasını düşünməkdir. Məsələn, imam oxuyarkən onun tələffüz etdiyi hər bir sözü diqqətlə anlamaq və mənasını dərk etmək lazımdır. Namazda hər təkbir, təsbeh, həmd və duaları hiss edərək tələffüz etmək gərəkdir.
6- Allahu Təala şərabı haram etməzdən əvvəl, şərab içib ağlını itirənlərə namaza yaxın durmağı ona görə qadağan etmişdir ki, onlar namazda oxuduqlarını anlamırdılar. Deməli namaz qılarkən oxunan sözlərin bir-bir mənası dərk edilməlidir. Mənası bilinməsə belə, heç olmasa hər sözü açıq-aydın tələffüz etmək lazımdır. Təəssüf ki, indiki zamanda içməsələr də, namazlarında nə dediklərini bilməyərək namaz qılanlar çoxdur.
7- Namaz qılan dərk etməlidir ki, tam qəlbin dərinliyindən namaz qılarkən, bu şeytana ağır təsir edir və onu yandırır. Şeytan hər cür hiyləyə əl atır ki, onu necə namaz qıldığını hiss etməkdən çəkindirsin.
8- Namaz qılan şəxs axirət həyatına daha böyük əhəmiyyət verməlidir ki, dünya həyatına verdiyi önəm onu namazda çox çaşdırmasın. Çünki insan nəyə daha çox əhəmiyyət verərsə, həmin şey onun fikrini və qəlbini daha çox məşğul edər. Deməli namaz qılarkən sənin fikrin daha çox namazda və ya namaz xarici bir şeydə olarsa, bununla sən nəyə daha çox maraq və əhəmiyyət göstərdiyini anlaya bilərsən. Amma bilin ki, namazı tam dəqiqliyi ilə qılmaq, axirət həyatında bizə xoşbəxtlik bəxş edəcək. Elə isə dünyaya verdiyimiz əhəmiyyətdən bir azca çoxunu axirət həyatımıza verək.

Təharət
Məlum məsələdir ki, namazın düzgün sayılması üçün bədən, paltar və məkanın təmiz sayılması şərtdir. Paltar bədənin övrət hissələrini örtməlidir. Bundan əlavə bir çox şərtlər var. Lakin bu mövzuda biz həmin şərtləri sadalamayacağıq. Burada bizi maraqlandıran, qəlbə həyat verən ruhi və mənəvi təmizlikdir.
Əlbəttə dəstəmazsız, geyimimiz natəmiz və namaz qıldığımız yer pak olmazsa, namazda durmaq bizə yaraşmaz. Adi bir məsul şəxs və ya müdürün yanına gedəndə belə zahiri görünüşümüzün gözəl olmasına diqqət edirik. Aləmlərin Rəbbi olan Allahın qarşısına çıxanda isə buna daha çox əhəmiyyət verməliyik.
Həqiqətən bədəni, paltarı və yeri daim təmiz və pak saxlamaq insana xüsusi zövq və gözəllik bəxş edir. Pisliklərə və çirkinliklərə qarşı insanda nifrət oyadır. Belə olmayan insan isə çirkinliklərdən qoruna bilmir və bu xüsusiyyət onun əxlaqına da mənfi təsir göstərir.
Müsəlman gündə 5 vaxt namaz qılaraq bu cür təmizliyin üslubuna vərdiş edir, daim təmiz və pak qalır. Təsəvvür edin ki, namaz qılmaq üçün şəriətdə bu cür təmizlik şərtləri olmasaydı, namaz qılanların halı və zahiri necə olardı?! Namaz qılanlarla qılmayanları zahirən fərqləndirmək mümkün olmazdı.
Zahiri təmizliklə bərabər daxili və batini təmizlik də gərəkdir. Hətta daxili təmizlik daha əhəmiyyətli sayılır. Ürəyin sağlamlığı, qəlbin təmizliyi və nəfsin şərlərdən uzaq olması Allahu Təalanın hüzurunda duracaq bəndəyə lazım olan ən əsas amillərdəndir. Allahu Təala qəlblərdəki bütün gizli və örtülü olan şeyləri bilir.
Paltarı və bədəni təmiz, namaz qıldığı yer pak amma ürəyində kin-küdurət və riya olan müsəlman Allahın qarşısında necə namaz dura bilər?!
Təsəvvür et ki, namazda durmusan amma daxilindən bir səs deyir ki; Ey Rəbbim! Sən və Rəsulun dəfələrlə, qiybət etməkdən, söz gəzdirməkdən, təkəbbürlü olmaqdan və bunun kimi pis əməllərdən məni çəkindirsəniz də mən bunu yerinə yetirmirəm, hələ də o pis əməllərdən əl çəkə bilmirəm. Mən Sənin və Rəsulunun əmrinə qarşı çıxıram.
Bunu sən açıq-aydın dilinlə demirsən, amma halın və həqiqi vəziyyətin bunu belə göstərir. Bəs belə olaraq Allahu Təalanın qarşısında durmağı özünə necə sığışdırırsan?!
Ey müsəlman! Namaza gəlməmişdən əvvəl özünü dərindən yoxla, əgər bunun kimi çirkin günahlar sənin daxilindən təmizlənməyibsə, gecikmədən tövbə et, Allahdan əfv dilə və etdiyin əməllərdən çəkinməyə çalış.
Beləcə müsəlman hər namazdan əvvəl bir anlıq özünü yoxlasa və daxilindəki xəstəlikləri aradan qaldırsa, buna adət edərək içindəki çirkin xəstəliklərdən tamam qurtula bilər. Qəlb daim təmiz və sinə həmişə pak olar. Bu cür xəstəliklərə rast gəlsə belə artıq onlara qarşı nifrət oyanar.
Namazda övrət və pis yerləri örtmək də əsas şərtlərdəndir. Lakin daxili övrətləri və pislikləri örtmək, zahiri pislikləri örtməkdən daha önəmlidir. Daxili övrəti isə başqalarından örtmək olsa da Allahdan gizlətmək mümkün deyil. Allahdır insanın daxili övrətlərini başqalarından gizlədən. ((Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir.)) (Taha, 7). Daxili pisliklərimizi gizlədə bilmədiyimiz üçün Allahdan həya etməliyik, əfv diləməliyik, etdiklərimizə peşman olmalıyıq və əməllərimizdən tövbə etməliyik. Beləcə biz daxili eyblərimizdən tədricən təmizlənə bilərik.
Dəstəmaz alarkən sən, əlinin, üzünün, ayaqlarının çirkini təmizləyirsən. Amma elə bilirsən ki, gözlərini baxdığı günahlardan, qulaqlarını dinlədiyi pisliklərdən, dilini tələffüz etdiyi nəlayiq sözlərdən təmizləməyincə Allah səndən bu dəstəmazı qəbul edəcək?! Əllərinlə, ayağınla batdığın günahlardan, yeyib-içdiyin haramlardan və insanlara verdiyin əziyyətlərdən qurtulmayınca sənin dəstəmazın nə fayda verər?! Bədən üzvlərini yumazdan əvvəl bu günahlardan təmizləmək lazımdır. Bədən üzvlərini böyük günahlardan çəkindirə bildinsə, Allahu Təala dəstəmaz vasitəsilə sənin kiçik günahlarını təmizləyər.
Osman bin Affandan (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; “Kim dəstəmaz alarsa və dəstəmazını gözəl şəkildə tamamlayarsa, onun xətaları bədənindən tökülüb ta dırnaqlarının altından çıxar.”
Ömər bin əl-Xəttabdan (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) belə buyurub; “Sizdən biriniz dəstəmaz alar, dəstəmazını tamamlayar və (Əşhədu ən lə iləhə illəllah vahdəhu lə şərikə ləhu və əşhədu ənnə muhəmmədən abduhu və rəsuluhu) deyərsə, 8 cənnətin qapıları onun üçün açılar, hansından istəyərsə daxil ola bilər.”
Dəstəmaz, onun bədəni günahlardan təmizləməsi və dəstəmazın yüksək fəziləti haqqında çox hədislər var. Dəstəmazdan əvvəl ayaq yoluna getmək, bunun ədəbləri və çirkinlikdən düzgün formada təmizlənməyə aid də hədislər var. Biz beləcə görürük ki, Peyğəmbərimiz (s.a.s) bizə hər bir şeyi xırdalığı ilə aydınlaşdırır və öyrədir.
Əlbəttə daxili və mənəvi təmizliklə yanaşı dəstəmazın zahiri faydaları da var. Dəstəmaz almaqla insan gündə 5 dəfə bədəninin əsas üzvərini təmizləyir və xəstəliklərdən uzaq olur. Lakin bizim əsas məqsədimiz, dəstəmaz almaqla yalnız xarici təmizliyi deyil, mənəvi təmizliyimizi də hiss etməkdir. Dərimizdəki natəmizlikləri bir-bir yumaqla, daxilimizdəki çirkinliklərdən də bir-bir təmizlənək. Dəstəmaz almaqla Allahdan bağışlanma diləyək, günahlarımızdan tövbə edək və etdiklərimizə görə daim peşmançılıq hissi keçirək. Bütün bunları həyata keçirərək sonra məscidə üz tutub Allahın hüzuruna gedərək Allahın sevgisini qazana bilərik. Allahu Təala Qurani Kərimdə buyurur ki; ((Həqiqətən Allah tövbə edənləri və təmizlənənləri sevir.))


Tarix: 12.04.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 928 Bölmə: Maraqlı melumatlar
loading...