Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Vətəndaşların məzuniyyət hüququ
Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda (bundan sonra “müəssisələr” adlanacaq) işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və əmək müqaviləsinin (bağlaşmasının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Əmək müqaviləsində (bağlaşmada) başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər.
Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir.
İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən əmək müqavilələrinin (bağlaşmalarının) şərtləri etibarsız sayılır.
Maddə 2. Məzuniyyət hüququndan istifadə edən işçilərin hüquqi təminatları
Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir.
Kollektiv müqavilələrdə (sazişlərdə) məzuniyyətdə olan işçilər üçün əlavə maddi, sosial-məişət təminatlarının verilməsi nəzərdə tutula bilər.
Müəssisənin tamamilə ləğv edilməsi halları istisna olmaqla, işverənin təşəbbüsü ilə məzuniyyətdə olan işçinin işdən çıxarılmasına və ya intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.
Maddə 3. Məzuniyyətin növləri
İşçilərin Məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri;
anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər;
ödənişsiz məzuniyyətlər.
Maddə 4. İşçilərin ayrı-ayrı kateqoriyalarının məzuniyyət hüququnun tənzimlənməsi
Bu Qanun kolxozların, kəndli və fermer təsərrüfatlarının, kooperativlərin, habelə yaradıcılıq ittifaqlarının üzvlərinə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada sosial sığorta ayırmalarını ödədikdə şamil edilir. Bu təşkilatların üzvlərinin əmək məzuniyyəti hüququnun təmin edilməsi şərtləri onların nizamnamələri ilə tənzimlənə bilər.
Hərbi qulluqçulara məzuniyyətlərin verilməsi onların xidmət etdikləri hərbi qurumların daxili nizamnamələri, həmçinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Onlara sosial məzuniyyətlər bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən verilir.
Müvəqqəti və mövsümi işçilərin məzuniyyət hüququ onlar işdən çıxarkən müqavilə müddətində işlədikləri vaxta mütənasib olaraq müvafiq pul əvəzi ödənilməklə həyata keçirilir.
Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.


Tarix: 06.07.2014 / 13:47 Müəllif: ADMIN Baxılıb: 263 Bölmə: Məzuniyyətlər haqqında qanun
loading...