Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2ci hissə..
2ci hissə..

May ayında Çinar kəndinin məktəbliləri ilə Əsrik kəndinin şagirdləri arasında vəngin ətrafında müxtəlif yarışlar keçirilərdi. Bu yarışlarda çox zaman Əsrikli uşaqlar qalib gələrdi... O zaman Bayat uşaq ağlıyla bunun səbəbini öyrənməyə çalışardı. Bu, bəlkə də erməninin qanına, canına hopmuş türk qorxusunun təsiri idi, bəlkə də yox, hər halda Əsrikli uşaqların yarışlardakı hər dəfəki qələbəsi hansı sirli bir gücünsə gözəgörünən işarəti idi. Başına gəlmiş bir hadisə də onun bu qənaətini gücləndirmişdi...
Qonşuları Məmmədəli kişi ilə Çinara səfərlərini xatırlayırdı... Hardasa, on yaşı olardı. Qonşuları Məmmədəli kişi Çinara balta və dəhrələrini itilətməyə gedirdi. Bundan xəbər tutan Bayat da ağaca-daşa döyəcləməkdən korşaltdığı baltasını qoltuğuna vurub Məmmədəli kişiyə qoşulub Çinarın yolunu tutmuşdu. Bu, Bayatın Çinara ilk gedişi idi. Vəngdən baxanda, kilsə yamacında yaşıllıqlar içində mavi göl kimi cilvələnən Çinar bir başqaydı, içinə girdiyi Çinar bir başqa. Əsrikdən fərqi çoxdu. Doğrudur, Çinarın sən deyən küçəsi, səliqə-sahmanı yoxdu. Amma içini itburnu kolları dolduran ağac şivlərindən çəkilən çəpərlərin arxasından görünən evlər daha düzənli və gözədəyəndi. Bacalardan burula-burula, yorğun-arğın qalxan tüstülərdən burnuna alışıq olmadığı qoxular gəlirdi. Bu yad qoxu Bayatın içinə dolur, başını gicəlləndirir, ürəyini bulandırırdı. Yoldan evlərə burulan cığırların kənarlarında gərmə yığını gözə dəyirdi, gərmənin çevrəsi püşqarışıq üzüm, tut, alma cecəsi ilə dolu idi. Çinarın samaqonu-meyvə arağı adnan söylənirdi. Doğrudur, Bayatın bu erməni matahından bəhrələnən yaşı deyildi. Amma axşamlar Əsrikdəki evlərdən eşidilən qalmaqaldan bu evə davanın araq üstə düşdüyü bəlli idi. Nə olub? - sorusuna:
- Başı batmış, yenə erməninin samaqonundan içib başını itirib, - cavabı gələrdi.
- Köpək uşağı bizim kişiləri də özlərinin gününə salejaxlar.
O biri səs cavab verirdi:
- Azz, bu kənddə bu qədər erməni ustası işləyib, heç görübsən biri içib ağlını itirsin, onu de bizimkilərə, itin qursağı yağ götürməz ki? Erməni o andır qalmışını elə bizim başıboşlar üçün belə sərt çəkir də.
Bayat bunları düşünə-düşünə fikirləşirdi ki, yəqin bu başını xarab edən qoxu zəhirmar, elə o cecələrdən gəlir.
- Cecəsi belə baş dumanlandıranda indi gör arağı nə təhərdir?
Kəndin ən gözədəyəni isə süd dolu məmələri az qala yerlə sürünən, çevrəsində 10-15 çoşkası nırçıldayan anaş donuzlar idi; iyi almış kimi dağ yolundan gələnlərin buralar adamı olmadığını anladıqlarından da uzun, ətli xortumlarının altından xosunlaşırdılar. İki çəpərin arasına sıxışmış dar yol Bayatgili dəyirmana doğru aparırdı. Çaydan yamaca qaldırılan dəyirman arxı iki tərəfindən də çevrəsinə söyüdləri alıb aşağıya, donuzluğuna doğru irəliləyirdi. Əsrikdə dəfələrlə eşidib bir anlam vermədiyi bu "dəyirmanın donuzluğı " deyimi burada lap yerində səslənirdi. Arxdan kənarlara sızan qaçaq su bərabərində əvəlikli, lilparlı bir halə yaratmışdı. Dəyirman arxı eyni zamanda kiçik elektrik stansiyasının da pərlərini hərəkətə gətirirdi. Çinarda elektrik enerjisi ilə işləyən dəyirman vardı, bunu Bayat əvvəlcədən də bilirdi. Dəyirmanın sağ əlində çardağın altında ev alətlərini itiləmək üçün kiçik bir sex də vardı. Dəyirman arxından bir az aşağıda sahili yamyaşıl ot və mamırla çevrələnmiş dağ çayı üfüqdən aldığı yaz günəşinin sönük şəfəqlərini də sularına qatıb arana tərəf qoşmağında idi...
Məmmədəli kişi ilə yol getməyin də ayrı bir aləmi vardı. Yol boyu dodağının altında elə hey qımqımı çalıb-oxuyur, gümüldənirdi:

Payız aylarında bu vaxtı məni,
Unutdu dostlarım, buraxdı məni.
Qəza pis yerimdə nə yıxdı məni,
Eyləyin toyunuz mübarək olsun.

Bayat Məmmədəli kişinin özündən söz qoşduğunu bilirdi. Onu da bilirdi ki, kəndə toy keçirməyə gələn aşıqlar bəlkə elə Məmmədəli kişiyə görə çəkinə-çəkinə gəlirdilər. Necə olsa, kənddə sazdan, sözdən bu qədər anlayan, anlamağı bir yana dursun, söylədiyi qoşmaları dillərə düşən bir el ağsaqqalı var. Əslində, kənddə şeir qoşan təkcə Məmmədəli kişi deyildi ki? Kimi qurdalasan şeirlə cavab verirdi. Qoşanı məlum olmayan həcv və "poxlamalar" kəndi ağzına götürərdi. Söz qoşan bir deyil, iki deyildi ki, yaxasından yapışaydın, ona görə də hər kəs bir-birindən şübhələnərdi. Amma Məmmədəli kişi bir başqaydı. Onun öz yeri, öz ağırlığı, sözünün çəkisi vardı. Bayatın da bu kənd dalğasında içində ilham qığılcımları közərməyə üz tutmuşdu, o da kimsəyə göstərməsə də şeir cızmaqaralamağa başlamışdı. Həm də özünü Məmmədəli kişiyə bənzətmək istəyirdi. İndi bu səfərdə balta, dəhrə itilətmək bir bəhanə idi, əsas Məmmədəli kişi ilə belə bir səfərə çıxmaq və bəlkə ondan sözün sirrini öyrənməkdi...
Məmmədəli kişi Çinara bəlkə başının tükü sanı gəldiyindən bu yerlərin hər qarışına bələd idi.Və çardağa çatar-çatmaz:
- Mıkırtıç kişi, ay Mıkırtıç kişi, - deyə çağırmağa başladı. Bayat belə bir erməni adını ilk dəfədi ki, eşidirdi, içində öz-özünə:
- Ad qoyan, atana lənət, belə də ad olarmı, ə? Bütün samitləri elə bil qəsdən bir yerə yığıblar ki, birdən ayrı düşüb itərlər...
Qarşıdakı tox evin zirzəmi qapısının cırıltısı eşidildi. Sanki cavab verən Mıkırtıç kişi idi, səs də ondan gəlirdi. Amma Bayatın düşüncəsinin əksinə his basmış qapının arxasından elə onun yaşda bir erməni dığasının başı uzandı. Dodağının altında ermənicə nəsə söylədi. Sifətindən zəhirmar tökülürdü. Bayata elə gəldi ki, bu erməni uşağının onun ürəyindən keçənlərdən xəbəri var, yoxsa niyə Məmmədəli kişiyə yox, ona belə qanlı-qanlı baxırdı: mən ona nə eləmişəm ki? Sanki Məmmədəli kişi də onun dilini anlamış kimi, yamsılayaraq:
- Ara, a dığa eli, Mıkırtıç kişi evdəmi? Onunla bu günə vədələşmişdik, bizim kəsərləri itiliyəcəkdi...
Dığa başının işarəsiylə "Yoxdur" dedi və içəri girməyi ilə çıxmağı bir oldu. Bayatgilin dilini anladığı, amma qəsdən danışmaq istəmədiyi hər halından bəlli idi. Bir şey söyləmədən özünü çardağın altına verdi... Düyməni basmağıyla çarx işə düşdü, hirsli-hirsli Məmmədəli kişinin alətlərini itiləməyə girişdı. Onsuz da qara olan sifəti bir az da qaralmışdı. Dodaqları kəlbətin ağzı kimi kilidlənmiş, gözləri fırlanan daşla dəhrə tiyəsi arasında qalmışdı. Dığa Məmmədəli kişinin kəsərlərini itilədikdən sonra, növbə Bayatın alətlərinə çatmışdı. Amma dığa o yanlıq deyildi, düyməni basıb motoru dayandırdı. Məmmədəli kişi ağzına su alıb susan, altdan-altdan baxan dığaya üzünü tutub: -- Ayə, ay Allahın ermənisi, niyə matoru söndürdün, bə bu uşağın baltası nə olsun?
Məmmədəli kişi hirsləndiyindənmi, ya nədənsə bu dəfə ermənicə yamsılamağa da ehtiyac duymamışdı. Kişinin inadı faydasız idi. Erməni dığası Bayatı göstərib:
- "Türke dığa", "türke dığa" deyə-deyə özünü çıxdığı yerə- qarşı binanın zirzəmisinə təpdi. "Dığa" sözü Bayatın yadına kənddə oynadıqları uşaq oyunlarını, təkərləmələri saldı: "A dığa, dığa, şan dığa, səni göndərim pamığa". Ya da ilk dəfə erməni bənnalarının bir-birinə işarası söylədikləri anlamı bilinməz: Hires, hires manqiles, burnotu bol, bol kəses, köhnə kaşa yeqala" misraları beynində gümüş zəncirə dönüb cingildəməyə başlamışdı. Yarıtürk, yarıerməni sözqarışımından qoşulan bu sözlərdə onsuz da erməniyə qarşı bir sevgi də yoxdu. Buna görə onların tam mənasını öyrənmək Bayatın indiyə qədər heç ağlına belə gəlməmişdi. Bəlkə birindən soruşub öyrənə bilərdi.. Bəzən anlamadıqlarımız anladıqlarımızdan daha vacib olur. Və Bayat uşaq ağlı ilə anlayırdı ki, insanın ruhunda elə bir şey var ki, eşitdiyini tamı tamına anlamadan da keçinə bilir. Bu mübhəmliyin həzzi bir başqadır. Və "Türke dığa" sözcüyünün arxasında da başa düşülməyənin başa düşə biləcəyi bir kinin olduğunu Bayat indi anlamışdı. O, hardan biləydi ki, ağıl çox zaman ruhun qapalı dünyasındakı sirri anlamaqdan aciz olur. Bayatın o zamana qədər nəyin pis, nəyin yaxşı olması haqqında bir elə təsəvvürü də yoxdu, belə yerdə demirlərmi nə evlərində bişmişdi, nə qonşularında görünmüşdü. Doğrudur, anası yeri gələndə nəyin yaxşı, nəyin pis olması haqqında ona bəzi şeylər söyləyirdi, amma məktəbdə keçdikləri cansıxıcı dərslərdə bu xüsusda bir şey öyrənmək mümkün deyildi... Həqiqətin harda, yalanın harda olduğunu öyrədəcək bir kitab da yoxdu. Çətini bir yalanı danışana qədərdi, sonrası gəlir, bir dəfə uydurduğun yalanı sonra həqiqət kimi orda-burda danışırsan. Çünki uşaq xəyal dünyası yalanlar, mübaliğələr uydurmağa acdır, edə bilmədiklərini edə bilmiş kimi göstərmək uşaqların köhnə adətidir. Bayat ən azından bunu bilirdi.
Nə Bayat, belə görünür, nə də Məmmədəli kişi ermənicə bilmirdilər. Onu denən ermənilərə. Çinar kəndinin Əsriyə işləməyə gələn bütün erməniləri türkcə bıdır-bıdır ötürdülər. Bir də Əsriyə yalnızca bənnalar gəlmirdi ki? Əsriyin taxıl zəmilərini çox zaman ermənilər biçərdi. Başlarına yaylıq, bellərinə şal bağlayan erməni biçinçiləri kəddə hətta qəlibləşmiş bir deyimə də dönüşmüşdü: "Nə belini erməni biçinçisi kimi bağlayıb gəzirsən".

Dığa türkcə bilirdisə də danışmaq istəmirdi, istəmədiyindən də özünü zirzəmiyə vermişdi, yəni babam mənə sənin kəsərlərini deyib, daha bu türk dığasınınkını yox. Bunu bilməyə nə vardı ki?! Erməni dığasının bomboz üzü sözə ehtiyac yeri buraxmamışdı.
Kor-peşman geri qayıdırdılar, gələndə yol eniş olduğundanmı, yoxsa baltasını itilədə biləcəyindənmi qov kimi yüngül idi. Dönəndə işinin avand getmədiyindənmi, yoxsa kəsəri qoltuğunda küt qaldığındanmı, ya nədənsə yoxuşu çıxmaqda çətinlik çəkirdi.Yol sanki baltasının küt ağzı kimi yomrulmuşdu. Onun ta ilk uşaqlıq çağlarından gələcək hadisələrin içinə dalmağı vardı. Bir də görürdün səbəbini bilmədiyi bir hal onun əhvalını dəyişir, canı sıxılırdı. Səbəbini tapana qədər də beləcə davam edirdi. Bu hal onu hələ uzun zaman qarabaqara izləyəcəkdi... Kəndlərindən səhərin tülküdurmazından Çinara yola düşdükləri zaman da qanı qara idi. Yol boyu Məmmədəli kişi ayından-oyundan söz açıb onu danışdırmaq istəsə də, Bayat "hə", "hı" ilə canını qurtarmışdı. Halbuki, kəndin söz ustası Məmmədəli kişi ilə uzaq yola çıxmaq onun Allahından idi. Bəlkə girəvə tapıb ucundan-qulağından şeirdən, sənətdən də bir şey öyrənə bilərdi. Bu dünənki arzusu idi. Bu gün isə...
Hələ kəndin çıxacağına çatmamışdılar ki, qarşıdan üstünə ot şələlənmiş bir eşşək gəldiyini gördülər. Az keçmədən eşşəyin yükünün arxasından yosma boylu, 55-60 yaşlarında üz-başını çallaşmış tük basan bir adam göründü. Adam görünər-görünməz Məmmədəli kişi sanki canlandı:-Ay səni Mıkırtıç kirvə, adə evinə qonaq çağırıb özün də bizim Qurbanəli bəy kimi sıpxıb aradan çıxmısan, bizi əl boyda bir dığanın umuduna buraxırsan, adə, bə belə də iş olar?
Onların qənşərində ayaqları yerə mıxlanan eşşəyin burun pərləri açılıb-örtülməyə başladı, sanki qarşısına çıxanların kim olduqlarını qoxularından bilmək istəyirdi. Ağlı bir şey kəsmədiyindən, ya nədənsə, qarşısını kəsən bu iki qaraltıyla sahibinin başının söhbətə qarışdığını görüb fürsət bu fürsətti deyib, yük altında canı sıxılsa da, yolun kənarında ağac kimi böyümüş itburnu kollarının tikənli yarpaqlarının dodağını dalamağına əhəmiyyət vermədən, hardan gəldi ordan qırpıb həzmi-rabidən keçirməyində idi. Yeni biçilmiş ot ətri cecə qoxusuna qarışıb başqa bir ətir yayırdı. Mıkırtıç kişi onları görüb çaşmışdı, bilmirdi özünə necə bəraət qazandırsın, ikidə-bir əlini cod saqqalına çəkir, sanki bununla da qarşısındakılara verəcəyi cavabı fikirləşmək üçün vaxt qazanırdı. Və birdən Bayatın ağlına gəldi ki, yalnız qarşısında dayanan bu Mıkırtıç deyilən kişi deyil, indiyə qədər gördüyü bütün ermənilər saqqallı idi, elə bil hamısı yas içindədir, kiminsə yasını tuturlar. Doğrudur, Əsrikdə də saqqallı kişilər vardı, amma onlar daha çox gününü görüb, dövranını sürmüş ixtiyarlar, ya da yaslı olanlardı. Bayatı xəyaldan qarşısındakı saqqallının ciy-ciy səsi oyatdı:
- Ara, eli, man sani ahşama gözlüyordum, na tez geldin, bu dığa kimin, səninmi, öyünüzü dikəndə hiç gözümə dəyməmişti...
Məmmədəli kişi Mıkırtıçın sözünü ağzında qoydu:
- Arə, ay imansız, dinsiz erməni, arə, bə sənin Allahın, bəndən yoxmu, bir dığanı da bağlamısan yerinə, o da nə bəndə tanıyır, nə Allah.
- Arə, o bənim navəmdi dayna. Bə it küçüyünə eli, sənin gələcəyini söyləmiştim, demiştim işti, bir az gec kalaram gəlan kimi sanin işini görsün və man gələnə kadar da səni bırakmasın. İmdi bahdım patlanı, dəhrəni ülgüc kimi etmiş, daha nə istəyirsən eli, ha man, ha navəm. Ha o başka şey ki səni evdə tutmamış, imdi kulağını çəkəcəyəm o it küçügünün.
- Ara, sən mənim baltama, dəhrəmə baxma, bu, bizim qonşunun oğlu, onun baltasına bax. Yaradanı yanılmış nəvənin erməniliyi tutdu, itiləmədi uşağın kəsərini...
Mıkırtıç kişi:
- Vah, it küçüyü, vah, bir gör da onun başına nə uyun açacam.
Yenidən kepkası sökük çardağın altındaydılar. Mıkırtıç kişinin qışqırığından "it küçüyü" də yeraltı zirzəmidən gün işığına çıxmışdı. Mıkırtıç kişinin səsi kəndi başına götürmüşdü, öz dilində söyür-söyür söylənirdi. Erməni dığası matoru işə salmışdı, dodağının altında bir şeylər söyləyirdi: Türke dığa, türke dığa!


Tarix: 09.06.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Məmməd İsmayıl - "Bayat"
loading...