Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səməd bəy Mehmandarov

Səməd bəy Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Naziri, sovet hərb xadimi.

Həyatı

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi.

Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: "Mehmandarov nadir artileriyaçıdır".

General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.

1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.

General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.

General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.


Tarix: 11.01.2013 / 14:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 574 Bölmə: Müxtəlif
loading...