Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağda sənət və sənətkarlar (kitab)

Kitabın mövzusu

Yazıçı-jurnalist Ənvər Çingizoğlu və memarlıq doktoru Rizvan Qarabağlının “Qarabağda sənət və sənətkarlar” adlı kitabı işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Ş.Fətullayev-Fiqarov, redaktoru Vasif Quliyev, rəyçiləri sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevadır.

Kitabda ilkin olaraq Qarabağda sənət və sənətkarlar geniş təhlil edilib, memarlıq, xəttatlıq, metalişləmə, misgərlik, dəmirçilik, zərgərlik, toxuculuq, xalçaçılıq və s. tədqiq olunub. Nəşrdə Qarabağ Azərbaycanın qədim sənət, həm də mədəniyyət mərkəzi kimi göstərilib. Orta əsrlər dövrü dekorativ-tətbiqi incəsənət ustalarından beyləqanlı dulusçular Əli ibn Əzizi, Fədlun Beyləqani, Əhməd ibn Fədlunu, Xəttabi, Nəsiri, Yusifi, Təbrizi, ağac və döymə üzrə usta İzəddin İbrahimi və başqaları barədə məlumat verib.

Kitabda “Qarabağ” sözünün mənası ilə bağlı Azərbaycanın və digər ölkələrin görkəmli alimlərinin maraqlı fikirləri də verilib. Bəzi tədqiqatçıların fikrinə görə, Qarabağ tarixi-etnoqrafik əyaləti adını qədim Qarabağ şəhərindən alıb. Toponimçi Rəmzi Yüzbaşov Qarabağ şəhərinin VII əsrdən mövcud olduğu və XVIII əsrdə süqut etdiyi fikrində olduğu verilir. Alman səyyahı (XVII əsr ) Adam Olearinin tərtib etdiyi xəritədə Qarabağ şəhəri indiki Füzuli rayonunun Horadiz dəmir yol stansiyasından şərqdə, cənubi Azərbaycanda, Aslanduz kəndi yaxınlığında Qarasu çayının Araz çayına tökülən mənsəbinə yaxın ərazidə olduğu göstərilib.

Kitabda nəticə olaraq bildirilir ki, Qarabağda ən qədim zamanlardan müxtəlif sənət sahələri təşəkkül tapıb. Zaman keçdikcə isə inkişaf edib və təkmilləşib. Nəşrdə o da qeyd edilib ki, Qarabağ sənətkarları Şərq, İslam və türk mədəni dəyərlərinin bənzərsiz örnəklərini yaradıblar. Qarabağda sənət Azərbaycan üçün ümumi olan “müsəlman sənəti” sisteminin daxilində inkişaf edib, həmin sənət xəzinəsini özünəməxsus və nadir dəyərlərlə zənginləşdirib... O da göstərilir ki, Qarabağ ərazisi “şimal imperiyası”na ilhaq olunduğu vaxtdan siyasi müstəqillik imkanları itib. Bununla da, həmin vaxtdan ictimai-iqtisadi, həm də mədəni inkişaf istiqamətləri müəyyən dərəcədə dəyişib...


Tarix: 14.03.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Kitablar elm
loading...