Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaç daşları və xaçkarların fərqi

Alban xaçdaşlarının obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini somvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonralar isə üç dinin təsiri altında təşəkkül etmişdir. Xaçdaşların bütün özümlülüyü, orijinallığı və xaçkarlardan əsaslı fərqi də bundan irəli gəlir. Hərçənd ki, hər ikisi xristian dininə etiqad edən xalqların xatirə abidələridir[6].

Alban qəbir, xatirə və sərhəd stellalarının, xaçdaşlarının yaranmasında, mütəxəssislərin qeyd etdiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışlar. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç onların yeni xristian dininə aid olduğunu təsdiq edir.

Azərbaycan respublikasında Culfa rayonu ərazisində Cuğa alban məzarlığında müxtəlif dövrlərə aid alban stelaları

Şamaxı rayonu, Xınıslı yaşayış yerindən aşkarlanmış tunc dövrünə aid 3 metr hündürlükdə olan qadın bütü, Azərbaycan Tarix Muzeyi

Əgər erməni xaçkarlarında simvolik və bədii traktovkanın əsasında bütün kompozisiyanın və bəzək tərtibatının tabe olduğu xaç təsviri durursa, alban xaç daşlarında xaç obrazı adətdən dərinlik və hündürlük üzrə ümumi, çoxpilləli bədii traktovkada əriyib itən bir neçə – 2, 4, 6 kiçik xaçlara xırdalanaraq sanki bəzək tərtibatına qarışır. Bu xaçlar öz həllin görə xristianlıqdan əvvəlki həyat ağaçlarının təsvirlərinə yaxınlaşır. Xaçdaşlarda xaç əsas deyil, əksinə stellanın tam bitkin bədii həll olunmuş obrazıdır.

Əgər xaçın adətən çatmatağlı tağçada, bir növ stilizə olunmuş müsəlman mehrabında yerləşdiyini, onun yuxarısında və aşağısında tamamilə bütpərəstliyə məxsus mövzuda təsvirlərin olduğunu nəzərə alsaq xaçdaşların xaçkarlardan əsas fərqi aydınlaşmış olar. Xaçkarların obrazı həmişə birmənalı olaraq xristian dininin bədii kanonlarına tabe olurdu.

Alban xaç daşları axar-baxarlı plastikliyi, fikir dərinliyi və əsrlər ərzində təşəkkül tapmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, incəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq – bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur. Mütəxəssislər alban xaç daşlarını bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölürlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaçdaşlarıdır.

XIX əsrin əvvəllərində Cənubi Qafqazda kök salmış ermənilər özlərinin "böyük fəlsəfi təfəkkürə malik xalq" və digər millətlərdən üstün olduqlarını göstərmək üçün son zamanlar öz dini rəmzlərinin, xaçlarının təkmilləşdirilməsi ilə məşğul olurlar. Onlar sadə, heç bir bədii məna kəsb etməyən erməni xaçlarının bu cür yeniləşməsində alban xaç daşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə edirlər. Qeyd etmək yerinə düşərdi ki, erməni dini simvolları və rəmzləri, xüsusilə xaç təsvirləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni-qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni-qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar. Bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitədən başqa bir şey deyildir.

Alban stelalarını araşdıran mütəxəssislər belə bir nəticəyə gəlmişlər ki, onlar qədim antropomorf incəsənət əsərlərindən əmələ gəlmişdir. Azərbaycanın Şamaxı rayonu ərazisindən aşkarlanmış tunc dövrünə aid üç metr hündürlüyündəki daş qadın bütü müəyyən mənada bunu sübut edir. Həmin daş əsər AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, ted R. Göyüşov tərəfindən tədqiq edilmişdir. Tədqiqatçı qeyd edir ki, bu qədim incəsənt əsərinin sözsüz ki, dini əhəmiyyəti olmuşdur. Erkən orta əsrər alban stelalarının antropomorf mənşəyi haqqında müxtəlif araşdırmaçıların fikirləri ərazisinin böyük hissəsi, həmçinin tarixi Qafqaz Albaniyasına aid olan Azərbaycan və Dağıstanın bir çox qəbir daşları ilə təsdiq olunur. Dağstanın bir çox stelaları düzgün insan başı nəzərə çarpdırılmış antropomorf formada həkk olunmuşdur.[30]

Araşdırılmış üç müsəlman başdaşı və onların ətrafında yerləşən bir çox stelalar göstərmişdir ki, dini-bədii vasitələrin müxtəlifliyinə baxmayaraq onlar bütün tarixi Azərbaycan ərazisində yayılmış islamdan əvvəlki dövrə aid stelalar – xaçdaşlar ilə vahid forma və simvolikada həll olunmuşdur. Bütün bunlar istər xristian və istərsə də müsəlman başdaşları öz yaradıcılığında daha qədim mədəniyyətlərin mərasim simvolikasından azad olmayan bir xalqın – Azərbaycan xalqının xatirə yaradıcılığının xarakterik əlamətidir.

Qafqaz albanlarının (sonrakı dövrdə Azərbaycan türklərinin) mifologiyasında dünyanın çoxpilləli idrakı onları hündürlüyü eninə nisbətən – ikidən beşə qədər və daha çox dartılmış nisbətlərlə stelalar (xaçdaş, başdaşı, niçandaş və s.) yaratmağa məcbur etmişdir.

Ermənistanın monoteist xristian plastikasında isə xaçkarlar daha yığcam nisbətlərdə yaradılırdı. Xaçkarların hündürlüyü eninə nisbətən 1, 25 dən 1, 75 dəfəyə qədər artlq olurdu. Tək-tək hallarda enindən iki dəfə hündür götürülürdü.

Xristian ikonoqrafiyası, müsəlman dekoru və bütpərəstlik simvolikasının, xristianlıq və ya islam dininə sərbəst etiqad edən albanların (azərbaycanlıların) xatirə əsərlərində çarpazlaşması onların əsas fərqləndirici əlamətidir ki, bu da Cuğadakı və azərbaycanın başqa yerlərindəki qəbristanların yüzlərlə stelalarında xüsusi əyanilik və maraqla izlənir.


Tarix: 12.03.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Kilseler
loading...