Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artsak xaçdaşları

Bu tip xaçdaşlar əsasən Xocalı, Ağdərə, Tərtər, Gədəbəy, Şuşa və digər rayonlar ərazisində aşkarlanmış və tədqiq edilmişdir. Onlardan ən maraqlı nümunələrdən biri 1633-cü ildə hazırlanmış Xaçvari Artsak xaçdaşıdır. Bu xaçdaş da Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur. Göstərilən xaçdaş SSRİ vaxtında qanunsuz olaraq Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə aparılmış və hazırda da Ermənistan respublikasının Üçmüədzin şəhərində saxlanılır[15].

Onun formasının daş xaç şəklində olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantını xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur. Xonçanın mərkəzində bərabəryanlı xaç (erkən alban xaçı) təsviri vardır, onun da kəsişmə nöqtəsində kiçik dairəvi xonça yerləşir.

Bütün kompozisiya xristian qəbir daşının sintezləşdirilmiş obrazında birləşən günəş, işıq və məhsuldarlıq simvolu kimi həll olunmuşdur. Günəş emblemi arxasındakı həyat ağacı – xaç, həmçinin günəşi təmsil edən simvolik pilləli dağdan yüksəlir.[16] Bu isə qədim Azərbaycan ərazisində əzəldən bəri tətbiq olunan səciyyəvi üslubdur.

XIV əsrə aid başqa bir Artsak xaşdaşı isə tamamilə başqa bir üslubda icra olunmuşdur. Stelanın bütün səthi çoxlu tematik təsvirlərlə bəzədilmişdir. Dekor prinsipi onu Cuğanın alban xaç daşları ilə, xaçın şəkli və hörmə naxışları isə Kəlbəcərin çahartağ xaçdaşları ilə oxşardır. Stelanın yuxarı hissəsindəki qanadlı dairədə (qanadlı dairə Ahura-Mazdanın rəmzidir) tanrının dini-simvolik təsvirləri verilmişdir. Onun hər iki yanında üç mələk və iki əshabə, aşağıda isə biri çox sınmış iki şeytan sifəti təsvir olunmuşdur.


Gəncəsər monastırında (Xaçın knyazı I Böyük həsəin xatirəsinə, XIII əsr) və Böyük Məzrə kəndində (Alban knyazı Amir Qriqor Nerseyin xatirəsinə, 881-ci il) alban xaç daşları

Stelanın yuxarı üçdə birində, hər iki yanda enli çərçivədə iki atlı – solda nizəylə əjdahanı öldürən Müqəddəs Georgi, sağda isə yuxarı qaldırılmış əlində məşəl tutmuş atlı təsvir olunmuşdur. Xaçın hər iki tərəfində iki uçan insan fiquru verilmişdir, onlar pis qaldığından kimləri təsvir etdiyini müəyyənləşdirmək mümkün olmayıb[15].

Təsvir olunan heykəllər kompozisiyası xristian və mitraist-zərdüştilik simvolikasının birləşdiyinə parlaq sübutdur. Stelanın aşağı hissəsində yastı fəza şəklində zəngin ornamentli xonça – günəş təsviri verilmişdir. Günəş dairəyə alınmışdır, ondan budaqlanmış həyat ağacı – xaç qalxır. Bu xaçdaş da SSRİ vaxtında qanunsuz olaraq Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə aparılmış və hazırda Ermənistan respublikasının Üçmüədzin şəhərində saxlanılır[15].

1511-ci ildən alban katolikoslarının iqamətgahı olan Gəncəsər monastırı ərazsində də Azərbaycan tarixinin həmin dövrünü özündə əks etdirən və qiymətli tarixi abidələr kimi dəyərləndirilən xaçdaşlar saxlanılmışdır. Azərbaycan monqollar tərəfindən işğal olunarkən (1235 – 1236[17]) Gəncəsər monastırının inşaatçısı və sahibi, xaçın knyazı Həsən Cəlal onların müttəfiqi olur. Çünki, monqolların da əksəriyyəti xristian idi.

Memar F. Miralayev tərəfindən monastır ərazisində tədqiq edilmiş bir xaçdaş həmin hadisələrlə bağlıdır. Daşın aşağı sağ tərəfində səciyyəvi xələt və papaq geymiş, əlində nizə tutmuş iki hörüklü monqol süvarisinin təsviri vardır. Mütəxəssislər qeyd edirlər ki, bu, yəhər-qayışlara və geyiminə görə şübhəsiz ki, monqol hərbi rəislərindən birinin təsviridir[15]. Göyçə gölü sahilində qeydə alınmış bir xaç daş da (erməni alimləri bu xaçdaşı erməni xaçkarı adlandırırlar) bu tip xüsusiyyətlərə malikdir və sırf monqol mənşəlidir.[18]

Əlində nizə tutmuş monqol süvarisi təsvir olunan digər xaçdaş üzərindəki yazıya görə 1274–cü ildə Gəncəsər monastırının təmiri şərəfinə yaradılmışdır. 1295–ci ildə Qazan xan tərəfindən İslam qəbul edildikdən sonra, görünür xristian ruhaniləri birinci stelanı sındırmış, ikincisindən isə monastır yeməkxanası tikilərkən atma kimi istifadə etmişlər və o, hal-hazırda da çevrilmiş vəziyyətdə orda durur. Həmin xaçdaşda təsvir olunan döyüşçünün Həsən Cəlalın qızı Ruzukanı ərə verdiyi Carmağan Boro Noуonun oğlu olduğu güman edilir.[19]

Gəncəsər monastırının içərisində də iki xaçdaş vardır. Onlardan biri Alban Xaçın knyazlığı hökmdarı Vaxtanq və Xorişə xatunun oğlu Həsən Cəlala həsr olunmuşdur.[20] Həsən Cəlal xaçdaşın qoyulduğu yerdə dəfn edilmədiyinə görə göstərilən xaçdaş təmiz ktitor (bani) təyinatlıdır. Stelanın bədii-simvolik həlli Qafqaz Albaniyasının ümumi dini-ritual kanonlarına tabe edilmişdir: aşağı hissədə yarımdairəvi haşiyə içərisinə alınmış atlı və onun yanında başını itaətkarcasına aşağı əymiş kişi fiqurundan başlayaraq hər şey alban kanonlarına riayət edilməklə yaradılmışdır. Bu kompozisiya Xaçın knyazı Həsən Cəlalın hamisi "dünyanın hökmdarı" monqol Manqu xanı təsvir edir. İtaətlə dayanmış knyazın vassal, asılı olduğu aydınlaşır. Yeraltı səltənətə simvolik girişdən yuxarıda mərkəzində günəş rəmzi – xaç olan olan dairəvi xonça təsvir olunub. Bu rəmzdən həyat ağacı – xaç yüksəlir, onun üstündə üç, yanlarında bir neçə kiçik xaçlar – müdriklik və idrak ağaçları yerləşir. Stela üç tərəfdən dekorativ haşiyəyə alınıb. Həsən Cəlala məxsus stelanın yanında yerləşən, siluetinə görə ona çox oxşayan, lakin bir qədər başqa şəkildə traktovka olunmuş xaşdaş isə güman ki, onun oğluna aiddir[15]. Hər iki xaçdaşda üçpilləli simvolika – dünyanın quruluşunun bədii izahı verilmişdir. Lakin bu ikinci xaçdaşda o qədər də qabarıq ifadə olunmayıb. Dekorativ kəmrdən sonra aşağı hissədə böyük, zəngin naxışlar vurulmuş şüalı xonça – özgə dünyaya giriş, ondan yuxarıda simvolik dağdan – üçbucaqdan ucalan xaç – həyat ağacı yerləşir. Simvolik dağ qədimdən müqddəs hesab olunur və təkcə Azərbaycanda deyil, türklərin yaşadığı bütün ərazilərdə dağ kultu geniş yayılmışdır. Günəşə sitayiş də qismən bununla bağlıdır[21] və eyni zamanda o, ümumiyyətlə yerin toplayıcı obrazı olan ilk torpağı təmsil edir.[22] Sonuncu traktovka əslində daha yaxındır, belə ki, göstərilən üçbucaqdan xaçın aşağı hissəsinə sarılmış iki qollu budaqlı gövdə yüksəlir[15]. Gəncəsər monastırındakı iki xaçdaş Qafqaz Albaniyasında dini plastika və memarlığın sintezinin parlaq nümunələri olaraq daha qədim Xudavəng monastır kompleksindəki cüt xaçdaşların mövzusunu təkrar edir.


Tarix: 12.03.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Kilseler
loading...