Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik zamanı ürəkbulanmasıHamiləlik zamanı ürəkbulanması

Hamiləlik zamanı qadınların bir çox hissəsi ürək bulanması halları ilə üzləşir. Adətən ürək bulanması qadınlarda hamiləliyin əvvəlində olur və bu simptom baş vermiş hamiləliyin ən birinci simptomlarından sayılır.
Lakin əgər qadın bu hallarla üzləşmirsə, narahat olmağa dəyməz. Bəzi qadınlar hamiləliyin əvvəlindən axırına kimi ürəkbulanmasını hiss etmir. Bu heç bir "anormallığın" əlaməti deyil, əksinə bu əsl müvəffəqiyyətdir.
Onu da nəzərinizə çatdıraq ki, əgər hamiləliyin ilk həftələrində (10-cu həftəsinə kimi) qadında ürəkbulanması hissi birdən tam yox olarsa (dünən var idi, bu gün isə yoxdur), bu hamiləliyin pozulmasından xəbər verə bilər. Bu halda mütləq həkimə müraciət etmək və USM-dən keçmək lazımdır.
Adətən ürəkbulanması hamiləliyin 5-ci-6-cı həftəsində başlayır və 11-ci-12-ci həftələrində tam yox olur. Bəzi hallarda isə bu hal hamiləliyin 16-cı həftəsinə kimi davam edir (çoxdöllü hamiləlik zamanı, qadında mədə-bağırsaq sistemi xəstəlikləri olduqda və s.).
Bəzi qadınlarda ürəkbulanması hamiləliyin əvvəlində deyil 2-ci və hətta 3-cü üçaylığında başlayaraq yalnız doğuşdan sonra yox olur. 3-cü üçaylığında başlayan ürəkbulanması adətən böyümüş uşaqlığın mədəyə olan təzyiqindən irəli gəlir və qadın həddən artıq çox qida qəbul etdikdə əmələ gəlir. Bu halda qadına daha tez-tez və az miqdarlarda əsasən suda və ya buğda bişmiş qidaları qəbul etmək tövsiyə edilir.
Ürəkbulanması hamiləlik toksikozlarının əlamətlərindən biridir. Hamiləlik toksikozlarının inkişaf etmə səbəbləri hələ də müasir tibbdə axıra qədər aydınlaşdırılmayıb. Səbəblər arasında qadının hormonal fonun dəyişilməsi, qadının immun sisteminin dölün hüceyrələrinə olan reaksiya, psixoloji faktorlar, irsiyyət və s. qeyd edilir.
Həkimlərin müşahidələrinə görə, mədə-bağırsaq sistemində xəstəlik və pozulmaları olan qadınlar ürəkbulanması, qusma, qıcqırma və s. hallarla daha tez-tez üzləşir.
Ürəkbulanması hissi adətən qadın səhər yataqdan qalxdıqda əmələ gəlir. Kəskin hərəkətlər, iylər, bəzi qidalar qadının vəziyyətini daha da ağırlaşdırır.
Statistikaya əsasən, erkən toksikoz hallarından 10 qadından 6-sı əziyyət çəkir. Lakin xüsusi müalicə yalnız 10 qadından 1-nə tələb oluna bilər. Digərlərinə müalicə tələb olunmur və bir müddət keçdikdən sonra ürəkbulanması onlarda özü-özündən keçir. Qadında olan ürəkbulanması dölün inkişafına və hamiləliyin gedişinə heç bir mənfi təsir etmir. Lakin ürəkbulanması qusma ilə müşahidə olunursa və bu qusma gündə 5 dəfədən artıq baş verirsə, bu hamiləlik üçün təhlükə yaradır və bu səbəbdən xüsusi müalicə tələb edir (bəzən hətta xəstəxana şəraitində).
Ürəkbulanması yalnız səhər saatlarında baş verə bilər. Bəzi hallarda isə ürəkbulanması daim üzücü xarakter daşıyır və qadının həyatını əsl dözülməz edir. Bu halda həkim qadına müalicə təyin edə bilər. Məsələn, həkimlər tərəfindən tez-tez təyin edilən "Vominor" dərmanı ürəkbulanması ilə mübarizədə yaxşı kömək edir (həkimlə məsləhətləşin!).
Ürəkbulanması ilə mübarizə etmək üçün aşağıdakı məsləhətlərimizdən istifadə edin:
- Qadın tam sakit və psixoloji komfortlu şəraitdə yaşamalı, ağır fiziki gərginliklərdən və streslərdən uzaq olmalıdır.
- Hamilə qadın kifayyət qədər dincəlməli və yatmalıdır.
- Səhər yataqdan durmayaraq bir-neçə tikə quru çörək ("suxarı"), kreker və ya alma yeyin və bir qədər uzanın. Yalnız bu sadə üsul Sizi ürəkbulanması tutmasından xilas edə bilər.
- Gün ərzində tez-tez və kiçik porsiyalarla qida qəbul edin. Əgər hər hansı bir qida (hətta ən xeyirli məhsul) Sizdə ürəkbulanması tutmasını yaxınlaşdırırsa, bu qidadan müvəqqəti olaraq imtina edin. Yağlı və qızardılmış qidaları da qəbul etmək olmaz ki, bu qidalar tez-tez ürəkbulanması və qıcqırmaya səbəb olur.
- Bəzi məhsullar ürəkbulanması ilə mübarizədə çox yaxşı effekt verir. Bu məhsulların arasında: meyvə quruları, üzüm, heyva, nanə, yaşıl çay, nar, qreypfrut, günəbaxan tumları, alma, kələm və xiyar turşusu, limon, suxarı, mandarin, zəncəfil.


Tarix: 24.12.2014 / 11:57 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Hamiləlik
loading...