Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7-ci hissə.
7-ci hissə.

Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.
Hər şeydən əvvəl, evlənmək məsələsinin alınmamasını mənim digər uğursuzluqlarımla bir sıraya qoyursan. Buna etirazım yoxdur, ancaq bu şərtlə ki, indiyəcən olan uğursuzluqların səbəblərini izah etdiyim kimi qəbul edəsən. Əslində, bu da digərlərilə eyni cərgədə durur, ancaq sən onu lazımınca dəyərləndirmirsən və o dərəcədə qiymətdən salırsan ki, biz bu barədə söhbət edəndə sanki başqa-başqa işlərdən danışırıq. Hətta cəsarət edib deyə bilərəm ki, sənin həyatında heç vaxt elə bir hadisə baş verməyib ki, mənim evlənmək istəyim qədər mənalı olsun. Bununla demək istəmirəm ki, sənin həyatında mənalı günlər olmayıb, əksinə, sənin həyatın mənimkinə nisbətən daha zəngin olub, qayğılar, sıxıntılar içində keçib və buna görə də mənim başıma gələnlər sənin başına gəlməyib. Təsəvvür elə ki, bir nəfər beş alçaq pilləni çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür. Birinci nəinki beş pilləni, lazım gəlsə, lap yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat yaşamış olacaq, ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək.
Evlənmək, ailə qurmaq, uşaq sahibi olmaq, bu fani dünyada onları böyüdüb başa çatdırmaq, mənim fikirimcə, insana bəxş olunmuş ən böyük nemətdir. İlk baxışda bunun hamıya nəsib olması onun asanlığı demək deyil, çünki, birincisi, əsl həqiqət də hamıya qismət olmur, ikincisi, "qismət olanlar"ın özləri "belə eləmir", sadəcə olaraq, "başlarına gəlir". Düzdür, bu həmin nemət deyil, ancaq çox böyük və şərəfli işdir (ən çox da ona görə ki, "özü eləməklə" "başına gəlməy"i bir-birindən ayırmaq olmur). Və, nəhayət, söhbət burda həmin "böyük nemət"in özündən deyil, az da olsa, ləyaqətlə ona yaxınlaşmaqdan gedir. Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur.
Bəs mən buna necə hazırlaşmışdım? Pisdən də pis! İndiyə kimi olanlar da bunu deyir! Əgər adamları ayrı-ayrılıqda buna hazırlamaq, birbaşa ona aid olan əsas prinsipləri müəyyənləşdirmək vacib idisə, deməli, bu sahədə çox az iş görmüşdün. Başqa cür də ola bilməz, çünki burda əsas sözü hamı tərəfindən qəbul olunmuş prinsiplər - mənsub olduğun təbəqə, xalqın adət-ənənəsi və zəmanə deyir. Bu baxımdan sən də hərdən nəsə edirdin, ancaq elədiyin az olurdu, çünki bu məsələdə nəsə eləmək üçün çox böyük qarşılıqlı inam-etibar olmalı idi, halbuki bizim hər ikimizdə həmin qarşılıqlı inam-etibar bu hadisədən çox-çox əvvəl itib getmişdi, özü də boş yerdən itməmişdi, çünki biz başqa-başqa adamlar idik. Məni maraqlandıran şeylər sənin vecinə olmurdu və ya əksinə... Sənin günahsızlıq hesab elədiklərin mənim üçün günah idi və əksinə... Sənin üçün qorxusuz bir şey mənim üçün tabut ola bilərdi...
Yadımdadır, bir axşam sən və anamla gəzməyə çıxmışdım, indiki əyalət bankının yaxınlığındakı Yozefsplatsda idik və mən səfeh-səfeh, yekəxanalıqla, qətiyyətlə, fəxrlə, soyuqqanlılıqla (bu saxta idi), bumbuz bir soyuqluqla (bu saxta deyildi), səninlə danışanda həmişə olduğu kimi, kəkələyə-kəkələyə maraqlı şeylər danışmağa başladım, sizə irad tutdum ki, məni yaxşı öyrətməmişdiniz, bunu şagird yoldaşlarım öz boyunlarına götürməli oldular, böyük təhlükələrlə üzləşdim (cəsarətli görünmək üçün burda özümə xas bir həyasızlıq etdim, çünki mənim kimi qorxaqlar "böyük təhlükələr"in nə olduğunu bilməzdi), axırda da dedim ki, indi, xoşbəxtlikdən, hər şeyi bilirəm, məsləhətə ehtiyacım yoxdur, hər şey qaydasındadır. Əsas məsələ danışmağa başlamaq idi, çünki ən azı bu barədə danışmaq mənə xoş gəlirdi və nəhayət, bir də ona görə ki, nə üçünsə, nə yollasa sizdən qisas almaq istəyirdim. Öz təbiətinə uyğun olaraq, bunlara çox sakit qulaq asdın, təxminən belə dedin ki, bu işləri təhlükəsiz görmək üçün mənə məsləhət verə bilərsən. Bəlkə də səndən elə bu cavabı qoparmaq istəyirdim, çünki o, həmişə ət xörəyi və digər ləzzətli təamlardan bol-bol yemiş, fiziki iş görməmiş, ömrü boyu özünü düşünmüş bir uşağın coşqun təbiətinə daha çox uyğun gəlirdi. Ancaq o cavab eyni zamanda mənim zahiri utancaqlığımın üstündən elə bir qara xətt çəkdi ki, - ya da mənə elə gəldi - istər-istəməz səninlə bu barədə danışa bilmədim və həyasız bir təkəbbürlə söhbəti kəsdim.
O vaxt verdiyin cavabı qiymətləndirmək o qədər də asan deyil: bir tərəfdən dəhşətli dərəcədə açıq, müəyyən mənada da ulu bir cavab idi, digər tərəfdən də, verdiyin dərsə görə müasir biçimdə kəsə idi. Bilmirəm o vaxt neçə yaşım olardı, yəqin ki, on altını keçmiş olmazdı. O yaşda olan bir gənc üçün çox qəribə cavab idi, aramızda yaranmış uçurum da özünü burda göstərdi və mən onda ilk dəfə səndən birbaşa öz həyat dərsimi aldım. O vaxtdan beynimə həkk olunsa da, onun əsl mənasını sonralar başa düşdüm: onda mənə verdiyin məsləhət həm sənin fikrincə, həm də mənim o vaxtkı düşüncələrimə görə çirkaba bələnmiş məsləhət idi. Çalışırdın ki, mən o çirkabı cismimdə evə gətirməyim və bu arzun, əslində, ikinci dərəcəli idi, cünki bununla yalnız özünü, evini qoruyurdun. Əsas məsələ ondan ibarət idi ki, sən verdiyin məsləhətdən kənarda qalırdın, belə şeylərdən ucada dayanan əsl ər, təmiz kişi olurdun. Bütün bunların mənə onda daha pis təsir eləməsi bəlkə də izdivacı ədəbsizlik hesab etməyimlə bağlı idi və ümumiyyətlə, izdivac haqqında eşitdiklərimi valideynlərimə aid edə bilməzdim. Beləliklə, sən daha təmiz qalırdın, getdikcə də ucalırdın. Ağlıma sığışdıra bilmirdim ki, evlənməmişdən qabaq sən özünə buna bənzər məsləhət vermiş olasan. Belə çıxırdı ki, səndə o dünyəvi çirkabın nişanəsi yoxdur. Bir neçə açıq söhbətinlə məni o çirkaba sən yuvarladın, sanki alnıma belə yazılmışdı. Əgər dünya yalnız ikimizdən ibarət olsaydı, - belə təsəvvür mənim üçün çox doğma idi - onun təmizliyi səninlə bitər, verdiyin məsləhətə uyğun olaraq çirkabı da mənimlə başlayardı. Məni bu cür mühakimə etməyin özlüyündə anlaşılmaz idi, ancaq o köhnə günahlar, mənə bəslədiyin nifrət hər şeyi açıb deyirdi... Beləliklə, yenə də bütün varlığım sarsılmalı olurdu, özü də amansızcasına...
Bəlkə də bu misalda heç birimizin günahı olmadığı daha aydın görünər: A adlı birisi B adlı digərinə sağlamlığını bir az qorumaq üçün açıq-saçıq, öz dünyagörüşünə uyğun gələn, o qədər də gözəl olmayan, ancaq bu gün də şəhərdə hamı tərəfindən qəbul olunan bir məsləhət verir. Bu məsləhət əxlaqi baxımdan B üçün münasib deyil, ancaq niyə də illər ərzində bu bəladan canını qurtamayaydı?! İstəsə, bu məsləhətə heç əməl etməz, ancaq burada onun gələcəyini korlaya biləsi bir şey də yoxdur. Ancaq buna oxşar nəsə baş verir və ona görə baş verir ki, A sənsən, B də mən.
Hər ikimizin günahsızlığını bir də ona görə belə aydın görürəm ki, buna bənzər bir toqquşma iyirmi il sonra, başqa bir vəziyyətdə aramızda yenə oldu. Düzdür, hadisə kimi qorxulu idi, ancaq ziyansız ötüşdü, çünki otuz altı yaşlı adamda ziyan vurulası bir yer qalmamışdı. Axırıncı dəfə evlənmək niyyətimdən xəbər tutandan sonra yaşanan o gərgin günlərdəki qısa söhbətlərimizdən birində təxminən belə dedin: "Yəqin qəşəng bir kofta geyinib... Praqadakı yəhudi qızları belə şeyləri yaxşı bacarırlar... Sən də o dəqiqə qərara alıbsan ki, onunla evlənəsən! Özü də lap tez... Bir həftəyə... Ya da sabah... Bu gün... Səni başa düşmürəm, böyük oğlansan, şəhərdə yaşayırsan, nə edəcəyini bilmirsən, qarşına çıxanla evlənmək istəyirsən. Məgər başqa bir yol yoxdur? Deməyə qorxursansa, özüm səninlə oraya gedərəm..." Sən çox aydın, müfəssəl danışırdın, ancaq dediklərini bütün təfərrüatları ilə xatırlaya bilmirəm, bəlkə də gözümə bir az qaranlıq çökmüşdü, sanki məni daha çox anamın hərəkətləri maraqlandırırdı: səninlə tamam razı idi, ancaq stolun üstündə nəsə axtarırdı ki, onu götürüb aradan çıxsın.
Məni sözlərinlə heç vaxt bu qədər alçaltmamışdın, mənə heç vaxt bu qədər nifrət etdiyini göstərməmişdin. İyirmi il bundan əvvəl mənimlə belə danışsaydın, sənin gözünlə baxmaq şərtilə, o sözlərdə vaxtından əvvəl yetkinləşmiş, sənin nəzərində birbaşa qaynar həyata atılası şəhər uşağına, az da olsa, hörmət nişanəsi görmək mümkün idi. Ancaq ondakı münasibət nifrət hissini daha da gücləndirdi, çünki o vaxt sürətlə inkişaf etməyə başlamış həmin oğlan yarı yolda qalmışdı və sənə elə gəlirdi ki, o, zəngin həyat təcrübəsi toplaya bilməyib, əksinə, iyirmi il geri qalıb. Mənim hansı qızla evlənəcəyimin sənin üçün heç bir mənası yox idi. Mənim qəbul etdiyim qərarlara həmişə (qeyri-ixtiyari) yuxarıdan aşağı baxmışdın və indi də (qeyri-ixtiyari) elə düşünürdün ki, onun necə qız olduğunu bilirsən. Mənim xilas olmaq üçün başqa yollar axtardığımdan xəbərin yox idi və təbii ki, evlənmək fikrinə necə düşdüyümü də bilməzdin, deməli, fikirləşib tapmalı idin. Fikirləşəndə də, məlum məsələdir ki, mənim haqqımda indiyəcən toplamış olduğun təəssüratlara əsaslandın - ən iyrənc, ən səfeh, ən gülünc təəssüratlara... Və tərəddüd etmədən bütün bunların hamısını üzümə dedin! Məni rüsvay etdin və elə bildin ki, bu rüsvayçılıq evlənməyimlə sənə gətirəcəyim rüsvayçılığın yanında heç nədir.
Mənim evlənmək cəhdlərimlə bağlı bəzi məsələlərə etiraz edə bilərsən və artıq edibsən də: əgər F. ilə iki dəfə nişanlanıb, ikisində də nişanı qaytarmışamsa və yenidən barışmışamsa, mənim evlənmək qərarıma necə hörmətlə yanaşa bilərdin... Əgər səni və anamı bundan ötrü mənasız yerə özümlə sürüyüb Berlinə aparmışamsa... və sair və ilaxır. Bunların hamısı düzdür... Bəs bunu yaradan səbəblər?
Hər iki evlənmək cəhdi yaxşı niyyətlə olmuşdu: ev-eşik sahibi olmaq, müstəqil yaşamaq... Sənin ürəyincə olan niyyət idi, ancaq uşaq oyununa çevriləndə mənasını itirirdi: elə bil, biri digərinin əlindən yapışıb və onu hətta bərk-bərk sıxaraq deyir: "Get də! Get dəəə... Niyə getmirsən?". Bizim məsələdə vəziyyət bir də ona görə belə mürəkkəbləşdi ki, sən o vaxt vicdanla "Get! Get!" demisən, ancaq elə o vaxtda da bilməyibsən ki, varlığın məni tutub saxlayıb, daha doğrusu, tərpənməyə qoymayıb.
Qızların hər ikisi, təsadüfi olsa da, çox yaxşı seçim idilər. Yenə də məni başa düşmədin və inanmaq istəmədin ki, mənim kimi qorxaq, həmişə tərəddüd edən, hər şeyə şübhə ilə yanaşan bir adam, necə deyərlər, qəşəng koftadan vəcdə gələrək qəfildən evlənmək eşqinə düşür.
Nigahların ikisi də daha çox məqsədli nigah olmalı idi. Birincidə illərlə, ikincidəsə, aylarla, gecə-gündüz baş sındırıb planlar qurmuşdum.
Qızların heç biri məni məyus eləmədi, ancaq mən ikisinin də ümidini sındırdım. Onlar haqqında evlənmək istəyərkən nə düşünürdümsə, indi də eyni şeyi düşünürəm.
Bu, o demək deyil ki, ikinci dəfə evlənmək istəyəndə birincidə qazandığım təcrübəni unutdum, ağılsızlıq elədim. Onların ikisi də tamamilə başqa-başqa idi və, əslində, birincidən qazandığım təcrübə çək-çevirlərlə dolu olan ikincidə mənə ümid verməli idi. Ancaq burda təfərrüatlara varmaq istəmirəm...
Bəs niyə evlənmədim? Hər yerdə olduğu kimi, burda da bəzi maneələr vardı və, əslində, həyatın mənası da onları dəf etməkdən ibarətdir. Ancaq əsas, özü də təəssüf ki, heç bir hadisədən asılı olmayan maneə bu idi ki, özüm mənəvi cəhətdən evlənməyə hazır deyildim. Yəni, evlənməyi qərara alan kimi yuxum qaçırdı, başım gecə - gündüz od tutub yanırdı, həyat öz həyatlığından çıxırdı, şübhə-tərəddüdlər içində qovrulurdum. Bütün bunlar çəkdiyim qayğılara görə deyildi, onsuz da qətiyyətsizliyim, pedantlığım mənə saysız-hesabsız qayğılar yaradırdı, ancaq heç biri əsas olmurdu, meyitə daraşmış soxulcan kimi idilər, yavaş-yavaş öz işlərini görürdülər, ancaq məni sındıran başqa şey idi: həmişə qorxu altında olmaq, zəiflik, özünənifrət...
Çalışacam ki, bunu bir qədər aydın izah edim: mən evlənmək fikrinə düşəndə sənə qarşı münasibətimdə indiyə qədər belə kəskin olmayan ziddiyyətlər yaranırdı. Əlbəttə, evlənmək tam azadlığa, müstəqilliyə ən yaxşı təminatdır. Ailəm olsaydı, zənnimcə, ən böyük nemətə sahib olardım, deməli, sənin qazandığın neməti mən də qazanmış olardım və bu da o demək idi ki, aramızdakı fərq silinirdi, o köhnə rüsvayçılıqlar da, təzələri də, zülmkarlıq da tarixə dönürdü... Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, inanılası deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil, kimsə türməyə düşüb, qaçmaq istəyir, bəlkə də qaça bilər, ancaq eyni zamanda da istəyir ki, bu türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər qaçarsa, düzəldə bilməz - düzəldərsə, qaça bilməz.


Tarix: 08.06.2015 / 18:34 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Frans Kafka - "Atama Məktub"
loading...