Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Art haus” kino

“Art haus” — bu sözü incəsənət sahəsində müxtəlif kontekstlərdə, o cümlədən kino ilə bağlı tez-tez eşidirik. Bəs bu anlayışın məğzi nədir, “art haus” kino nə deməkdir?
“Art haus” kino (ingilis dilindən “Art house” — “incəsənət evi”, həmçinin “art cinema”, “art movie” və ya “art film” adlandırılır) — müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur.
Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub.
Hələ ilk filmlərdə — Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı.
Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri Jan Lük Qodar, Fransua Trüffo, Erik Romer hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər. Onlardan biri isə məşhur Alfred Hiçkok idi. O, filmdə formanı dəyişərək müxtəlif kino həllinə nail olurdu. Klassik variant — “Həyətə pəncərə” — kameranın hərəkətini məhdudlaşdırmaqla nə baş verər? Və ya tammetrajlı detektiv filmi səkkiz kadra yerləşdirmək? (“İp” filmi). Həqiqətən onun dünyası individual və fərqli idi.

“Art haus” deyimi necə yarandı?
Beləliklə, XX əsrin 20-30-cu illərində kinematoqrafda formalaşmış avanqardizm ənənələrində “art haus” kinoya gedən yol təşəkkül tapmağa başladı. Məhz həmin dövrdə kütləvi auditoriyaya yönəlmiş “əyləncəli kino” və əsl sənət sayılaraq intellektual auditoriyaya ünvanlanmış “ciddi kino” anlayışları meydana gəldi.
“Təmiz kino” (Cinema Pur) — fransa avanqardizminin nümayəndələri “Art Film” ideyasının inkişafına təkan verdilər. Dadaistlər — Rene Kler və Marsel Dyüşan Aristotel dövründən hökm sürən “zaman və məkan” anlayışına qarşı çıxaraq klassik incəsənət qanunlarını inkar edir və montaj yolu ilə “Təmiz kino” anlayışını təsdiqləməyə çalışırdılar. Bu cərəyan özlüyündə Almaniyada “mütləq kino”ya da təsirsiz ötüşmədi. Hans Rixter, Valter Ruttmann və Vikinq Eqqelinq alman kinosunda “art haus” ənənələrini yaratdılar.
“Art haus” termini isə 1940-cı illərdə ABŞ-da yaranıb. Həmin dövrdə müharibəyə qədər çəkilmiş klassik Hollivud filmlərini, xarici (ABŞ istehsalı olmayan) filmləri, həmçinin yerli “müstəqil filmlər”i nümayiş etdirən kinoteatrlar bu cür adlanırdı.
1955-ci ildə Parisdə Beynəlxalq Arthaus Kinoteatrlar Konfederasiyasının (CICAE — fransızca Confederation Internationale des Cinemas d'Art et d'Essai) əsası qoyuldu.
“Art film” anlayışı Avropaya nisbətən ABŞ-da daha geniş istifadə olunur. Avropa kinoşünasları fərqli xüsusiyyətlərinə görə “art” filmləri “kütləvi” filmlərdən ayırırlar. Kinoşünas Devid Bordvell təsdiq edir ki, “art kino” öz qanunları olan ayrıca janrdır. Lakin əksər hallarda “art haus” janrında çəkilmiş filmləri müasir kinematoqrafın heç bir klassik janrına aid etmək mümkün olmur. Avropada “art film” kommersiya filmlərinə aid edilmir və əyləncəli janr sayılmır. “Art haus” kinonun prokatı da çox məhduddur.

“Art haus”un kinematoqrafda yeri
“Art haus” anlayışının nə olduğunu müəyyən etdik. Lakin maraqlı sual ortaya çıxır: insanların çörək və əyləncəyə ehtiyacı olduğu, kinematoqrafın əsas hədəfinin maksimal pul qazanmaq olduğu dövrdə bu istiqamət necə yarandı? Hər şey çox sadədir. Belə ki, 40-ci illərin sonunda kinematoqrafda kütləvilik stereotipini dağıdan, qəhrəmanın emosional vəziyyətini daha fərqli ideya və formada tamaşaçıya çatdıran istedadlı kinorejissorlar ortaya çıxdılar. “Art haus” eyni zamanda dünyanın bir necə tərəfində təşəkkül tapdı. Müharibədən sonrakı Avropanı yada salaq. Kinoda çevriliş edən Federiko Fellinini (“Kabiriyanın gecələri”, “Yol”), Jan Lük Qodarı (“Balaca əsgər”), eləcə də Bernardo Bertoluççi, Erik Romer və başqalarını misal göstərmək olar. ABŞ-da isə Alfred Hiçkok psixoloji gərgin atmosfer yaradırdı, Dennis Hopper, Con Şlezinger, Martin Skorseze də əsl kinoya imza atanlardan oldular. Asiya kinosu da inkişafı ilə parlamağı bacardı. Akira Kurosava, Kim Ki-Duka, Vonq Kar Vaya və s. adları sadalamaq olar.
Beləliklə, “art haus” — az büdcəylə çəkilən, xarakterləri daha dərin analiz etməklə, onların psixoloji durumunu fərqli təsvir və formada tamaşaçıya çatdıran, kütləvi satış üçün nəzərdə tutulmayan, məhdud auditoriyaya ünvanlanmış kino sənəti istiqamətidir.
Bu gün incəsənətin bütün sahələrinin ifrat inkişafı dövründə kinoda “art haus” filmlərin sayı daha çoxdur. Hər il məşhur kinofestivallara təqdim olunan müxtəlif ölkə filmlərində bu filmlər kifayət qədər yer alır.


Tarix: 28.11.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: Filimler
loading...