Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürəyyanı daş-qalaq etmək | The Stoning of Soraya M.

Soraya Manutchehri 1950-ci ildə İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb.
Yalançı şahidlərin ifadəsiylə vəhşicəsinə öldürülən bu qadının günahsız olduğunu bir çoxları bilir. Ancaq ərinin və ona yaxın bir neçə insanın, eyni zamanda kəndin mollasının (şah rejimi zamanında uşaqbazlıq üstündə həbsə atılmışdı) şahidliyi insanlıqdan kənar bu hadisəni qaçınılmaz edir.

Rəcmdən bir gün sonra kəndə gələn fransız əsilli iranlı jurnalist Freidoune Sahebjamın sayəsində Sürəyyanın yaşadıqlarını bütün dünya bilir. Belə ki, Sürəyyanın qohumu Zəhra hadisəni olduğu kimi ona danışır. O da 1994-cü ildə “The Stoning of Soraya M.” – “Sürəyyanı daş-qalaq etmək” adlı kitab çıxarır. 2008-ci ildə isə eyniadlı film çəkilir.

Bu əhvalatdan xəbərsiz olanlar da artıq filmin adından onun nədən bəhs edildiyini anlayır. İnsanı daş-qalaq edərək öldürməkdən…

Filmdə qadınların insan sayılmadığı, onların heç bir söz haqqının olmadığı cəmiyyətdə şəhvəti uğruna bir insanın ölümünə belə razı olan insanların din adı altında nələr etdikləri göstərilir. Bəzi müsəlman ölkələrində zina edənlər (evli olmadığı birisiylə cinsi əlaqəyə girmək) rəcm edilərək (daşlanaraq) öldürülür.

Quranda bununla bağlı bir ayənin olmadığı halda islamı öz məqsədlərinə uygun şəkildə anlayan insanların vəhşilikləridir bu. O insanların ki, qadınlara gəlincə əxlaq keşikcisi kəsilirlər, özlərinə gəldikdə isə istədikləri qadınla cinsi əlaqəyə girməyi “din”iləşdirib adına “mütə nigahı” deyirlər. Nədir mütə? Müəyyən pul qarşılığında əvvəlcədən razılaşdırılmış vaxta qədər evli olmaq. Bu şəriətə uyğun(laşdırılmış) fahişəlikdir. Bunun başqa adı yoxdur! Bunlar filmin başlanğıcında deyilən Hafizin misralarında da öz əksini tapib:

Olmayın riyakarlıq edənlərdən
Bir yanda yüksək səslə Quran oxuyarkən,
Digər yanda əxlaqsızlığını
Gizlətdiyini zənn edənlərdən.

Filmdə izlənməsi həqiqətən də mənəvi güc tələb edən bir səhnə var. Rəcm səhnəsi…
Sözlə ifadə etmək çətindir. Ekrandan bu qədər dəhşətli görünən bu səhnəni insanlar həyatda necə izləyir və ən əsası necə əllərinə daş alıb bir insanın əzabla ölməsinə səbəb olurlar?

İnsanların içindəki bu nifrət, bu qəzəb, bu vəhşilik nədir belə? Rejissor bəlkə də bilərəkdən Sürəyyanın daş-qalaq edilməsini hər anına qədər izləyicilərinə çatdırıb. Çünki Sürəyyaya atılan hər daş izləyicinin ruhunu yaralayır.

Bu gün rəcm edilməsə də adına “namus üstündə” dedikləri bir sıra səbəblərdən yüzlərlə qadın öldürülür. Bu cinayətlərə haqq qazandıranlar da az deyil. Çünki cəmiyyətdə belə bir fikir formalaşıb: Əgər kişi qadını öldürübsə, deməli qadın əxlaqsızlıq edib. Əgər qadın kişini öldürübsə, deməli onun həyatında başqa kişi var, yenə də qadın əxlaqsızlıq edib.

Kimin öldürməsindən asılı olmayaraq, cəmiyyətə əxlaq dərsi keçənlər həmişə bir “əxlaqlaqsız” tapır…
Filmi izləyin! İzləyin ki, bu dünyaya niyə gəldiklərini anlamadan bir heç uğruna gedən qadınlardan birinin – Sürəyyanın hekayəsini siz də biləsiniz.


Tarix: 28.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Filimler
loading...