Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Caz və kino

Caz və kino yaradıcılıq müstəvisində ayrı-ayrı istiqamətlərdə dayansalar da, onları bir-birinə yaxınlaşdıran ümumi bir sənət nöqtəsi var. Demək olar ki, eyni dövrdə yaranmış caz və kinonu yaşıd sənətlər də hesab etmək olar. Hələ XIX əsrin sonunda səssiz kinonun yarandığı dövrdə kinoteatrlarda filmlər pianoçunun kadrlara uyğun ifa etdiyi caz improvizasiyalarının sədaları altında nümayiş olunurdu.
Beləliklə, caz və kinonun birgə əməkdaşlığı səsli kinonun yaranmasına bir təkan oldu. Məhz bu əməkdaşlığın nəticəsidir ki, 1927-ci ildə rejissor Alan Croslandın “Caz ifaçısı” (“The jazz singer”), 1930-cu ildə rejissor Con M. Andersonun “Caz kralı” (“King of jazz”) adlı musiqili filmləri meydana çıxdı. Tədricən belə filmlərdə əsrarəngiz caz musiqilərinin ifası tamaşaçı və kinematoqrafçıların diqqətini özünə cəlb edə bildi. O dövrün ən məşhur caz ifaçısı Lui Armstronqun ifası kinematoqrafçıların diqqətindən yayınmırdı və onun ifasına filmlərdə böyük üstünlük verilirdi.
1930-cu illərdə caz musiqisi Hollivud filmlərinə böyük populyarlıq gətirdi. Bu sırada rejissor, Vinscente Minellinin “Səmada kayut” (“Cabin in the sky”) (1943-cü il), Bryus Hamberstounun “Günəş vadisinin serenadası” (“Sun Valley Serenade”) (1941-ci il) filimlərini nümunə göstərmək olar.
Həmin dövrün məşhur caz ifaçılarından biri də Benni Gudmen idi. O, filmlərdəki ifasına görə hətta “Svinq kralı” adını almışdı. 1937-ci ildə rejissor Beysbi Berkeleyin çəkdiyi “Hollivud oteli” (“Hollywood otel”) filmi ona xüsusi şöhrət gətirdi.
Lui Armstrong
II Dünya müharibəsi illərində kinematoqrafiya sahəsi bir qədər durğunluq dövrünü yaşasa da, müharibədən sonra kino aləmi yenidən dirçəldi. Bu dövrün rejissorları uğur əldə etmək üçün yeni ideyalar axtarışında idilər. Çəkilən filmlərdə cazı ötən illərlə müqayisədə daha fərqli təqdim etməyə çalışırdılar. Bu mənada rejissor Con Kassavetsin “Kölgələr” (“Shadows”, 1960-cı il) filmində musiqiçi Çarlz Minqusun bəstəsi diqqəti cəlb edir. Özündə böyük dəyərləri tamaşaçıya təqdim edən rejissor Otto Premingerin “Cinayətin anatomiyası” (Anatomy of a murder) (1959) və Martin Ritin “Paris blyuzu” (“Paris blues”) (1961) filmləri də “soundtrack”larına görə, o dövrün filmləri arasında seçilirdi. Filmlərin musiqiləri Dyuk Ellinqtona məxsusdur. Həmin dövrdə təxminən 70 film musiqisinə imza atmış Lalo Şifrin, Kuinsi Counz, Deyv Qruzin, Herbi Henkok və başqa bu kimi məhsuldar bəstəkarlar fəaliyyət göstəriblər.

Müasir dövrdə də klassikanı qoruyub saxlamaqla yeni partituralar təqdim edən bir çox caz musiqiçiləri var. Fransız rejissoru Bertran Tavernin “Gecənin ətrafında” (1986) filminə yazılmış musiqi fransız caz sənətini məharətlə özündə təcəssüm edə bilib. Məşhur musiqiçi Con Makloflinin ifası və Herbi Henkokun musiqisi filmə xüsusi özəllik gətirib.
Kinoda caz ifa edən musiqiçilər arasında Kşiştof Komedanın da böyük rolu olub. İstedadlı musiqiçi 70-dən çox filmdə musiqi ifa edib. Andcem Vayd, Henninq Karlsen və başqa nəhəng Avropa kinematoqrafçıları ilə əməkdaşlıq edən musiqiçinin həyatı çox faciəli keçib. Məşhur rejissor Roman Polanskinin əksər filmlərinin musiqisi də ona məxsusdur.

Müasir dövrün filmlərində də caz musiqisinə böyük əhəmiyyət verilir. 1988-ci ildə çəkilmiş “Quş” (“Bird”) filmi Kann festivalında Forest Viteyker baş rol ifasına görə mükafat aldı. Çarlz Parkerin həyat hekayəsindən bəhs edən film xüsusi tamaşaçı sevgisi qazandı.
Ümumiyyətlə, cazı təbliğ edən əksər filmlərdə Hollivudun ən məşhur aktyorları - Şon Pen, Riçard Gir, Robert de Niro və başqaları çəkilirdi. Kino və cazın birgə əməkdaşlığı bu gün də tamaşaçıları özünə cəlb edib. Ümid edirik ki, bu birgə fəaliyyət kinoda uzun müddət davam edəcək...


Tarix: 28.11.2014 / 11:12 Müəllif: Aziza Baxılıb: 162 Bölmə: Filimler
loading...