Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq filmləri

Deyirlər, uşaqlar həmişə həqiqəti danışırlar. Uşaqlar aktyorluq etməyi böyüklərdən yaxşı bacarırlar. Böyüklər nə qədər dahiyanə oyun nümayiş etdirsələr də, şərtilik məfhumunu heç vaxt unutmurlar - uşaqlardan fərqli olaraq. Oyun vaxtı uşaq üçün reallıq və oyun arasındakı sərhəd şəffaflaşır. Uşaq böyüyün gülmədiyi hadisələrə, sözlərə gülür. Meksikada hər il qeyd edilən ölülər bayramında yalnız uşaqlar skelet formasında hazırlanmış şirniyyatı yeyə bilərlər. Uşaqlar üçün ölüm də oyundur.
İncəsənətin ən mühüm mövzularından olan - kütlə içində tənhalıq uşaq mövzusunun vasitəsi ilə göstəriləndə daha kəskin xarakter alır. Eyzenşteynin "İvan Qroznı" filmində Qroznı özünü yetim adlandırır. Çaplinin "Balaca" filmində isə qəhrəmana qoşulmuş uşağın ata-anası var, lakin o yetimdir. Paradoksal haldır ki, uşağın qəddar dünyada tək qalması daha çox komediyaların əsas süjet xəttini təşkil edir. Kinoda qəddar uşaqlara da rast gəlmək mümkündür. İvan Qroznı öz qəddarlığının səbəblərini uşaqlığında axtarır. Aydındır ki, bu mövzu əsasını Freyddən götürür.
Dünya kinematoqrafiyasında uşaqlarla bağlı işlənən daha bir mövzu uşağın özünü böyüyə oxşatmasıdır. Bu, filmlərdə, adətən öz həllini poetik formada tapır və bir qayda olaraq, məhəbbət üçbucağında yaş fərqi ilə göstərilir. Böyüyün uşağa bənzəməyi isə həmişə acınacaqlıdır. Klassik filmlərdə özünü uşaq kimi aparan qəhrəmanların yanında, onlara qarşı cırtdan adamlar-liliputlar qoyulur. XX əsrin uşaqları daxilən uşaqlıqlarını itirərək daha çox liliputlara çevriliblər.

Klassikada- Fellininin, Viskontinin filmlərində uşaq həm də tarixi yaddaşın daşıyıcısıdır. Məsələn, Fellininin "Roma" filmində tarixi məhz uşaqlar öyrənir. Onlar Sezarın keçdiyi yollardan keçirlər. Bir tərəfdən uşağın yaddaşı yoxdur. O, gələcəyi simvolizə edir. Digər tərəfdən böyüklər üçün uşaqlar keçmişin rəmzidir, biz onlara baxanda özümüzü, keçmişimizi görürük. Uşaqlar yalnız rejissorların, kinonu yaradanların ideyalarını çatdırmaq üçün vasitə deyil. Onlar üçün də filmlər çəkilir, elə uşaqların öz iştirakı ilə.

Hollivudda- bütün dünya kinematoqrafiyasına bir əsrə yaxındır, öz qaydalarını, prinsiplərini diktə edən kinoşəhərdə istehsal edilən filmlər janrından, kateqoriyasından asılı olmayaraq birinci növbədə gəlir gətirməlidir. Uşaq filmləri də istisna deyil. Amerikan uşaq filmlərində süjet xətti adətən, atalar və oğullar, valideyn-övlad münasibətləri, yaşlı nəsillə gənc nəsil arasındakı ziddiyyətlər üzərində qurulur. Belə filmlərdə bir qayda olaraq, övladlar (yaşlarından asılı olmayaraq) öz valideynlərini qəbul etmirlər. Övladlar daima evlərində, ailələrində hökm sürən vəziyyətdən narazıdırlar, valideynlərinə qarşı çıxırlar, onlardan utanır və onları inkar edirlər. Həmçinin hesab edirlər ki, həyatlarında-məktəbdə, küçədə, dostları arasında qarşılarına çıxan bütün çətinliklərin, qalmaqalların birinci günahkarı valideynlərdir.
Maraqlısı odur ki, belə filmlərdə qiyamçı uşaqlar nüfuzlu insan qismində yalnız öz valideynlərini yox, evdən kənarda bu qəhrəmanların yaşca onlardan xeyli böyük, onlara məsləhət verən, finalda haqq yoluna, ailəyə qaytaran dostları var. Bu şəxs qonşu küçədəki antik əşyalar satılan kiçik dükanın sahibi və ya üstünə dən tökərək göyərçinləri yemləyən bomj da ola bilər, böyük şəhərdə, mərkəzdə yaşayan və hərdənbir balaca qəhrəmanın ailəsini ziyarətə gələn yaxın qohum da. ("Evdə tək " trilogiyası, "Çətin uşaq", "Şahzadənin gündəliyindən").

Filmlərin əksəriyyətində dostların xarakterləri də, demək olar ki, eynidir. Adətən, onların nə ailələri, nə övladları, nə başqa bu tip bağlantıları var. Müstəqil filmlərdə müəlliflər bu mövzunun daha radikal yozumunu göstərir. Məsələn, Robert Rodriqesin "Fakültə" filmində olduğu kimi. Amerikanın kiçik şəhərlərinin birində məktəbə yad planetli virus düşür. Bütün müəllimlər virusa yoluxaraq, əcaib, dəhşətli məxluqlara çevrilirlər. Adi adamların içində onları seçmək, tanımaq mümkün deyil. Virusdan xilas olmağın bircə çarəsi var-narkotika. Yəqin ki, Hollivudda istər müstəqil, istər kommersiya filmlərində məhz bu mövzunun üstün mövqedə dayanmasının əsas səbəbi ABŞ-ın illərlə öz əhalisinə, eləcə də bütün dünyaya yedirtdiyi "amerikan arzusu" ideyası ilə əlaqədardır. Amerikada arzuların reallaşması məcburidir. Əgər kimsə arzusuna çatmayıb, yarı yolda qalıbsa, bütün məsuliyyət onun öz üzərindədir. Bu tendensiya yalnız uşaq filmlərinin deyil, ümumiyyətlə, bütün Amerika kinosunun əsasında dayanır. Uşaq filmlərinin qəhrəmanları da təkcə ona görə valideynlərinə qarşı çıxmırlar ki, tamamilə fərqli arzularla yaşayırlar. Sadəcə, onlar artıq təhtəlşüurlarına keçmiş amerikan arzusunun əslində sabun köpüyündən başqa bir şey olmadığını bilirlər. Nə qədər mübarizə aparsalar da, valideynlərinin qazandıqlarından daha artığına nail ola bilməyəcəklər. Belə nəticə ilə barışmaq, onu qəbul etməksə hər şeyin sonu deməkdir. Demokratik final - ata oğulla razılaşır

Fransız, ingilis uşaq filmlərində də uşaqlar qiyamçı kimi təsvir olunurlar. Onların da qiyamlarının məqsədi böyüklərdən bir addım irəli gedə bilməkdir. Lakin Hollivud filmlərindən fərqli olaraq, Avropa uşaq filmlərində böyüklər, yaşlı nəsil mühüm yer tutmur. Filmlərdə böyüklər var, hərdənbir öz sözlərini deyir, öz iradələrini yeridirlər. Ancaq onlar amerikalılarda olduğu kimi, əks cəbhənin nümayəndələri deyillər. Uşaqlar böyüklərlə, demək olar ki, eyni hüquqlara malikdir. Onların problemləri də oxşardır. Valideyn-övlad münasibətləri daha demokratik xarakter daşıyır. Uşaqlar öz hərəkətlərinə qarşı böyüklərin hər hansı neqativ reaksiyasını çox təbii qarşılayırlar və adətən, qulaqardına vururlar. Böyük, təbii ki, etiraz etməlidir. Yoxsa böyük olmazdı. ("Bum 1-2", "Mən Sezaram" və s.).
Avropa filmləri valideynlərin uşaqların fikirlərinə, etdiklərinə münasibəti ilə də fərqlənir. Əgər Amerika filmlərində final "yolunu azmış oğulun ata evinə qayıtması" prinsipinə uyğun çözülürsə, Avropa filmlərində əks proses baş verir. Finalda valideyn övladın düşüncələri ilə razılaşır və ya öz narazılığını bildirsə də, köməyini də əsirgəmir. "Billi Eliot" filmində kiçik oğlunun balerin olmaq arzusu ilə heç cür razılaşmaq istəməyən, onu gah zorla, gah da dilə tutmaqla fikrindən daşındırmağa çalışan ata finalda Billini balet məktəbinə şəxsən aparır. Üstəlik imtahanın cavabını ləngidən müəllimlərlə davaya çıxır. "Mən Sezaram" filmində isə evdən qaçmaq istəyən 10 yaşlı Sezar atasının başını qatmaq üçün onunla söhbət etməyə başlayır. Onu oğluna lazımınca diqqət ayırmamaqda günahlandırır. Oğlunun ittihamlarını çox ciddi qarşılayan ata sonda günaşırı Sezarı qarşısında oturdub onunla "kişi kimi" söhbət eləməyə çalışır.

Rus uşaq filmləri həm Avropa, həm Amerika filmlərindən köklü surətdə fərqlənir. Yəqin ki, mənim yaşıdlarım "Müqəvva", "Kənar şəxslərin daxil olması qadağandır", "Bir daha məhəbbət haqqında" və adı yadımda qalmayan bir çox başqa filmləri yaxşı xatırlayırlar. Nəinki xatırlayırlar, hətta bu gün uşaqlıqdakı kimi eyni maraqla baxırlar. 70-80-ci illərdə çəkilmiş rus uşaq filmləri sadəcə uşaqlar üçün nəzərdə tutulmurdu. Sadaladığım filmlərin müəllifləri- rejissorlar, ssenaristlər cəmiyyətdəki senzuradan keçməyən nöqsanları, mövcud quruluşu, ölkədəki təbəqələşməni, bir sözlə, dilə gətirilməsi böyüklərə qadağan olunmuş hər şeyi uşaqların vasitəsi ilə çatdırırdılar. Belə filmlərin ən yaxşı nümunəsi rejissor Rolan Bıkovun iki hissəli "Müqəvva" filmidir. Bu filmin süjetini postsovet məkanda, bəlkə də, hamı əzbər bilir. Amma çoxları bilmir ki, söhbət gedən dövrdə Sovet İttifaqının bəzi respublikalarında bu filmin nümayişinə qadağa qoyulmuşdu. Simferopol şəhərinin rəhbərləri isə rejissoru həbsə atmaqla hədələmişdilər. "Müqəvva" və digər filmlərdə ön plana daha çox uşaqların bir-birinə münasibəti çəkilirdi. Bu filmlərin bəzilərində böyüklər daha çox gülüş və tənqid hədəfidirlər ("Kənar şəxslərin daxil olması qadağandır"), ("Bir daha məhəbbət haqqında", "Mənim ölümümdə Klava K. günahkardır"). Son illərdə Rusiyada yenidən uşaq filmləri yaranmağa başlayıb. Lakin bu filmlər sırf Hollivud kommersiya filmlərinin prinsipləri əsasında çəkilir.

Bizdə isə… Azərbaycan kinematoqrafiyasında uşaq filmləri sayca çox azdır- "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Mən mahnı qoşuram", "Sehrli xalat" və s. Yuxarıda haqqında danışdığımız digər ölkələrin filmlərində olduğu kimi, onların arasında bir ümumi tendensiya tapmaq çətindir. Adıçəkilən filmlərin əsasında sovet tərbiyəsinin təbliği dayanır. Mövzu baxımından Şamil Mahmudbəyovun "Şərikli çörək" filmi öz dramatikliyi ilə seçilir. Yəqin ki, milli kinomuzda uşaq filmlərinin az çəkilməsinin və mövzu pərakəndəliyinin əsas səbəbi yerli rejissorların uşaqlarla işləməkdə çətinlik çəkməsindədir.


Tarix: 28.11.2014 / 11:10 Müəllif: Aziza Baxılıb: 234 Bölmə: Filimler
loading...