Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Freydizm haqda bir neçə söz

Milliyətcə yəhudi olan Sigmund Freyd ( Ziqmund Freyd 1856-1939 ) Avstriyalıdır. Vyana Universitetindən tibb üzrə məzun olmuşdur. Və elə orada da uzun bir sürə həkimlik edərək sinir xəstəlikləri, dəliliklə maraqlanmağa başlamışdır.

Fəlsəfə və psixologiyada insan psixikası haqqında söylədiyi fikirlər və ortaya atdığı psixoanaliz metodu ilə adını elm tarixinə yazdıra bilmişdır.
Məsələn o, psixoanaliz metodu ilə nevroz kimi əsəb xəstəliklərinin səbəblərini axtarmağa çalışırdı. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.

Freyd göstərirdi ki, insana təbiətən bir sıra şiddətlı meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə halların baş verməməsi üçün isə o, insanı idman, iş, yaradıcılıqla məşğul olmağa səsləyirdi.

Freyd bu zaman maraqlı bölgü apararaq insan psixikasını üç təbəqəyə bölürdü: “O” (İD), “Mən” ( Ego ), “Fövqəl-Mən” ( Super-Ego ).

Bölgüyə görə “O” (İD) dərk olunmamış bütün psixi proseslərin məskənidir. Burada qeyri-iradi arzular, şəhvətlər, şüurdan çixarılmış ideyalar, keçmiş təcrübələr və s. qərarlaşır

“Mən” – şəxsiyyətin şüuru və ozünü dərkidir. Onun vəzifəsi “O” vasitəsi ilə təmsil olunan emosiyalar aləmi ilə real xarici aləm arasında insanların həvəsi, istəyi, meyli ilə onların təminatı arasında vasitəçi rolunu oynamqdır.

“Fövqəl-Mən“ə tarixən yaradılmış əxlaq, elm, incəsənət, mədəniyyət sistemləri daxildir. Sosial normalar, qadağalar, borc sahəsi, əxlaq, ictimai-şüur hər şey burda qərarlaşır.

Freydə görə insanın “Mən”-i, “O” ilə “Fövqəl-Mən” arasında həmişə əziyyət çəkir. Və bu da sonda bəzi psixi pozuntalara və nevrozlara səbəb olur.

Əlbəttə o, qeyri-şüurini əsas tədqiqat obyektinə çevirməklə bır sıra yeniliklərə imza ata bilmişdi. Fikrimcə belə yeniliklərdən biri nevrozun səbəbini qeyri-şüuri sahədə axtarması idi. Amma unutmaq olmaz ki, Freydin təlimi qüsürlardan da azad deyildi. Psixoloq belə hesab edirdi ki, ləzzət və nəşə prinsiplərinə tabe olan “O” insanın hərəkətlərinə təsir edə bilir, onun fikirlərinə, hisslərinə nüfüz edərək davranış normalarını müəyyən edir. Freyd təliminə tənqidi yanaşarkən qeyd edə bilərik ki, o, yuxarıdakı fikri ilə insanı biolojiəşdirirdi. Yəni o, insan həyatında seksual meyilin rolunu həddən artıq şişirdirdi. Özü də Freyd nəzəriyyəsi normal insan psixikasının tədqiqi əsasında irəli sürülmüş nəzəriyyə deyildi. O, xəstə insanların psixikasının tədqiqi əsasında müəyyən qənaətlərə gələ bilmişdi...


Tarix: 09.12.2014 / 14:08 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Fəlsəfə
loading...