Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm nədir?

Tanatologiya və ya ölüm fəlsəfəsi.

Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün "Fedon" dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, "əsl filosoflar" özünü bütün örü boyu ölümə hazırlayır. Bununla belə onlar yorulmadan bu yeganə məqsədə cəhd edərkən ölüm onları yaxalayanda ondan qorxarlarsa, onda bu cəhd mənasız olur.


Ölümün fəlsəfi problem olması fikrini alman filosofu Artur Şopenhauerdə təsdiqləyirdi: "Ölüm-fəlsəfənin həqiqi ilhamlandırıcısı və ya muzasıdır(ilham mənbəyidir)...Ölümsüz fəlsəfənin mövcud olmasına az ehtimal var. Ona görədə tamami ilə təbiidir ki, mən ölümün xüsusi tədqiqini mənim axırıncı ən ciddi və əhəmiyyətli əsərimdə birinci yerə qoyuram"

Hətta 16-cı əsrin fransız filosofu M. Monten özünün "Təcrübələr" kitabında "Filosofluq etmək-bu ölümü öyrənmək deməkdir" adlı bir mövzu da işləmişdir. Bu mövzuda Monten qədim Roma filosofu Mark Tulliy Siserona istinad edərək yazır ki, "Siseron soyləmişdir ki, filosofluq etmək-bu özünü ölümə hazırlamaqdan başqa bir şey deyildir"

Bu mənada heç bir fəlsəfi konsepsiyanı, əgər o həyat və ölüm haqqındakı suallara düzgün və obyektiv cavablar verə bilmirsə onu insana uyğun, insana layiq bir nəzəriyyə hesab etmək olmaz.

U.Şibl qeyd edib ki, insanlar qarşısında duran suallar sırasında ən böyükləri "Ölüm nədir?" və "Biz onun öhdəsindən gəlmək üçün nə edə bilərik?" suallarıdır. Bəziləri bu sualların həlli barədə düşünmür bəziləri isə daha çox mövhumat xarakterli fikirlər irəli sürürlər. Ümumiyyətlə ölüm mövzusuna qadağan olunmuş mövzu kimi də yanaşanlanlar az deyil.

U.Şiblin fikrinə görə, ölümün nədən ibarət olmasının fəlsəfi tədqiqi ölüm qorxusu ilə mübarizə aparmağın ən yaxşı vasitəsidir. Ölümü düşünən insan həyatını yenidən qiymətləndirməyə başlayır. Bu mövzünün tədqiqi insanda ölüm haqında daha aydın təsəvvür yaratmağa imkan verir.


P.S. Demək olar bütün dinlər və fəlsəfi sistemlər bu suala cavab verməyə çalışır. Ölüm nədir? İnsan öləcəyini bilir ancaq ölümün nə olduğunu bilmir. Bu səbəbdən də özü üçün bir "SON" ssenarisi seçib ona inanmağa məcburdur və yaxud mövcud ssenariləri bəyənmirsə filosof olmalıdır ki, özü üçün yeni bir ssenari uydurub, ona inana bilsin. Yoxsa sonunu bilmədən rahat yaşamaq elədə asan deyil.


Tarix: 09.12.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Fəlsəfə
loading...