Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşina

Aşina—Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir.Mündəricat
1 Soyun tarixi
2 Soyun yaranma əfsanəsi
3 Aşina və Azərbaycan
4 Soyun hökmdarları
4.1 Birinci Göytürk xaqanları
4.2 Şərq Göytürk xaqanları
4.3 İkinci Göytürk Xaqanları
4.4 Qərb Göytürk xaqanları
4.4.1 Çin rəhbərliyi altında
5 Ədəbiyyat
6 Mənbə
7 İstinadlar
8 Həmçinin bax
9 Xarici keçidlər


Soyun tarixi

Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər.

Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı.

Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi). İki müttəfiq – Dulu və Nuşibi tayfa ittifaqları arasındakı sərhəd Çu çayı oldu.

V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanın qızına elçi göndərdi. O isə "sən mənim filiz əridənimsən" deyib qızını Bumın xaqana vermədi. Bumin xaqan 552-ci ildə jujan xanının üzərinəhücum edib onu məğlub etdi və Birinci Göytürk xaqanlığıni yaratdı. Bumin xaqan özünü dövlətin hökmdarı (il xaqan) elan etdi. Dövlətin paytaxtı Onon çayı sahilində Ötüken idi. Bundan sonra hunlar türk adlandırıldı. "Göytürk" mürəkkəb sözündəki "göy" sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.
Soyun yaranma əfsanəsi

Aşina soyunun bir dişi qurddan törədiyinə dair o dövrdə çox məşhur olduğu aydın olan rəvayətlər, Göytürklərin erkən tarixini əfsanələrlə qarışdırır. Ancaq qurddan-törəmə ənənəsinin, Asiya Hunları arasında da mövcud olması və qurd atanın Türkləri dar, keçilməz yollardan salamatlığa çatdırdığı (Bozqurd Dastanının əsli) rəvayətinin Hunlarda görülməsi, Göytürklərin Hunlara nisbətini ortaya qoyur. Aşina ailəsinin, tək bir oğlan həyatda qalmaqla, qırğına uğramış olduğu rəvayətini, Tsü-kü (əslində Asiya Hun dövlətində bir ünvan) adlı Hun ailəsinə mənsub Meng-sun tərəfindən qurulan Şimali Liang Hun dövlətinin, 439-da Tabğaclar tərəfindən yıxılması hadisəsinə bağlamaq mümkündür. Sui-shuya (Çin təqvimi, 581-618) görə, bu Hun dövlətində idarəni əlində tutan Tsü-kü (Chü-ch'ü)'ler məhv edildiyi zaman, A-shih-na (Aşına) qolu, 500 ailəlik bir kütlə halında, Kan-su bölgəsindən köçərək, Juan-juanlara sığındılar. Göytürklərin özəyini təşkil etdiyi ifadə edilən və Meng-sunun oğulu An-çu və sonra nəvəsi Şunun öldürülməsi üzərinə əvvəl Hsi-haidə ikən sonra Altaylara nüfuz edən bu kütlə, Chü-chülar (Tsü-kü) yolu ilə də Asiya Hunlarına bağlandı və hətta, bu qısa köç hərəkətini idarə edən Aşına soyunun, Cənub Hun tanhuları yolu ilə Mo-tunun mənsub olduğu məşhur Ti-ko (Tu-ku) ailəsindən gəlməsi güclü təxmindir. Qurd ata inancı səbəbindən Göytürk xaqanlıq sənədi, altından qurd başlı bayraq (tuğ) olmuşdur.

Aşina və AzərbaycanBu məqaləni vikiləşdirmək lazımdır


Qəzənfər Kazımova görə:


"Hadisələr arasındakı əlaqəni aşkara çıxaran tarixçinin işi hadisələrin mövcudluğunu müəyyənləşdirən filoloq-şərqşünasın işinin qurtar­dığı yerdə başlanır".

Lev Qumilyov

"Qədim türklər", s. 118

"Bir də, ümumiyyətlə, xalqın tarixini istisnasız şəkildə onun əleyhdarının mövqeyindən öyrənmək olmaz".

Lev Qumilyov

"Qədim türklər", s. 106

Bizim "Azərbaycan dilinin tarixi" (bax:2) əsərinin meydana çıxmasını şərtləndirən amillərdən biri dünya tarixinin verdiyi faktlar və arxeolo­ji materiallar əsasında insanın Yer üzərinə Ön Asiyadan yayıldığını xatırlatmaq idi. Bu cəhətin düzgün dərk olunması ilə dünya tarixinin tədqiqinə dair bir çox yanlış konsepsiyalar təbii şəkildə öz əhəmiyyətini itirmiş olur. Biz həmin ideya əsasında türklərin şərqə, şimala və qərbə Ön Asiyadan yayıldığını bir daha faktlaşdırmış olduq. Tədqiqatçılar əksəriyyət etibarilə türk tayfalarını Orta və Mərkəzi Asiya ilə bağlamağa çalışmış və bir çoxları başqa cür düşünməyi ağıllarına belə gətirməmişlər. Lakin bəşər tarixi aydın şəkildə sübut edir ki, miq­rasiyalar mezolitdə Ön Asiyadan və Aralıq dənizi hüdudlarından başlamış, insan Yer üzünə Avropanın, Afrikanın və Asiyanın qovuşduğu bu ərazidən yayılmışdır. Sonralar əks miqrasiyalar da olmuşdur. Bunlar qeyd etdiyimiz kitabda bizim tərəddüdsüz qənaətimizdir və bu barədə artıq söz söyləmək fikrində deyilik.

Bu məqələdə isə bizi bir neçə məsələ maraqlandırır: Nə üçün bütün türk xalqlarının adı var, lakin yalnız bizim dilimiz bütün keçən minil­lik ərzində "türk dili" adlanmışdır? "Türk" adı harada və tarixin bizə məlum olan hansı dövründə meydana çıxmışdır? Böyük türk xaqanlığı­nın – o xaqanlıq ki, çin imperatorlarını "cənubdakı bizim uşaqlar" adlandırırdılar (16;3) – əsasını qoymuş köçəri Aşina tayfası ilə Azər­baycan əlaqələri nədən ibarətdir?

Bu suallara cavab vermək üçün Lev Qumilyovun "Qədim türklər" əsərindəki faktlar tənqidi şəkildə nəzərdən keçirilmişdir.

Hər şeydən əvvəl qeyd edək ki, böyük türk xaqanlığının əsasını qoymuş "500 evlik Aşina ailəsi" (Bumın xaqanın, İstəminin tayfası) və bu ailənin rəhbərlik etdiyi, öz arxasınca apardığı türklər Qumilyovun əsərində aşinalıların o dövrdə adlandığı kimi "türküt" adlandırılmış və bu­nunla Orta və Mərkəzi Asiyadakı başqa türk tayfalarından fərqləndirilmişdir.

Əvvəlcə, "500 ailəlik" Aşina tayfasının öz əcdadları barədə əfsanələrinə diqqət yetirək. Şəcərələrin öyrənilməsi, Qumilyovun yazdığına görə, ən qədim zamanlardan Mərkəzi Asiya xalqları üçün səciyyəvi olmuşdur. Həm də maraqlıdır ki, həmin xalqlar bu və ya digər vəhşi heyvanı öz nəsillərinin banisi saymışlar. Məsələn, "…tibetlilər erkək meymunu və dişi rakşası (meşə ruhu), monqollar boz qurdu və mara­lı, telelər canavarı və hun şanyuyunun qızını, türklər isə hun şahzadəsini və dişi canavarı öz əcdadları sayırdılar".(1;30) Buradan aydın göründüyü kimi, monqollar, telelər, türkütlər və ümumən türklər qurdu (canavarı) və maralı öz əcdadları hesab etmişlər.

Maral sonrakı hadisədir – Sibir çölləri ilə bağlı olmalıdır və türklərdə həlledici əhəmiyyətə malik deyildir. Qədim türklərin bayrağında daim qızılı rəngli qurd başı təsvir edilmişdir. Qumilyov serıy volk, volk və volçitsa sözlərini işlətmişdir. (1;22) Monqolların, telelərin boz qurda, türklərin dişi canavara tapınması elə bir fərq yaratmır. Deməli, bu xalqların əfsanəvi əcdadı bir olmuşdur. Bu birlik onların kök birliyindən irəli gəlir. Türklərin və monqolların bir kökdən olduğuna heç kim şübhə etmir, lakin onlardan hansının hansından ayrıldığı barədə mübahi­sə hələ də davam etməkdədir.

"500 Aşina ailəsi" Hunların və syanbilərin (monqolların) vaxtilə çinlilərdən aldıqları Şensi əyalətinin qərb hissəsində məskunlaşmışdı. L.Qumilyovun fikrincə, bu ailə "müxtəlif tayfaların qaynayıb-qarışmasından" yaranmışdı.(1,30) "Türkütlər" adlanan bu əhalinin "…etnik mənşəyi müxtəlif idi, lakin öz aralarında hamısı kiçik tələffüz fərqi olan ümumi türk dilində danışırdılar. Onlar bir "budun" – xalq təşkil edirdilər, lakin bu söz "etnos" deyil, daha çox "demos" anlayışına yaxın bir mənada işlənirdi. Çünki "budun" "bəylər"ə qarşı qoyulurdu". (1;72) L.Qumilyov bunu "türk bəglər budun" – "türk bəylərinin xalqı" ifadəsi ilə düzgün əsaslandırmışdır. Əslən türk olan hunlar və mon­qollar özlərini bir-birinə daha yaxın saymaqla çinlilərə qarşı birlikdə mübarizə aparırdılar.

Qədim Çin mənbələrində tobaların (çinlilərin) Şimali Çinin fəthi zamanı tabe etdikləri tayfalar içərisində həmin bu "beş yüz Aşina ailəsi" də qeyd olunmuşdur. Şensi vilayətinin qərbindəki Xesidə yerləşən aşinalılar həmin ərazinin işğalı zamanı tobaların təbəəliyini qəbul etmə­miş, köçüb getmişlər Altaya. "Suyşu"da (Çin mənbəyi) bu hadisə eramızın 430-cu ilinə aid edilir.

Aşinalılar Altayın mərkəzi hissəsində yerləşərək, uzun müddət səssiz-səmirsiz yaşamış, bir qədər gücləndikdən sonra jujanların vassalı olduqlarını elan etmişlər. Çin mənbələri onların bu vaxta qədər "mağarada" yaşadıqlarını qeyd etmişdir. "Mağara" Altayın mərkəzində yer­ləşmişdi. Maraqlıdır ki, adi dağ dərəsi "Suyşu"da "mağara" adlandırılmışdır. (1;96) Beləliklə, Aşinanın "500 ailəsi", gələcək əyanlar V əs­rin əvvəllərində Ordosdan köçüb artıq türkdilli əhalinin yaşadığı Altay dağlarının cənub ətəklərində məskən salmalı olmuşlar. (1;93)

Qumilyovun qeydlərinə görə, türküt xalqı bu dövrdə yeni keyfiyyətlər qazanır, Altay dağlarına qovulduqdan sonra davakar köçəri heyvan­darlardan azadlıqsevər, oturaq həyat keçirən heyvandarlara çevrilirlər. (1;208)

Qumilyov yazır: "Həmin tayfa birləşməsi (müəllif aşinalıları bir neçə tayfanın qarışığı sayır – Q.K .) ilkin dilinin necəliyindən asılı olmaya­raq, V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün tayfalararası ünsiyyət vasitəsi olan syanbi – yəni qədim monqol dili tayfaların ha­mısı üçün anlaşıqlı idi. Bu, komanda, bazar, diplomatiya dili idi. Bu dildə Aşina nəsli 430-cu ildə Qobinin şimal həndəvərinə köçmüşdü". (1;31)

Göründüyü kimi, müəllif monqol dilinin üstünlüyünü, tayfalararası ünsiyyət vasitəsi olduğunu göstərir. Bu, ağlabatan deyil, aşinalıların məhz bu dildə – monqol dilində Qobinin şimal həndəvərinə köçdüyü barədə fikir elmi əsası olmayan fikirdir. Ola bilər ki, belə bir dövrdə monqollar və türklər təzə təcrid olunduqları üçün bir-birini asan anlamışlar. Lakin Aşina tayfasının monqol dili ilə Qobinin şimal həndəvəri­nə köçməsi, 100 il sonra təmiz və zəngin türk dili ilə danışması, bu dildə misilsiz abidələr yaratmağa başlaması barədə fikirlər heç cür ağlabatan deyil və müəllifin daha qədimləri görə bilməməsi ilə bağlıdır. Bütün Şərqə və Qərbə yayılmış türklərlə çox seyrək olan syanbilə­ri-monqolları müqayisə edib, türklərin monqol tayfalarından təcrid olunması qənaətinə gəlmək heç bir məntiqə sığmır. İnsanın Ön Asiya­dan yayıldığını və Ön Asiyada monqol izlərinin olmadığını nəzərə aldıqda monqolların Orta və Mərkəzi Asiyaya gedən türklərdən ayrılmış olduğuna şübhə etməmək olar.

Qumilyovun monqol üstünlüyü, monqol birinciliyi barədə fikirləri davam edir: "Çinlilər Aşina xanlarının təbəələrini Tu-kyu adlandırırdılar. Bu söz Pelyo tərəfindən "türküt" – yəni "türklər" kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə güman etməyə əsas verir ki, hə­min sözlər türk dil mühitinə kənardan gətirilirdi". (1431)

Qumilyovun bu fikri də tam yanlışdır. – üt, -at cəm şəkilçisi monqollardan neçə min il əvvəl Ön Asiya xalqlarının, o cümlədən qədim Azər­baycan tayfalarının (kuti, kassit, lullubi, turukki və s.) və Manna, Midiya xüsusi adlarının tərkibində işlənmişdir. Kuti sözündəki – ti – haq­qında danışılan şəkilçidir – söz "kular" mənasını ifadə edir. (2; 210) Skol-ot, massaq – et sözlərindəki -at, -et də eyni şəkilçidir. Bu şəkil­çi ulu dildən gələn bir morfem kimi bütün iltisaqi dillərdə mövcud olmuşdur, Hami-Sami dillərində də yayılmışdır. Odur ki Aşina tayfasının dilinə monqol dilindən keçməsi barədə fikir doğru ola bilməz. Ona görə də müəllif "Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı" sözlərində və bu cür sözlərin kənardan gətirilmə olması barədə fikrində tam qeyri-elmi mövqe tutmuşdur. Monqol­lar kəmiyyət etibarilə türklərdən daim qat-qat az olmuşlar və monqolların türklərdən ayrılması barədə Poppenin fikri tam ağlabatandır.

Budur, L.Qumilyov fikrini dərinləşdirərək yenə yazır: "Aşinanın adı ilə birləşən həmin "beş yüz ailə", mənşəyindən asılı olmayaraq, hərbi müvəffəqiyyətin dəyişkənliyi onları Çindən Altaya atana qədər öz aralarında monqol dilində danışırdılar. Lakin türkdilli mühitdə yüz il qal­maları, təbiidir ki, danışıq dilinin tezliklə dəyişməsinə gətirib çıxarmalı idi. Onu da nəzərə almaq lazımdır ki, " Aşinanın beş yüz ailəsi" türk dənizində bir damla idi (fərqləndirmə bizimdir – Q.K .). Güman ki, VI əsrin ortalarına doğru Aşina nəslinin üzvləri tamamilə türkləş­miş, monqoldilliliyin əlamətlərini yalnız özləri ilə gətirdikləri titullar sistemində saxlamışdılar".(1;34)

Heç kəsi inandırmaq olmaz ki, 100 il ərzində bir tayfa öz ana dilini unudub türk dilini aşinalılar qədər dərindən mənimsəmiş olsun. Yenə qeyd edirik ki, arada yalnız türk-monqol yaxınlığı, bir-birini anlama ola bilərdi. O böyüklükdə abidələr qoyub getmiş xalq başqa bir dilin yetirməsi ola bilməzdi, odur ki aşağıdakı sözlər heç bir etibar doğurmur: "İndi türk dilləri adlanan dillər ən qədim zamanlarda meydana gəlmişdi, türküt xalqı isə V əsrdə". "Gəlmələrin yerli əhali ilə qaynayıb-qarışması o qədər güclü olmuşdur ki, artıq 100 il sonra – 546-cı il­də onlar qədim türk xalqı, yaxud türküt adlandırılan vahidə çevrilmişdilər". (1;34) Sonrakı qeydlərimiz də göstərəcək ki, bunlar əsassız söhbətlərdir.

Qumilyovun əsərində Aşinanın tarixi, dili və nə üçün daim "köçərilər" adlandırıldığı obyektiv izahını tapa bilməmişdir. Nə vaxtsa, monqol dilinin türklər üçün də ümumünsiyyət vasitəsi olması isə xəyali fikirlərdəndir.



İndi biz Aşinanın türk mənşəyi barədə əqli və nəqli dəlilləri nəzərdən keçirəcəyik. Görək aşinalılar haradan gəlmişlər, kimdirlər və nə üçün daim türk və monqol tayfaları arasında "köçərilər" adı ilə tanınmışlar.

"Umiyakov ehtimal edir ki, "türk" sözü XII-XIII əsrlərdə türklərin ümumi adından başqa, həm də çox ehtimal ki, " bundan əvvəl də ayrılıqda götürülmüş bir türk tayfasının adını bildirirdi" (fərqləndirmə bizimdir – Q.K .). Şübhəsiz ki, bu belədir. Bizim təklif etdiyimiz şərti "türküt" termini hətta E.Şvann kimi bir analiz nəhənginin də qurban getdiyi anlayış və kənara çıxma dolaşıqlığından xilas olmağa imkan verir". (1,180) "Türk" sözünün, eyni zamanda, konkret bir tayfanın adı olması barədə fikir ciddi və əhəmiyyətli fikirdir. Odur ki Qumilyovun bura­da gətirdiyi sitat və öz qənaəti doğrudur.

Qumilyov aşinalıların mənşəyi ilə bağlı əfsanəni nəzərdən keçirərək düzgün nəticə çıxarmışdır: "…biz bir əfsanənin mətni daxilində iki süjetin kəsişməsi – mifoloji (mənşəyini dişi canavardan götürmək) və tarixi (türkütlərin bir hissəsinin əcdadlarının Altaydakı dağ vadiləri­nə qaçması) ilə qarşılaşırıq". (1; 96) Məlum olan birinci məsələdən (dişi canavar) fərqli olaraq, ikinci məsələ (türkütlərin Altaydakı dağ va­dilərinə qaçması, daha doğrusu, Altay ərazilərinə gəlməsi) köklü və maraqlı məsələdir. Lakin qeyd edilən qaçıb-gəlmə prosesinin ilkin nöqtəsi – başlanğıcı Qumilyov üçün tam şəkildə məchul və qaranlıqdır. Müəllif başlanğıcın Ön Asiya olduğunu qətiyyən ağlına gətirmir.

"Aşina Ordosdan qərbdə, Xuanxe və Nanşan çayları arasında yerləşən Xesinin hakimi, hun knyazı Muğana tabe idi. 439-cu ildə tobalar hunlara qalib gələrək Xesini Vey imperiyasına birləşdirəndə knyaz Aşina "beş yüz ailə" ilə jujanların yanına qaçdı və Altay dağlarının cə­nubunda məskunlaşaraq jujanlar üçün dəmir emal etməyə başladı". (1;31, 3;.221) Bu sözlərdən aydın olur ki, ilkin məlumata görə, aşina­lılar V əsrin əvvəllərində hun tayfaları tərkibində olmuş, çinlilər Xesi ərazilərini işğal edərkən Çin asılılığından imtina edərək V əsrin ortala­rında Altay dağlarının cənubuna – türk tayfaları olan əraziyə qaçmış və o dövrün bir qədər irticaçı sayılan türk tayfası jujanların asılılığını qəbul etmiş, onlar üçün dəmir istehsal etməyə başlamışlar (Bunu bir az əvvəl də demişdik). Qısası, ən pis türk asılılığını Çin əsarətindən üstün tutmuşlar. Burada bizim üçün ən qiymətli məlumat tobaların-çinlilərin işğal etdiyi Xesinin hun hakiminin Muğan titulu daşımasıdır. Aşina "Hun knyazı Muğana tabe idi" sözlərindən aydın olur ki, Aşina tayfasının da daxil olduğu bu knyazlığın hakimləri Muğan titulu da­şıyırlar. Maraqlı cəhət budur ki, həmin knyazlıqdan ayrıldıqdan sonra Aşina hakimləri də bu titulu daşımışlar. Deməli, knyaz Muğana ta­be olan tayfalar qohum tayfalardır. Əgər Aşina tayfası Muğanın knyazlığında bir sıra tayfalarla təsadüfi birləşmiş olsa idi, Aşina hakimləri Muğan titulu daşımazdılar. Misallara diqqət yetirək.

552-ci ildə Bumın xaqan öldükdə yerinə oğlu Qara İssık xan keçir. O da tez ölür və hakimiyyətə Qara İssık xanın qardaşı (Bumının kiçik oğlu) Kuşu çıxır. Kuşu Muğan xan titulunu qəbul edir: "Bu xanın aşağıdakı adları vardı: vəhşi heyvan adı- Tszuşu (yəni Kuşu – Quş), nə­sil adı – Sıqin (yəni nəvə, qardaş oğlu), ləqəbi – Yandı (yəni qalib), titulu – Muyuy, yaxud Muğan. Biz elmi ədəbiyyatda daha çox işlədi­lən sonuncu addan istifadə edirik".(1,38) "554-cü il knyazlığın imperiyaya çevrilməsi ili idi… Muğan xan artıq öz şimal sərhədlərini möh­kəmləndirmişdi" (1;40) – cümləsi və əsər boyu qeyd edilən bir sıra adlar da göstərir ki, Muğan xan işlək titul olmuşdur. Aşinanın əvvəlcə tabe olduğu hun knyazı da Muğan titulunu daşıyır, Aşina hakimləri də. Deməli, təklikdə Aşina deyil, böyük hun knyazlığı bu titulun daşıy­ıcıları olmuşlar. Tədqiqatçılar bunları üzə çıxarmışlar, lakin təəccüblü orasıdır ki, bu titulun haradan yarandığına əsla fikir verməmişlər.

Muğan sözü necə əmələ gəlmişdir? Harada yaranmışdır? Muğan haradadır? Və nə üçün bu suallara cavab axtarılmır?

Məlumdur ki, Muğan cənublu-şimallı Azərbaycanın ən qədim ərazisidir. Muğan müğlərin, mağların yaşadığı ərazidir. Mağlar Azərbayca­nın və dünyanın ən qədim mədəni tayfalarındandır – türkdilli Azərbaycan tayfasıdır. (2; 258 – 272) Aşina hakimlərinin Muğan titulu daşı­ması iki çox mühüm məsələni aydınlaşdırmağa kömək edir: Muğan titulu daşıyanlar hunlar-türklərdir, deməli, mağlar türk tayfalarından­dır; ikincisi, mağların vətəni Azərbaycandır, deməli, Muğan titulu daşıyan Xesi hunları və o cümlədən aşinalılar Mərkəzi Asiyaya Ön Asi­yadan – Muğandan gəlmişlər.

Burada aydınlaşdırılmalı başqa məsələlər də var.

Qumilyov yazır: "Qaçqınların gəlib çıxdıqları Monqolustan Altayının ətəkləri hunlardan törəyən və türk dilində danışan tayfalarla məskun­laşmışdı. Knyaz Aşinanın drujinası da həmin aborigenlərlə qaynayıb-qarışdılar və onlara "türk", yaxud "türküt" adı verdilər". (1;33)

Kim verdi, niyə verdilər bu adı onlara, – bunlar Qumilyov üçün aydın deyil. Bu barədə bir qədər sonra danışacağıq. Hələlik başqa bir mə­sələyə diqqət yetirək, yuxarıda verdiyimiz bir cümləni yenə xatırlayaq: " Aşinanın beş yüz ailəsi" türk dənizində bir damla idi ".(1;34) De­məli, Altayın ətəkləri türk tayfalarından ibarətdir; aşinalılar bunlara münasibətdə "qaçqın" və ya "köçəri" hesab olunur və nəhayət, aşinalı­lar türk dənizində bir damladır. Görünür, bu məsələlər yaxşı öyrənilməyib, çünki digər tərəfdən də L.Qumilyov özü qeyd edir ki, çinlilər türkütləri "ağacın kökü", qalan tayfaları isə "yarpaqlı budaqlar" hesab edirdilər". (1;284) Bu sözlər göstərir ki, köçərilər (türklər-türkütlər) nazik və kövrək fidan kimi o qədər də zəif olmamış və müxtəlif bölüklərdən ibarət olmuşlar.



Aydın olur ki, Orta və Mərkəzi Asiya çoxdan türk yurdudur, yəni Ön Asiyadan bu yerlərə köçən türklər, bəlkə, öz köçmə tarixlərini də unutmuşlar. Lakin aşinalıların gəlmə tarixi o qədər də uzaq deyil, ona görə də onlar qaçqın hesab olunurlar. Ətraf hamısı türk aləmidir və qaçqınlar – köçərilər onların arasında bir damla kimi seçilir. Bu müəmmada mühüm məsələ aşinalıların haradan gəlməsi məsələsidir. Ha­radan və nə vaxt gəlmişlər? Nə üçün gəlmişlər?

Köçəri həyatına başlanmasının və bir çox tayfaların öz yurdlarını dəyişməsinin səbəbləri çoxdur. Bu cəhəti Qumilyov özü də yaxşı izah etmişdir: "…örüş və otlaqların məhdudluğu, ən başlıcası isə suyun çatışmaması köçəriləri öz sürülərini bölməyə məcbur edirdi. Nəticədə köçəri həyat keçirən ailələr də bölünməli olurdular. Otlaqların bölünməsi və onların sərhədlərinə ciddi nəzarət köçərilərin örüş, suvat və ov yerləri üçün qaldırdıqları amansız qardaş qırğınının qarşısını almaqdan ötrü yeganə vasitə idi". (1;87) Düşmən tayfalarla amansız müharibələr də köçəriliyə səbəb ola bilirdi. Təbii ki, Aşina ailəsinin Orta və ya Mərkəzi Asiyaya gəlişi də bu səbəblərdən biri ilə bağlıdır, lakin onların bu yerlərə nə vaxt gəldikləri barədə L.Qumilyovun fikirləri ziddiyyətlidir.



Xatırlayaq ki, aşinalıların mənşəyi haqqında iki əfsanə vardır. Daha tipik olan birinci əfsanədə deyilir: Qonşular bu nəsli qırıb-qurtarmış, yalnız 9 yaşlı bir oğlan xilas olmuşdur. Düşmənlər onun əllərini və ayaqlarını kəsərək bədənini bataqlığa atmış, burada dişi qurd həmin oğlandan hamilə olmuşdur. Dişi qurd Altaya qaçıb orada on oğul doğmuşdur. Onlar artıb – çoxalmış və bir neçə nəsildən sonra Asyan-şe adlı birisi bütün aymağı ilə mağaradan çıxaraq özünün Jujan xanının vassalı olduğunu etiraf etmişdi.

Qumilyov göstərir ki, əfsanələrin ikisi üçün də səciyyəvi cəhət onların hər ikisində tarixi hadisəyə – Aşina ordasının Qansudan köçməsi­nə kiçicik bir işarənin olmamasıdır. "Ona görə də əfsanələrin Altayda meydana çıxdığını, bəlkə də, gəlmələrin müstəsnalıq hüququnu əsaslandırmaq üçün məxsusi olaraq yaradıldığını düşünmək mümkündür". (1;32) Buradakı son fikir yenə əsassızdır. Aşina ordasının Qansudan köçməsinə dair heç bir işarənin olmaması tam təbiidir. Müəllifin buna təəccübünə səbəb bəşərin inkişaf və yayılma istiqaməti barədə xəbərsizliyidir. Əfsanənin Altayda müəyyən məqsədlə məxsusi yaradılması fikri də doğru ola bilməz. Bir yerdən başqasına köç­məklə, həm də o qədər uzaq olmayan bir məsafəyə, yeni əfsanə yaranmazdı. Əfsanə, fikrimizcə, tam köklü əfsanədir və tayfanın hara­dan gəldiyini dəqiq şəkildə bildirməkdədir. Elə birinci əfsanənin maraqlı cəhəti aşinalıların əcdadları barədə məlumat verilərkən onların " Qərb ölkəsindən qərbdə yaşayan hunlar evinin nəsli" kimi səciyyələndirilməsidir.(32) Qərb ölkəsindən qərbdə yaşayan hunlar evinin nəs­li... Müəllif bu məlumatı bir məqamda Attila ilə əlaqələndirməyə çalışmış və V əsrə aid etmişdir. Halbuki həmin əsrin ortalarında aşinalıla­rın Xesidən Altaya köçdükləri məlumdur.

Əvvəlcə məkanı aydınlaşdıraq. "Qərb ölkəsindən qərbdə yaşayan hunlar" – sözləri ikiqat qərb anlayışı bildirir; birincisi Altayın qərbidirsə və burada Qərbi türk xaqanlığının yerləşdiyi Altaydan Xəzərəqədərki ərazilər nəzərdə tutulursa, ikincisi, bu qərbin qərbidir. Bu "qərbin qər­bi" isə artıq Ön Asiya əraziləridir.

Dediyimiz kimi, Qumilyov "qərb hunları" dedikdə bir məqamda Attilanı nəzərdə tutur və çox məntiqsiz bir müqayisə apararaq yazır: "Be­ləliklə, bu əfsanəyə görə Altay türkləri – tukyular (türkütlər) mənşəcə Qərb hunlarından törəmişlər". "…nəzərə alsaq ki, Qərb hunları 468-ci ildə məhv edilib, türklər isə xalq kimi artıq 545-ci ildə tarix səhnəsinə gəliblər, onların artım sürətinə və nəsillərin bir-birini əvəzlə­məsinə yalnız heyrətlənmək olar". (1,32) Aşina 430-cu ildə Qobinin şimal həndəvərinə köçübsə, bunun 468-ci ildə məhv edilən Qərb türkləri – Attila hunları ilə nə əlaqəsi ola bilər? Amma Qumilyovun "qərbin qərbi"ni Cənubi Avropada, Bizans ətrafında, Xəzərin şimal sa­hillərində, Qara dəniz ətrafı ərazilərdə düşünməsi onun sövqi-təbii duyğularının üstünlüyünü təsdiq edir. Beləliklə, bu türklər Attila türkləri ola bilməzdi. Bunu müəllifin aşağıdakı sözləri də təsdiq edir: "Bölgə sisteminin prototipi çox güman ki, II əsrdə cənubi hunlar arasında mövcud olmuş taxt-tac varisliyi idi: V əsrdə Aşina nəsli knyazlarının əcdadları onlarla ünsiyyət saxlamışdılar". (1;73) Yəni müəllif demək istəyir ki, aşinalıların quruluş sistemi II əsrin cənub hunlarının quruluş sisteminə uyğun idi. Bu sözlər də Aşina ictimai quruluşunun Attila hunları ilə əlaqəsini inkar edir.

Qumilyov qonşular tərəfindən aşinalıların qırılması əhvalatını 93-cü ildə şimal hunlarının məğlubiyyəti ilə də əlaqələndirmişdir: "Həqiqətdə də bu tarixi süjet (tayfanın qırılması, 9 yaşlı oğlanın qalması və dişi canavar əhvalatı – Q.K .) müsəlman müəlliflərindən Rəşidəddinin, Xondəmirin, Əbülqazinin əsərlərində bütöv şəkildə göstərilmişdir – Ərkənə kun – yəni sərt eniş. Çox güman ki, biz burada qədim tarixi hadisənin – 93-cü ildəki məğlubiyyətdən sonra şimal hunlarının Tarbaqatay keçidindən getməsinin və onların bir hissəsinin daimi yaşa­maq üçün Altayda qalmasının əksi ilə qarşılaşırıq". (1;97)

Nəhayət, müəllif özü də əfsanənin göstərilən tarixlərə uymadığını qeyd edərək yazır: "Uyğurların və Aşina ordasının sözün həqiqi məna­sında totemist olduqlarını iddia etmək böyük risqə yol vermək demək olardı. Çünki mənbələrdə onların canavara xüsusi münasibətləri ba­rəsində heç nə deyilmir. Lakin biz burada həmin heyvana totem sitayişinin qədim izlərini görürük, öyrəndiyimiz dövrdə isə bu artıq əcdad­lara sitayişə çevrilmişdir".

Deməli, əcdad məsələsində totem əsasdır, lakin təsvir edilən dövrdə tayfanın dini görüşlərində totemizm yoxdur. Bu o deməkdir ki, to­tem-əcdad məsələsi təsəvvür edildiyindən çox-çox qədim dövrlərə aiddir. "B.X.Karmışeva güman edir ki, "türklər" Orta Asiyaya gəlmə türklərin nəsillərinə aiddir və onlar ehtimal ki, karlukların əcdadlarından da daha əvvəl gəlmişdilər". Türkütlərin Orta Asiyaya gəlmə türklə­rin qədim nəsilləri olması barədə B.X.Karmışevanın qənaəti daha əsaslıdır.

Bütün dəlillər göstərir ki, aşinalıların Orta Asiyaya gəlmə tarixi Altayın aborigenləşmiş türklərindən sonrakı dövrlərə aid olsa da, eradan əvvələ aiddir.





Bu fikrin daha ətraflı sübutu üçün, hər şeydən əvvəl, türk sözünün meydana çıxma tarixindən başlamaq lazımdır. Türk sözü ilk dəfə e.ə.XXIV əsrdə Assur yazılarında xatırlanır. Turukki şəklində özünü göstərən bu söz və bu adı daşıyan tayfa Ön Asiyanın – Azərbayca­nın çox güclü tayfalarından biri olmuşdur. Yırtıcı assurlar uzun müddət onlarla bacarmamış, məcbur olub qohumluq əlaqələrinə əl atmış­lar. Şumer-akkad yazılarında turuk/ türük şəkillərində dəfələrlə xatırlanmışdır:

Aşh-şhum awili mesh Tu-ru-ki-iki …Aşum (məğlubiyyətim) iləməz Türükü ki… (Cinayət törətmək türkə başucalığı gətirməz ki…) (17; 258) Yaxud:

um-ma a-na-ku-ma lu Tu-ru-ku-u ki

sha ki-ma-ish-tu ul-la-num i-la-ku-nim

Umma una ki malu Türükü ki

Saki maistü ulanum ilə künüm



(Türkü mal yığan hesab eləmə, günüm elə olanım ilə də xoşdur) (17; 255 – 256; tərcümələr Nüvədilinindir; əlavə məlumat üçün bax: 2; 88 – 93).

İddia etmək olmaz ki, turukkilər məhv olmuş, dişi canavar əfsanəsində göstərildiyi kimi, onların nəsli totem yolu ilə – dişi canavarın kö­məyi ilə xilas ola bilmişdir. Ola bilər ki, tayfanın bir qolu – Xesidə knyaz Muğanın başçılıq etdiyi türklər həqiqətən qonşulardan biri ilə toq­quşmada çoxlu itki vermiş, Orta Asiyaya qaça bilmişdir və aşinalılar da bunların bir qoludur. Odur ki, şübhəsiz, Muğan titulu ümumi ol­duğu kimi, dişi canavar əfsanəsi də təkcə aşinalılara deyil, knyaz Muğanın bütün türklərinə – hunlarına aid olmuşdur. Lakin bu da mə­lumdur ki, eradan əvvəlki III və II minilliklər boyu turukkilərin (turukların) əsas qüvvəsi Azərbaycan ərazisində – öz vətənində yaşamış, Azərbaycan dövlət qurumlarının tərkibində olmuşlar. Azərbaycanda daim türk sözü, türk etnik adı, bu adla yaşayan tayfa üstün olmuş­dur. Hətta o dərəcədə ki, aşinalılar böyük xaqanlıq yaratsalar da, sonralar bu adı saxlaya bilməmiş, lakin keçən minilliklər ərzində Azər­baycan türk xalqı daim türk adı ilə tanınmışdır. Çünki türk bu ərazidə kökdür, əsasdır. Orta Asiyada isə, nə qədər artıb çoxalmış olsa da, gəlmədir, köçəridir, qaçqındır. Əgər bütün tayfalar Orta və Mərkəzi Asiyaya Ön Asiyadan köçmüşlərsə (bu, artıq inkaredilməz tarixi faktdır), aşinalıların Ön Asiyadan – qərbin qərbindən gələn köçəri və qaçqınlar olduğuna heç bir şübhə ola bilməz.

Xəzərin qərbində yaranmış və möhkəm kök salmış bir etnonimin təzədən Xəzərin şərqində qəflətən meydana çıxması haqqında fikir bil­məzlik və ya qəsdən tarixi həqiqəti görməzliyə salmaqdır. Bunlar göstərir ki, türk etnik adının tarixi çox qədimdir və bu söz aşinalıların Çin ərazilərindən Altayın ətəklərinə qaçması ilə yaranmamış, tayfa ilə birlikdə Ön Asiyadan gəlmişdir. Deməli, Çin mənbələri Xesi ərazi­sində olan hun-türkləri öz etnik adı ilə deyil, dövrün tayfa başçısına özlərinin (çinlilərin) verdiyi adla qeydə almışlar. Bu, mümkün olan tə­bii haldır.

Türkütlərin Ön Asiya mənşəli olduqlarının təsdiqi üçün yandı, baqa, irgen, tenqri sözlərini və bir sıra başqa faktları da nəzərdən keçirmək olar.

Yandı sözü, yuxarıda qeyd etdiyimiz kimi, L.Qumilyov tərəfindən "qalib" mənasını bildirən bir ləqəb kimi izah edilmişdir. Əslində isə bu söz mənşə etibarilə e.ə. III minillikdə şumer dilindəki ensi sözüdür. Ensi – kahin-hökmdar deməkdir. Məsələn, e.ə.XXIII əsrdə Laqaş ha­kimi Uruinimkina özünü əvvəlcə ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırmışdır. (2;61) Bu söz isə mənşə etibarilə En (göy allahının adı) sözü ilə bağlıdır. Şumerlər bu sözü bizim mağlardan almışlar. Mağların dini hakimi də ensi adlanırdı. (2;62 – 63) Söz bu mə­nanı daha əvvəllər yalnız en şəklində ifadə etmişdir. XXIII əsrdə İkiçayarasını işğal edən Kuti hökmdarı En-Ridavazir adında En kahin-hökmdar deməkdir.(157) Söz Manna türklərində yanzi şəklində qeydə alınmışdır. Mannanın Allabria vilayət hakimi Yanzi-Buriaş adını (e.ə.843) xatırlamaq kifayətdir. III Salmanasarın salnaməsində deyilir: "Mən allabrialı Yanzi-Buriaşın möhkəmləndirilmiş Şurdira şəhəri­ni…ələ keçirdim" (4;197); z > d keçidi ilə yanzi sözünü türkütlərdə yandı kimi oxumuşlar. Bəlkə də bu səs qovuşuq dz səsidir – Adzar­badakan sözündə olduğu kimi. Deməli, söz Orta Asiyaya Azərbaycan tayfalarından ayrılıb gedənlər tərəfindən aparılmışdır. E.ə.III minil­likdə en, ensi , I minillikdə yanzı, türkütlərdə isə yandı şəklində işlənmişdir. Türkütlərdə son formanın olması göstərir ki, onlar Ön Asiya­dan e.ə.I minilliyin ikinci yarısında ayrılmışlar.

Baq/baqa sözü. İliqyuylu Şe Moxe Şabolo-İl Külüq-şad Baqa Işbara adının tərcüməsi: "Ölkənin şərəfli şadı, ilahi qüdrətli xan". (1;57) Və ya: Qara İssık xanın oğlu Şetunun hakimiyyəti ələ alması və İl-külüq şad Baqa Işbara xan titulunu qəbul etməsi. (1;127) Müəllif bu adı aşağıdakı kimi izah etmişdir: "Dövlətin (elin) şərəfli şadı, ilahi (Baqa, bəlkə də, böyük – maqa) Işbara (qüdrətli, amansız; Çin dilində Şa­bolo)". (1;127)

Baq – Azəprbaycan tayfalarının dilində çoxişlənən allah adı olmuşdur. Madanın qərbindəki Musasir ərazi hakimlərindən Baqmaştu, Baq­bartu adlarını yada salmaq olar. Sözün kökü – ba (allah, bəy, kahin, rəis və s.) qədim Azərbaycan tayfalarının ümumişlək sözlərindən ol­muşdur. Azərbaycanda Bağıstan adlı vilayət də olmuşdur. Bağıstan adlı həmin mərkəzi vilayətə İskəndərin gəldiyi də məlumdur. b >m keçidi ilə mağ sözü, Manna, Mada kimi əzəmətli toponimlər də bu kökdəndir və bunlar Orta Asiya Aşina tayfa hakiminin özünü Baqa ad­landırmasının təsadüfi olmadığını, onların Ön Asiya-Azərbaycan mənşəyini güzgü kimi əks etdirir. (bax:2;265)

E.ə.I minilliyin əvvəlində Manna, Mada toponimləri artıq işlək toponimlər idi. Deməli, b>m keçidi e.ə. azı II minilliyə aiddir. Bunlar göstərir ki, türkütlərin Baqa ləqəbi eradan əvvəlin yadigarıdır.

Aşinalılar irken sözü işlədirdilər. Qumilyov yazır: "A.N.Kononovun "irken" ( ir – ər, kin – çoxluq şəkilçisi) termini ətrafındakı araşdırmaları göstərir ki, "Erkin-irqin" (hərfi mənada "kişilər yığnağı") müstəqil anlayışdır, başqa sözlə desək, xana, bəyə münasibətdə budun olmaq mümkündür, xalq isə bir etnos kimi "kün" adlanırdı". (1;75) Fikrimizcə, A.N.Kononov sözün mənasını düzgün açsa da, L.Qumilyov siya­si mənasını anlaya bilməmişdir. "Kişilər yığıncağı" qədim ali şuradır, ilkin ictimai təşkilatdır. Heç şübhəsiz, bu söz şumer dilindəki uq­ken – "xalq yığıncağı" sözünün varisidir. (5;53 – 54)

O.Süleymenov da bu sözü misal gətirmişdir.(6;101) Uqu/uq – nəsil, ailə, ana mənasındadır; uq-ken – "yığıncaq" deməkdir; den-es/gen-eş – Şura, gənəşmək, yığıncaq mənasını verir.(2,138) Rəşidəddinin əsərində "kənkeş (gənəş) bəyləri" ifadəsi də eyni mənada – hərbi de­mokratiya dövrünün arxaik siyasi qurumu mənasındadır. Tədqiqatçılar bizim "Dədə Qorqud"da da eyni təşkilatın "inaq bəyləri" adı ilə da­vam etməkdə olduğunu göstərmişlər. (7;58,263) Bunlar göstərir ki, irkin sözünü aşinalılar Ön Asiyadan gətirmişlər. Uqken şəklindən bir qədər fərqlənməsi onun III minillikdən sonrakı dövrə aid olduğunu göstərir.

Dini görüşlərə diqqət yetirək. Türküt xalqının dini görüşlərindən "Səma kultu – Tenqri Orxon kitabələrində də qeyd olunmuşdur".(1;93) "Ondan başlamaq lazımdır ki, tele tayfaları da türkütlər kimi, əcdad-canavar haqqında əfsanəyə malik idilər: bu fikirdə idilər ki, onlar ca­van oğlandan mayalanmış qurddan doğub-törəyiblər, uyğurlar isə canavara təslim olmuş qızın nəslinə mənsubluqlarını zənn edirdilər (Qız onunla əlaqəyə girən canavarı Səmanın təcəssümü hesab edirdi). İki paralel əfsanədə kişi və qadın başlanğıclarının nisbəti diametral əks­dir və bu təsadüfi xarakter daşıya bilməzdi, çünki VIII əsrin dualist dünyagörüşündə cins simvolikası müəyyənedici prinsip idi. Səma ata, Yer isə ana sayılırdı və Səmanı türkütlər kimi insan ( fərqləndirmə bizimdir – Q.K .) , yaxud uyğurlar kimi vəhşi heyvan saymaq heç də bir-birinin eyni deyildi. Zahiri oxşarlıqlarına baxmayaraq, əfsanələrin paralelliyinin özündə nəzərə çarpdırılan bir əkslik var. Çox ehtimal ki, bu, təsadüfi deyildi, çünki paleantropologiya türkütlərin və uyğurların müxtəlifliyini təsdiq edir". (1;215)

Bu sözlərdə aşinalıların Ön Asiya köçəriləri olduğunu sübut edən iki mühüm dəlil vardır. Birincisi tenqri sözü ilə bağlıdır. Bizim tarixçilər bu sözün uzağı e.ə. III əsrdə qeydə alındığını göstərmişlər. (8;31) E.ə. 1700-cü ildə Nippur şəhərində tərtib edilmiş iki şumer elegiyasın­da bu söz "dinqir" şəklində dəfələrlə işlənmişdir. Bir nümunə: 98. dinqir-kur-ke, sud (= KA X SU)-de mu-ra [ah(?)-be(7)] – Boqi zaqrobno­qo mira budut [proiznositğ (?)] molitvı za tebə. (9;18; 2,446)

İkinci məsələ, yəni Səmanın ata (həm də uyğurlardan fərqli olaraq insan), Yerin isə ana sayılması yenə şumerlərin ilkin dini görüşləri ilə bağlıdır. Şumer əfsanəsi belədir:

İlk əvvəl bütün dünya suya qərq olmuşdu. Okean sularının dərinliyində bütün varlığın "böyük anası" sayılan ilahə Nammu yaşayırdı. Nam­munun bətnindən yarımkürə şəklində dağ qalxmışdı. Dağın başında "böyük ata" allah An , dənizdə – yastıvarı lövhə üzərində ilahə Ki ya­şayırmış. Onlar bir-birinə bitişik imiş… Bir gün Enlil (onların – An ilə Kinin oğlu) mis bıçaqla göy qübbəsinin qırağını kəsir, An zarıya-za­rıya göyə qalxır və Kidən aralanır, dünyanın əzəmətli qalaydan yarımkürə örtüyü havadan asılı qalır.(bax: 10;2,144) Deməli, Tanrı anlayışı da, Səma və Yer allahı məsələsi də Orta Asiyaya Ön Asiyadan keçmişdir. Aşinalıların göy allahını kişi, Yer allahını qadın kimi təsəvvür etmələri həm onların bilavasitə şumerlərin bir qolu olduğunu təsdiq edir, həm də əks əlaqəni – şumerlərin türk olduğunu əsaslandıran bir dəlil kimi çıxış edir.

Tayfanın adı məsələsi . "Aşina" sözünün mənası "canavar" deməkdir. Xesidə (Çinin şimalında) olanda qonşular Aşina xanları ilə "qurd" sözünü sinonim kimi işlədirdilər: Tobaların hücum təlimatında deyilirdi: " Bu tədbirləri görmək lazımdır: köçərilərə hücum etmək və qurd­ları qovmaq ".(1;32) Qumilyov qeyd edir ki, türk dilində canavara buri , yaxud kaskır , monqol dilində isə şono/çino deyirdilər; "a" çin dilin­də hörmət prefiksidir. Başqa sözlə, "Aşina" – "nəcib canavar" deməkdir. Sözün çin təsirinə məruz qalmayan ərəb variantı "Şane" kimi yazıya alınmışdır. (1,31) Eyni əfsanə (canavardan doğulma) tele tayfası haqqında da qalmışdır. "Aşina ordaları kimi, bu tayfalar da Xal­xuya Sarı çayın sahillərindən gəlmişdilər. Əgər belədirsə, onda canavar-əcdada münasibətdəki totemistik ünsürün eyni qaynaqdan gəl­diyini güman etmək tam təbii səslənir". (1,97) "Beləliklə, VII əsrdə Altayda iki dini sistemin – Sibir xalqları ilə bağlı animizmin, habelə türk və monqoldilli köçərilərin böyük çölün cənub ucqarlarından gətirdikləri totemistik çalarlı əcdad kultunun mövcudluğunu görürük". Çin mənbələrindəki Buli – "Buri" deməkdir. Yeri gəlmişkən, bu adın "Şeni" (Şono) formasındakı monqol variantı da mövcuddur". (1;97)

Nümunələrdən aydın olur ki, Aşina sözünün əsasında duran Şina/Şono/Şeni/Şane sözünü Qumilyov monqol sözü hesab etmişdir. Lakin biz monqol lüğətlərində bu sözün izlərinə rast gəlmədik. Şübhə doğuran bir cəhət də budur ki, sözün əvvəlindəki a prefiksinin çin dilinə aid olduğu göstərilir. Monqol sözünə çin prefiksi nə üçün artırılır? Türkütlərin bu adı daşıdığı ilkin ərazi – Xesi Şimali Çin ərazisidir və əha­li monqollarla qarışıqdır. Bu ad, şübhəsiz, kənar addır. Monqol dilində şine – "yeni" deməkdir; şine jil – "yeni il". Belə olduqda bu söz türk dillərindəki "yeni doğulmuş" mənasında ənik sözünə uyğun gəlir. Ərəb dilində şane , rus dilində şenok (it balası) şəklində işlənməsi göstərir ki, bu söz kök dildən – ulu dildən gələn bir sözdür. L.Budaqov ənik (gənc heyvan, it balası, şir balası), ənikləmək (küçükləmək) sözlərini işlətmişdir.(11; I,103) V.V.Radlov ənik sözünün Osmanlı dilində yırtıcı heyvan balası, xüsusən də it, canavar mənasında işlən­diyini (12; I,733 ) qeyd etmiş, anıkmaq felini "böyümək" mənasında izah etmişdir (12; I,233). Sözün kökü ene, ana şəkillərində bütün türk dillərində yayılmışdır. E.Sevortyan ilkin formanı ana hesab etmiş, ene formasının nisbətən sonralar ana sözündən yarandığını qeyd etmişdir. (13;279) Enik sözü müxtəlif türk dilləri və dialektlərində ayı balası, it balası, şir balası, goreşən balası, pələng balası mənaların­dadır, yeni sözünü isə M.Kaşğari "doğmaq" mənasında izah etmişdir. (13;282)

Bunlar göstərir ki, şina sözü ana sözündəndir; ana sözündən eni/yeni ("doğmaq") və yenək/ənik – "doğulmuş, körpə, balaca" sözləri ya­ranmışdır, tatar dilində "uşaq", "körpə" mənası da qalmışdır. (13,282) Söz təbii olaraq həm insana, həm də heyvanlara aid edilmişdir. Türkləri qurd və beləliklə, qurd oğlu, qurd balası maraqlandırmışdır. "Çin tarixçiləri "türk xanı" və "qurd" anlayışlarını sinonim sayırdılar". (32) "Aşina əslən "qurd" idi. Odur ki çox qədim əlaqənin mövcudluğu şübhə doğurmur". (1,98)

Sözün şina/şono şəkli daha çox çin dilinə aid ola bilər. Qədim türkcədə sözün əvvəlində samitin düşdüyü məqamda çin dilində ş samiti işlənmişdir: türkcə İstəmi xaqanın adı çin dilində Şetemi şəklində qeydə alınmışdır.(1;35) m>n keçidi ilə bu sözlər şumerdəki ama (ana), amar (əmər, bala) sözləri ilə eyni köklüdür. (2;134) Aşina sözü abidələrdə yoxdur. Aşina – knyazın adıdır və tobaların (çinlilərin) yazısın­da qalmışdır. Heç şübhəsiz, knyazın adı öz dilində belə olmamışdır. Bu söz sadəcə olaraq çinlilərin türküt knyazını öz adı ilə deyil, qurd mənasını verən bir sözlə adlandırmasıdır.

Qumilyovun düşüncəsi: "F.Ratselin Mərkəzi Asiyadakı od kultunun zərdüştiliklə əlaqəsi haqqında ehtimalı da həqiqətdən uzaqdır. Çünki burada yalnız zahiri bənzərlik var. İranda möbülan-möbüd müqəddəs oda yaxınlaşarkən sifətinə örtük taxırdı ki, nəfəsi ilə odu murdarla­masın, türkütlərdə isə od vasitəsilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri qorxudurdular. Məsələ burasındadır ki, İranda od dini si­tayiş obyekti, türküt tayfalarında isə magiya vasitəsi idi, yəni əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmurdu". (1;103) Atə­şpərəstlik Sasanilər İranında rəsmi dini dünyagörüş idi. Türklər sasanilərdən çox-çox əvvəl Ön Asiyadan ayrılıb getmişdilər. İndinin özündə də bizim xalqda oda sitayişlə yanaşı, odun vasitəsilə bəd ruhları qovma düşüncəsi də vardır. Magiya isə Azərbaycan mağları ilə bağlı yaranmış, mağların yaratdığı cadugərlik nümunəsidir. Odur ki F.Ratselin fikrini yanlış hesab etmək doğru deyildir və bunlar aşinalıla­rın dini görüşlərinin mənşə etibarilə Ön Asiya ilə bağlı olduğuna şöbhə doğurmur.

Qumilyov köçəriləri, yəni sonra gələn bu türkləri "yerli", yəni daha əvvəllər gələn türklərdən fərqləndirərkən bir mühüm cəhəti də qeyd et­mişdir. Türkütlərlə yerli türklər geyimlərinə görə də fərqlənmişlər. Müəllif qəbirüstü abidələri – balbalların quruluşunu nəzərdən keçirərək yazır: "Burada mühüm etnoqrafik əlamət – baş geyimi həkk olunmuşdur. Çöldə yaşayanlar şişuclu, altaylılar isə yastı girdə papaq qoyur­lar". (1;307) Çöldə yaşayanlar – aşinalılar-köçərilərdir. Müəllif hətta dəqiq hesablamalar da aparmışdır: "…bizim öyrəndiyimiz 486 balbal­dan 329-u şişuclu, 157-si yastıbaşlıdır". (1, 307) Bu çox maraqlı detal türkütlərin Orta Asiyaya köçmə tarixi ilə bağlı bəzi detalları izah et­məyə imkan verir. E.ə.I minilliyin əvvəlində (VIII əsr) Azərbaycan ərazilərinə ayaq qoyan köçəri sakların bir qismi şişpapaq saklar idi: "Mi­ngəçevirdə aşkara çıxarılmış üzük-möhürlərin üzərindəki təsvirlər də sübut edir ki, torpaq qəbirlərdə dəfn edilmiş fərdlər sak-skiflərdir. Üzük-möhürlərdən birinin üzərində başında şiş papaq və əynində səciyyəvi sak geyimi olan sak-tiqrahauda təsvir edilmişdir". (4; 213-214) Tiqrahauda sözünü qədim fars dilində tiqra – iti və hauda – dəbilqə, dəmir papaq sözləri ilə izah etmişlər. Əslində isə tiqrah sözü türkcə "dikrək" sözüdür: dik-rək, şiş .(2; 323) Aydın məntiqi vəziyyət yaranır: Şişpapaq saklar e.ə.VIII əsrdə Azərbaycanda yaşamı­şlar.V-VIII əsrlərdə isə Orta Asiyadadırlar. Demək, köçərilər Orta Asiyaya e.ə.VIII əsrdən xeyli sonra getmişlər.

Bu cəhət skif vəhşi üslubunun mənbəyinin Ön Asiya olduğuna etiraz edənlərə də cavabdır.

Türklərin Altayda artıb-çoxalması barədə göz önündə olan faktlar doğrudur, lakin bütün yuxarıdakı faktlar türkün beşiyinin Altay hesab olunması barədə fikirlərin tam yanlış olduğunu sübut edir. Altayın türk əhalisi Ön Asiya miqrantları olmaqla yanaşı, Altayın Altay adının özü də Ön Asiyadan aparılmışdır. Türklər şərqə, şimala və qərbə hərəkət edərkən əksərən öz sevimli toponimlərini də özləri ilə aparmış və yaşatmışlar. E.ə.III minilliyin əvvəllərindəki (XXVIII əsr) Aratta tayfa və dövlət adı Manna dövründə Azərbaycanın özündə də Alateye şəklində xatırlanır (14;67) Buradan aydın olur ki, Altay sözü Manna e.ə.IX əsrdə tarix meydanına çıxdıqdan sonra Orta Asiyaya aparıl­mışdır. Maraqlıdır ki, Amur çayının bir qolu Kür, digər qolu Urmu adlanır. Keçmiş Meğri rayonu ərazisindəki Nüvədi kəndi yaxınlığında Sə­lənc çayı, Orta Asiyada Selenqa çayı vardır. Orta Asiya Kaşğarının böyük adamı Mahmud Kaşğarinin vətəni olan Kaşğarın Kaşğar adı­nın əsasında kas (kaşşu) tayfa adı durur. Mannanın Allabria vilayətində dağ adı kimi xatırlanan Kaşyar sözü y>ğ keçidi ilə Kaşğar dağ adının etimon forması sayılır. (15;343) Bu dağ da kasların adı ilə bağlıdır. Kaslar isə Ön Asiya – Azərbaycan ərazilərində on min ildən çox tarixi olan tayfalardandır. Kaşğari Azıx kəndində doğulmuşdur. Azıx mağarası – bəşərin 10 böyük inkişaf mərhələsini əks etdirən mağara burda, kənd ordadır. Bunlar göstərir ki, Kaşğarın əhalisi geniş mənada bizim Azıxdan çıxmışdır (bax: 2;189-190). Saysız Ön Asiya-Mərkəzi Asiya eyniköklü etnonimlərini də bura əlavə etmək olar və bunların hamısında ilkinlik, qədimlik Azərbaycana məxsusdur.

Bütün bunlar Orta və Mərkəzi Asiyada eramızın birinci minilliyinin ortalarında böyük xaqanlıq yaratmış və nəhəng abidələr qoyub getmiş türklərin daha qədim Azərbaycan türklərinin övladları olduğuna şübhə yeri qoymur.

Soyun hökmdarları

Birinci Göytürk xaqanları
Əsas məqalə: Birinci Göytürk xaqanlığı
Bumın xaqan ·(542-552)
Qara İssıq xaqan · (553-554)
Muğan xaqan · (554-572)
Taspar xaqan · (572-581)
Amrak xaqan (Aşina Anluo) ·
İşbara xaqan · (581-587)
Baqa xaqan ·
Tulan xaqan

Şərq Göytürk xaqanları

İşbara xaqan (582-587)
Yehu xaqan (587-589)
Tülan xaqan (589-600)
Kimin xaqan (600-609)
Şi-Pi xaqan (609-619)
Çu-Lo xaqan (619-621)
Kieli xaqan (621-630)

İkinci Göytürk Xaqanları

Kutluk xaqan (680-691)
Qapağan xaqan (691-716)
İnel xaqan (716)
Bilgə xaqan (716-734)
Yollıg-Tekin xaqan (734-39)
Müdrik Kutluk xaqan (739-41)
Siuan Xan xaqan (741)
Il-Itmysh Müdrik-xan xaqan (741-42)
Ozmış xan xaqan (742-43)
Bomei-Tekin xan xaqan (743-45)

Qərb Göytürk xaqanları
Əsas məqalə: Qərb Göytürk xaqanlığı


İstəmi xaqan (552 – 576)
Müdrik Tardu xaqan (576 – 603)
Apa xaqan (576 – 593)
İnal xaqan (593 – 600)
Çulo xaqan (600 – 611)
Şikoey xaqan (611 – 618)
Tong Yabgu xaqan (618 – 630)
Bağatur Sepi xaqan (630 – 631)
Se-Yabgu xaqan (630 – 633)
Bağaşa Tulu xaqan (633 – 634)
İşbara Teriş Tunga xaqan (634 – 639)
Bağatur İpi xaqan (639 – 640)
İpi Tulu xaqan (638 – 653)
İpi İşbara-Yabgu xaqan (640 – 642)
ipi-Şad Küy xaqan (645 – 649)
Uluğ İşbara xaqan (651 – 658)
Çençü-Yabgu xaqan (653 – 659)

Çin rəhbərliyi altında

Eçine Növ tərəfindən Xaqan (670 – 679)
Eçine Müalicə Pur Çur Xaqan (679 – 682)
Eçine Tuyça Xaqan (682 – 700)
Üçele Xaqan (700 – 706)
Süge Xaqan (706 – 711)

Ədəbiyyat
Lev Qumilyov. Qədim türklər. Bakı, "Gənclik",1993.
Q.Ş.Kazımov. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, "Təhsil", 2003.
N.Ə.Biçurin.Sobranie svedeniy o narodax, obitavşix v Sredney Azii v drevnie vremena, t.I, M.-L., 1950.
Azərbaycan tarixi. I c., Bakı, "Elm", 1998.
İ.M.Dəkonov. İstoriə drevney peredney Azii. M., 1967
Oljas Süleymenov. Az-Ya. Bakı, 1993.
Kitabi-Dədə Qorqud. Bakı, "Yazıçı", 1988.
Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 1989.
S.N.Kramer. Dve şumerskie gleqii. İzd.-vo Vostoçnoy literaturı, Moskva, 1960.
Xrestomatiə po istorii Drevneqo Vostoka. M.,1963.
L.Budaqov. Sravnitelğnıy slovarğ tureüko-tatarskix nareçiy. t.I, SPb., 1869.
V.V.Radlov.Opıt slovarə törkskix nareçiy. t.I, 1, SPb., 1898.
G.V.Sevortən.Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov. Moskva, Nauka, 1974.
Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
Y.B.Yusifov. Qədim Şərq tarixi. Bakı Universiteti Nəşriyyatı, 1993.
Əbülfəz Rəcəbli. Qədim türkcə-azərbaycanca lüğət. Bakı, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
Tariyel Vəli Nüvədili. Əcdad. Sietl, BA, ABŞ, 1997.


Tarix: 02.03.2013 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2532 Bölmə: Dunya ve tarixi
loading...