Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir addım
Bir addım

Məhəbbətdən nifrətə yol bir addım,
Yaltaqlıqdan minnətə yol bir addım.
Gəldi-gedər bir qalağıq cahanda,
Heç fərqinə varmamışıq bir an da,
Ki, həyatdan ölümə yol bir addım,
Son mənzilə dönümə yol bir addım.
Ha gedirik, ha qaçırıq, uçuruq,
Ayın, Marsın qapısını açırıq.
Kainatın nəhayəti bilinmir,
Nə əvvəli, nə axırı görünmür.
Amma şair könlümə yol bir addım,
Könlümdəki iqlimə yol bir addım.

Anam məni bu həyata gətirdi,
Anam məni xəlq elədi, yaratdı.
Bir gün onu həmişəlik itirdim,
İblis ölüm gözlərinə kül atdı.
O həm mənə ata idi, həm ana.
Həm də mənə arxa idi, dayaqdı
Gündən-günə yüyürürəm yanına,
O heç mənə yaxın gəlmir bir addım.
Məzarından ayağa qalx bir anlıq,
Oğlun gəlib yoxmu bundan xəbərin.
Aramızda ölüm, zülmət qaranlıq,
Necə aşım bu keçilməz çəpəri.
Bu dağları ortalığa kim atdı?
Qovuşmağa qoymur bizi bir addım.

Bu sahildən o sahilə bir addım,
Əsrlərlə durur həmin bir addım.
Bir gün yadlar bu torpağa girdilər,
Başlandı bir hərc-mərclik, cinayət.
Bizi o vaxt şaqqalayıb böldülər,
Bizi böldü iki yerə xəyanət.
Çox millətlər vüsalına yol açdı,
Tapılmadı bir mərd aça bu yolu.
Əsrlərlə ha vuruşduq, çalışdıq,
Qət etmədik bapbalaca bu yolu.
Bu sərhəddən o sərhəddə bir addım,
Bu həsrətdən o həsrətə bir addım.
Cinayətdən cinayətə bir addım,
Xəyanətdən xəyanətə bir addım.
Çəpər çəkib yerə, göyə bir addım,
Qoymur bizi birləşməyə bir addım.

Budur mənim dərdlərimin ağırı,
Ana yurdum bələndi öz qanına.
Bizim millət can verməzdi yağıya,
Olmasaydı vətən satan canilər.
Yenə girdi aralığa xəyanət.
Dünən o tay, bu gün bu tay talandı,
İndi burda rəvac aldı sathasat.
Satqınlar da elə haman hamandı,
Yəni həmən köhnə tasdı, hamamdı.
Eh, bizim də günahımız çox idi,
Gərək geri durmayaydıq bir addım.
Buna əsla hüququmuz yox idi,
Gör ki, hələ nəyə taydı bir addım...
Bir addımdan milyon addım yarandı,
Qəddimizi qırıb, əydi bir addım,
Gör nə boyda cənəttimiz talandı,
Görün indi nə deməkdi bir addım...
Bəli, təzə faciəmdir Qarabağ,
Amma satqın canilərim köhnədir.
Bu dərd mənim ürəyimi qanadar,
Bu dərd mənim varlığımı göynədir.
Zəmanədən zəmanəyə bir addım,
Viranədən viranəyə bir addım,
Bu canidən o caniyə bir addım,
Gülüstandan Xocalıya bir addım.

Çoxdan köhnə xatirlər acıyam,
İllər qara saçlarımı ağartdı.
Dünən gəncdim, bu gün isə qocayam,
Gənclikdən yol qocalığa bir addım.
Şair oldum, şairliyi seçmədim,
Öz sözümlə öz dünyamı yaratdım.
Ta az qalıb yır-yığışa, köçməyə,
Burdan ora nə yol var ki, bir addım.
Ordan isə dönməyə nə güman var,
Bir də ordan kim döndü, kim qayıtdı?!
Ordan bura milyon illik zaman var,
Nə olsun ki, arada yol bir addım?!

Bu obadan o obaya bir addım,
Bu nəvədən o babaya bir addım,
Bu alovdan o kösöyə bir addım,
O köhnədən bu təzəyə bir addım,
Yol qalmayıb ta geriyə bir addım,
Bəxt, gəlsənə irəliyə bir addım,
Tale gülsün üzümüzə bir addım,
Bəlkə dönək özümüzə bir addım.


Tarix: 03.06.2015 / 14:14 Müəllif: Aziza Baxılıb: 177 Bölmə: Cabir Novruz
loading...