Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaydır əkdiyiniz

VAYDIR ƏKDİYİNİZ
Ey cibi dolular, ürəyi boşlar,
Ey sərvət dəlisi, köhnə naxoşlar,
Ey qeyrət damarı kəsik gədalar,
Peysəri qatbaqat iddialılar,
Görən, olacaqmı sümürdüyünüz
Bu millət qanından doyan
gününüz?
İp həmən o ipdir, halqa o halqa
Köhnə yolunuzla getdiniz yenə.
Qismətə şükr edən bu yazıq
xalqa
Ümid yedirtdiniz çörək yerinə.
Sizin bir haqqınız, xalqın min
haqqı,
Yoncanı gözlədik, bitmədi yazda.
Sizin yediyiniz millətin haqqı,
İlişib qalmadı boğazınızda.
Yeyin tısqırınca, yeyin ölüncə,
Bu millət əriyib çöpə dönüncə.
Ümid yeyə-yeyə hələ gözləyir,
Bu millət götürür hər cür zilləti.
Hələ ki, dinməzcə o, ümid yeyir,
Siz də bala-bala yeyin milləti.
Millətin qanıdır sərvətin, varın,
Siz öz kefinizdə, məmləkət darda.
Gecələr çadırda ac yatanların
Payını uduzun kazinolarda.
Millətin başına çatı salanlar
Nə insaf tanıyır, nə mürvət anlar.
Gözünüz doymadı dünya
malından,
Siz ey susadıqca duz yalayanlar.
Bu qədər nəfs olar? Borc
istədiniz
Çomağı çobandan, çəliyi kordan.
Yeyib doymadınız, doyub yediniz
Vallah, həm torpadan, həm də
axurdan.
Vaydır əkdiyiniz, siz gül dərin.
Gizli saydığınız dolların səsi
Yetim evlərində kimsəsizlərin
Ahu-naləsidir, ahu-naləsi.
Vallah, gec-tezi var, billah, gec-
tezi,
Bu ahlar, nalələr tutacaq sizi.
Tamahın dibi yox... Dağıdın,
sökün,
Hələ yerinizdə cağbacağsınız.
Göydən Allah baxır, gələcək bir
gün,
Yediyiniz qədər qusacaqsınız.
Avqust, 1996.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 187 Bölmə: Bextiyar Vahabzadə
loading...