Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Novruzov

Müğənni. Muğam ifaçısı. Aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Mənbə


Həyatı

Tanınmış xanəndə, əməkdar artist Sabir Novruzov Azərbaycan xalq mahnılarının, muğamlarının mahir ifaçısı idi. Ağacabədidə dünyaya göz açan xanəndə Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayırdı. Aqibətindən danışan S.Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyərdi: "Orta məktəbdə oxuyarkən "Pionerlər evi"nə gedərdim. Qarmon dərsi almışam. O gözəl günlər indi də yadımdan çıxmır. Toylarda Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim, daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl oxuyan idi. 1956-cı ildə bizi Bakıya gətirdilər, "Neftçilər klubu"nda çıxış etdik. Oxuyan zaman bir nəfər səhnəyə çıxdı, dedi ki, bu oğlanın gələcəyi var. "Qarabağ şikəstəsi" oxuyanda heyrətləndilər, apardılar səsimi fondda yazdılar. Yadımdadır, 1957-ci il idi, Şuşadakı istirahət evində gizlində oxuyurdum. Sən demə, direktor mənə göz qoyurmuş, oxuyan kimi məni apardı kluba. Sonra bildim ki, bu, məşhur tarzən Qurban Pirimovdur. Dedi ki, Qurban əmi, bir uşaq gətirmişəm, buna qulaq as. Ağsaç kişiydi, soruşdu ki, oğlum, nə oxuyacaqsan? Dedim "Bəyənmir məni"ni oxuyacağam. Dedi xalq mahnılarından nə bilirsən? "Bəh-bəh", "Arazbarı" oxudum, bəyəndi. O zaman Şuşanın ən gözəl, dinc vaxtları idi. Oxuyandan sonra həlim səslə dedi ki, canım, sən mənə Cabbarı xatırlatdın. İnanın ki, artıq söz danışmıram. Dedi həddi-büluğa çatanda oxuma, bir az gözlə. Elə həmin axşam Qurban əmi məni Şuşadakı şeir-sənət məclislərindən birinə apardı. Seyid əmini başında ağ papaqla gözəl xatırlayıram. Cürət edib ona yaxın gedə bilməzdim. Soruşdu ay Qurban, bu uşaq kimdir? Dedi ağa, yaxşı səsi var. Onun "Çahargah"ı indi də qulaqlarımdadır".

S.Novruzov belə sənətkarlardan görüb-götürdüyünə görə özünü xoşbəxt sayırdı: "O zamanlar radio vardı, gecə-gündüz ona qulaq asardıq. İndiki gənclər televizorun qabağından çəkilmirlər, özü də ruhumuza yad olan verilişlərə daha çox baxırlar. Zülfü əminin mahnıları ruhuma keçib. Tanınmış xanəndələrin plastinkalarına qulaq asmaqdan doymazdım. O vaxtlar indiki kimi maqnitofon yox idi. Xan Şuşinskini, Seyid Şuşinskini, Cabbar Qaryağdıoğlunu, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu müəllimlərim hesab edirəm. Mən professional musiqi təhsili almamışam. Amma musiqiyə bu dərəcədə bağlanmağım görünür ki, aqibətdən imiş. Radionun "Qızıl Fondu"nda, televiziyada xeyli ifalarım qorunur. 1956-cı ildə televiziya açılan zaman orada canlı oxumuşam. Keçmiş SSRİ-nin çox yerlərində qastrollarda olmuşam. Səsim əvvəlki kimi yerindədir. Azərbaycanda dövlət səviyyəsində muğama qayğı var. Bu, məni çox sevindirir. Heç bir oxuyanı qınamaq fikrində deyiləm. Mən istəyirəm ki, qədimlərimizdən gələn ənənə itməsin. Gərək xanəndə həmişə öz halında qalsın. Xanəndə halında israrlı olarsa, toydakılar onun inadının qarşısında dura bilməz. Xalq mahnılarımızdan, muğamlarımızdan əbədi hansı qüdrət var? Muğam bir auditoriya, xanəndə bir müəllim rolundadır burada, o, sözün həqiqi mənasında dərs deməlidir. Muğamlarımız insanı ruhən, mənən təmizləyir, həyata, yaşamağa-yaratmağa inamını artırır. Bu, bəşər tarixin də tayı-bərabəri olmayan ilahi bir musiqidir".

Muğamatda insan ömrünün bütün mərhələləri musiqinin ecazkar diliylə ifadə olunur. Xanəndə inanırdı ki, oxuyurdu: "Mən muğam ifaçılığında özünəməxsusluğu, bənzərsizliyi əsas sayıram. Məsələn, "Mirzə Hüseyn Segahı"nı dəfələrlə tamamilə fərqli şəkildə oxumuşam. İnsanın səsi, nəfəsi başqasınkına qətiyyən oxşamır. Gərək insanın böyüklüyünü muğamatda ifadə etməyi bacarasan. Muğamat başdan-ayağa sirrdir, sehrdir. Xan əmi heç yadımdan çıxmır. 1976-cı ildə Filarmoniyada məşq edirdik. Dedi ki, Sabir, bala, məşqdən sonra məni gözləyərsən, sənə sözüm var. O zaman onun mənə dediyi söz indiki kimi qulaqlarımdadır. Dedi ki, oğlum, bəxtinə belə səs düşüb, aqibətinə xəyanət eləmə. Mən onun məsləhətinə əməl etdim, səsimi qorudum. Dilimə içki vurmuram, soyuqdan-istidən qoruyuram. Gərək səs bulaq kimi çağlaya, heç vaxt qurumaya, boğulmaya".

Xanəndənin muğam oxuyarkən hansı şairlərin qəzəllərindən və necə istifadə etməsi məsələsi son dərəcə vacib amildir. Görürsən, hazırda bəzi xanəndələrin repertuarında daha çox Əliağa Vahiddən oxumaq dəbdədir. Amma Füzulidən oxuyanlar çox olsa da, nədənsə Nəsimidən oxuyanlar azdır. Füzuli ilahi aşiqlik rəmzidir, Nəsimidə insana sevgi aşiqliklə, cəngavərliklə birləşir. S.Novruzov daha çox Füzulidən, Nəbatidən, Sabirdən, Vahiddən və başqalarından oxuyub: "Əruz vəznində yazılanları oxumaq həmişə ürəyimcə olub. Əkrəm Cəfər kimi tanınmış əruzşünasla söhbətlərimizi yaxşı xatırlayıram. Orta məktəb illərində həmişə Seyid Əzim Şirvaninin kitabı qoltuğumda olardı. Xalqımız çox incə qəlblidir. Bu, onun həyatın, mədəniyyətin bütün sahələrində dediyi böyük sözlə bağlıdır".

Xanəndə Güney Azərbaycanda da konsertlər verib: "Tehranda Yaqub Məmmədovla verdiyimiz konsertlər indi də xatirimdən çıxmır. Təbrizdə toyda iştirak etmişəm, orada həmçinin ustad şairimiz Şəhriyarın oğlu ilə tanış olmuşam, xeyli söhbətləşmişəm. Güneydə yaşayan soydaşlarımız Azərbaycan milli musiqisinin, muğamlarımızın vurğunudurlar. Orada Savalan adlı tanınmış şairlə görüşdüm, şairlər məclisində iştirak etdim. Orada gözəl səsi olan xanəndələrimiz var. Belə məqamları görəndə çox sevindim. Ana sazımızın Güney Azərbaycanda bu gün də əvvəlki möhtəşəmliyi ilə yaşaması məni həddən artıq sevindirdi".

Muğamat bütün Şərqdə geniş yayılıb. Bu, danılmazdır ki, muğamları ən yaxşı şəkildə Azərbaycan türkləri qoruyub, saxlayıblar. Təbiidir ki, farslarda da muğamat gözəl ifadə olunur, hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur: "Azərbaycanda muğam ifaçılığının zəngin ənənələri var. Bəli, digər tərəfdən də hər bir xalq muğama öz ruhunun tələbinə uyğun yanaşır. Elə muğamlar var ki, İranda çox, bizdə isə az oxunur. Məsələn, "Humayun", "Orta Mahur", "Bayatı-Qacar" bu qəbildəndir".

Qarabağdan olan xanəndələr etiraf edirlər ki, indi əvvəlki dövrlərdəki kimi səslər yoxdur. Bunun da səbəbini o torpaqlarda doğulan uşaqların didərginliyində görürlər. Sabir müəllim deyirdi ki, bu amillər danılmazdır: "Hərçəndi ki, yurd itirmək ağır dərddir, bu, heç bir sözə, ifadəyə sığmır; amma mən inanıram ki, bütün itkilərimizə baxmayaraq heç vaxt bu səslər xalqımızdan əskik olmayacaq. Çünki bu xalqın halında o imkan var. Uşaq həmin səsi ananın bətnindəcə alır, doğulandan sonra anasının laylasını eşidir, deməli, xalqın ruhu yaşayır, ölmür. Səs ölmür, itmir, həmişəlikdir. Necə oldu ki, Seyiddən, Xandan sonra bu qədər yeni səslər əmələ gəldi? Bu o deməkdir ki, nə qədər dünya durur, muğamat xalqımızın ruhunda qalacaq".[1]

Zülfü Adıgözəlovla qohumluğu olan atasının gözəl səsi vardı. Ovçu idi, Səməd Vurğunla dost olub. Anasının da, dayılarının da gözəl səsi olub. Ana tərəfdən Yaqub Məmmədovla, Mütəllim Mütəllimovla qohum olan S.Novruzov bu sənətin ilkin sirlərini elə onlardan öyrənib. Qardaşlarının içində Qaçayın səsi daha gözəl idi. Sənətə gələn isə yalnız Sabir Novruzov olub.

Sənətkar 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülmüşdü. 7 yanvar 2009-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Filmoqrafiya
Hökm (film, 1994)


Tarix: 22.01.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 666 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...