Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, strateji əhəmiyyətə malik idi.
5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə – Dilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən bolşevik qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına rəğmən, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm qəsəbəsində olan düşmən qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, Mollaishaqlı və Veysəlli kəndləri ətrafında olan silahlı erməni dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər kəndinə doğru qaçdı.
Müsüslüdə olan Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.
Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi.
Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Boışeviklərə bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.
10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi.Osman bəy Gəncədən gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan düşmən qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.
Düşmən qüvvələrinin 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı
Bolşevik qüvvələri ilə aparılan Qaraməryəm yaxınlıqlarındakı bu ilk savaşda türk ordusu 200 şəhid verdi. Yaralıların sayı isə 156 idi. Şəhidlər arasında 28-ci tabordan ehtiyat teyməni Lütfü əfəndi, 29-cu tabordan kiçik teymən İsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan teymən Kazım və İbrahim əfəndilər şəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düşmənin əlinə keçdi.
Nuru paşa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi qüvvələrin komandanı general Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhəyə hərəkət edərək Müsüslü stansiyasına çatdılar. Orada Qafqaz İslam Ordusu qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm savaşı haqqında bilgi aldılar. Nuru paşa və yanındakılar Müsüslüdən Göyçaya keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları görüşmədə savaşın gedişi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 200 şəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi. Nuru paşa və yanındakılar cəbhə xəttini və hərbi qüvvələrin nizamını vaxt itirmədən yenidən qurdular. Ətrafdan gələn kəşfiyyat bilgilərini də hamısı birlikdə analiz etdilər.
Bu bilgilərə görə bolşevik hərbi qüvvələri Bakıdan Qaraməryəmə gedərkən ətrafdakı 50-dən artıq kəndi yandırmış, bölgədə yaşayan türkləri öldürmüşdülər. At, araba və başqa tapa bildikləri vasitələrlə və ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və ətrafındakı qəsəbə və kəndlərə sığınmışdılar. Şamaxı, İsmayıllı və ətrafdakı qəsəbə və kəndlərdən qaçaraq, Göyçay, Ağdaş və Yevlax ətrafına sığınan türklərin sayı bir həftə içində 400 mini keçmişdi.
Bolşevik qüvvələri ətrafdakı erməni və rusların da qatılması ilə 30 min nəfərlik bir heyətə sahib olmuşdu. Sayca bu qədər üstün, silah baxımından yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarşı gəlməsi imkansızdı. Üstəlik 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmişdi.
Nuru paşa Qafqaz İslam Ordusunun qurulması əsnasında Azərbaycanlı türklərdən böyük qatılım olacağını düşünmüşdü. Ancaq bu gözləntilər boşa çıxmışdı. Orduya qatılan az sayda milislərdən də umulan fayda təmin edilə bilməmişdi. Nuru paşa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu bir çıxış etdi. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına rəğmən qardaş Azərbaycanı və burada yaşayan türkləri düşmən çəkməsindən qurtarmaq üçün Qafqaza əsgər göndərdiyini anlatdı. Bu orduya hər kəsin könüllü olaraq qatılması və can-başla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini bildirdi. Paşa çıxışında Mehmetçiyin yandırıcı istidə düşmənə qarşı var gücü ilə savaşdığını bildirərək dedi:
"Bu şiddətli istidə savaşan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüşdür. Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su daşıyaraq yardım etməniz lazımdır".
Nuru paşanın Göyçay ilə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və ağıllı adamlarla apardığı görüşmələrin nəticəsində Azərbaycan türklərindən könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından toplanan gənclər və əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olundu.
İstər Nuru paşa və istərsə Şərq Orduları Komandanlığı tərəfindən İstanbula göndərilən raportlarda bolşeviklərin bölgədə ciddi bir hərbi qüvvə yerləşdirdiyi, buna qarşılıq olaraq Azərbaycan türklərinin Qafqaz İslam Ordusunda önəmli bir güc təşkil edə bilməyəcəyinin anlaşıldığı bildirilərək, bu şərtlər altında 5-ci Qafqaz piyada diviziyasının bölgədə heç bir varlıq göstərə bilməyəcəyi qeyd edildi.
Nuru paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlarda Azərbaycandakı durum acı bir şəkildə ortaya qoyulur və belə deyilirdi:
"Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir."
Türk və bolşevik qüvvələri, Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiədə qaldılar. Türk Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun 28 iyunda aparılmasına qərar verdi. Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandiri Mürsəl bəyə 22 iyunda göndərdiyi əmrdə belə deyirdi:
"Vətənindən uzaqda ağır bir vəzifə daşıyan Osmanlı zabitlərinin üstün düşmən qüvvələri qarşısında uğursuzluğa uğrama təhlükəsi mövcuddur. Bütün ümidimiz ordumuzun başlayacağı hərbi hərəkatda bolşevik qüvvələri əzməsinə bağlıdır. Zaman, gözləməyə müsaid deyildir və arxadan təzə gücləndirici qüvvə göndəriləcəyinə dair bir işarə də yoxdur. Bu baxımdan zabit və əsgərlərimizin üzərinə düşən vəzifə son dərəcə ağırdır, ancaq bu vəzifənin də yerinə yetirilməsi şərtdir. 5-ci piyada diviziyasının düşmənə vuracağı ilk zərbə bizə Qafqazın bu zonasında güclü və qüvvətli bir mövqe qazandıracaqdır. Hücumdan əvvəl bir həqiqətin əsgərlərə lazım gəldiyi şəkildə anladılması zəruridir. Diviziyanın hissələri imkanlar daxilində 23-24 iyunda cəbhəyə göndəriləcəkdir. Bolşeviklərə qarşı 27-28 iyunda ümumi bir hücum aparılması düşünülür. Bu durum göz önünə alınaraq, gərək olan hazırlıqların aparılması lazımdır."
Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına rəğmən, düşmən qüvvələrinin görülən işlərdən xəbərdar olduğu bilinir. Bolşeviklər 27 iyunda üç tabor piyada ilə səhər tezdən hücum etdi. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan təcavüz etdilər. Cənubda yerləşən Müsüslüdə isə göstəriş hücumu etdilər. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırıldı. Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm – Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, cəbhədən və yandan müdafiə edərək, ciddi bir müqavimət və qərarlılıq göstərdilər. Bolşeviklərin taktika və manevralarını vaxtında sezərək, müharibənin gedişini dəyişdilər və düşmənin qarşısını aldılar.
Tarix: 09.01.2015 / 01:40 Müəllif: Feriska Baxılıb: 242 Bölmə: "Azərbaycan Demokratik Respublikası"