Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Otluqbeli döyüşü

Ağqoyunlulara qarşı müharibəni davam etdirməyə cəsarət etməyən Osmanlı sultanı Malatya məğlubiyyətinin səhərisi günü öz ordusuna İstanbula doğru geri çəkilmək əmri verdi. II Mehmed Venesiya başda olmaqla Avropa dövlətlərinin birləşmiş hərbi qüvvələrinin qərbdən hücuma keçəcəyindən, xüsusən İstanbulun alınacağından ehtiyat edirdi. Osmanlı qoşunları Fərat sahili ilə şimal-qərbə doğru – Bayburt istiqamətində geri çəkildilər. Sultan Həsən Bayandurlunun[1] oğulları başda olmaqla bir çox Ağqoyunlu sərkərdələri Fəratı keçərək geri çəkilməkdə olan düşmənlə yenidən döyüşə girmək üçün hökmdardan icazə istədilər. Lakin Ağqoyunlu hökmdarı buna razılıq vermədi. Görünür, o, sayca çox və yaxşı silahlanmış Osmanlı qüvvələrini həmişəki kimi əlverişsiz coğrafi mövqedə, qəfil zərbə ilə məğlub etmək istəyirdi.

Mənbələrin məlumatına görə, Malatya qələbəsindən sonra Sultan Həsən Bayandurlu öz sərkərdələrinin Türkiyə qoşunlarına qarşı yenidən hücuma keçmək haqqında təkliflərini dəfələrlə rədd etmişdi. Ağqoyunlu hökmdarı yaxşı bilirdi ki, uzun sürən açıq vuruşmada onun süvariləri odlu silahlara malik olan, xüsusilə ağır toplarla silahlanmış Osmanlı piyadasına – yeniçərilərə davam gətirə bilməz. Lakin sərkərdələrin təkidi ilə Türkiyə qoşunlarını təqib etmək qərara alındı. Əvvəlcədən hazırlanmış döyüş planına uyğun olaraq Malatya vuruşmasından 10 gün keçmiş, 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsində qabaqladılar. Vuruşmanın planına görə, həm qarşıdan, həm də yanlardan hücum edən Ağqoyunlu atlıları Osmanlı qoşunlarını qəfildən yaxalamalı, onu dərədən düzə çıxmağa qoymamalı idi. II Mehmedin qoşunları geri çəkildikdə onu Uzun Həsənin özünün başçılıq etdiyi Ağqoyunlu süvariləri qarşılamalı idi. Bir sözlə, vuruşma dərədə baş verməli idi. Lakin Uzun Həsənin məqsədini başa düşən II Mehmed bütün diqqəti ön cəbhəyə verdi. Osmanlı qoşunları xeyli tələfatdan sonra düzə çıxıb döyüş nizamı ala bildi. Bu da döyüşün taleyini qabaqcadan həll etdi. 1473-cü il avqustun 11-də iki fatehin hərbi qüvvələri arasında 8 saata qədər davam edən şiddətli vuruşma baş verdi. "Otluqbeli döyüşü" adı ilə məşhurlaşan bu vuruşmada Ağqoyunlu süvariləri əvvəldən axıradək üstünlüyü öz əllərində saxladılar. Sultan Həsən Bayandurlu[2] özü döyüşün qızğın yerində Ağqoyunlu süvarilərinə başçılıq edirdi. Lakin vuruşmanın sonuna yaxın Ağqoyunlular odlu silahları olan Osmanlı[3] piyadasının, xüsusilə yeniçəri alaylarının inadlı əks-hücumlarına davam gətirə bilmədilər. Döyüş Osmanlı[4] qoşunlarının qələbəsi ilə sona yetdi. Hər iki tərəf ağır tələfat verdi. Otluqbeli vuruşmasının iştirakçısı olan Katerino Zeno bu döyüş haqqında belə yazır: "Hökmdar oğlu Uğurlu bəyi (Uğurlu Məhəmmədi – Y.M.) Qaraman hakimi və çoxlu atlı ilə birlikdə Osmanın (II Mehmedin – Y.M.) qoşunlarının qabağına göndərdi. Zeynal bəy adlı digər oğlunu isə çoxlu atlı ilə bir cinaha, Bayandur bəyi başqa cinaha göndərdi. Hökmdarın özü çoxlu döyüşçü ilə Osmanı qarşılamaq üçün arxada qaldı. Beləliklə, hökmdarın adamları Osmanın qoşunlarını mühasirəyə aldı. Bu qüdrətli hökmdar Osmanı məngənəyə salmaq istəyirdi. Osman mühasirəyə düşdüyünü görcək qoşunu ilə qaçmağa çalışdı... onuncu günü... qüdrətli hökmdar onu əsir almaq istədi. Həmin gün saat 9-a işləyəndə o, ata minib Osmana qarşı hücuma başladı və həmişə üstünlüyü əldə saxladı. Osmanı qaçmağa məcbur etdi. Hər iki tərəfdən çox adam qırıldı... Lakin qüdrətli hökmdar Osmanın döyüş arabasına yaxınlaşdıqda ona toplardan elə atəş açdılar ki, hökmdarın adamları qaçmağa üz qoydular". Beləliklə, müharibənin birinci dövründə olduğu kimi, ikinci dövründə də təşəbbüsü ələ almalarına və Türkiyə üzərində bir sıra qələbələr əldə etmələrinə baxmayaraq, Ağqoyunlular son nəticədə məğlub oldular.

Bəs XV əsrin 70-ci illərində güclənmiş və ərazicə çox geniş olan Ağqoyunlu dövlətinin Osmanlı imperiyası ilə müharibədə məğlub olmasının səbəbləri nədə idi? Hər şeydən əvvəl, nəzərə alınmalıdır ki, Otluqbelidə iki dövlət: siyasi cəhətdən nisbətən möhkəm və dövrünün ən yüksək hərbi texnikasına yiyələnmiş Osmanlı[5] ilə, Sultan Həsən Bayandurlunun qələbələri nəticəsində qısa müddət ərzində ərazisini genişləndirmiş, lakin Osmanlı imperiyasına nisbətən möhkəm olmayan Ağqoyunlu dövləti üz-üzə gəlmişdi. Osmanlının yaxşı silahlanmış nizami ordusu vardı. Öz döyüşkənliyi və cəsurluğu ilə şöhrət qazanmasına baxmayaraq, Ağqoyunlu süvariləri, yaxşı təlim görmüş Osmanlı piyadası, xüsusilə yeniçəri alayları qarşısında aciz idilər. Ağqoyunlular qarğı, qılınc, şeşbər, altı dilimli toppuz, xəncər, yay-ox, gürz və s. nisbətən dövrü keçmiş olan ənənəvi silahlarla silahlandığı halda, Osmanlı ordusu ən müasir odlu silahlara, xüsusilə ağır toplara malik idilər. Bunu Osmanlı mənbələri də təsdiq edir. Məsələn, Mehmed Neşrinin fikrincə, Ağqoyunlular Otluqbelidə ona görə məğlub oldular ki, onlar "belə top-tüfəng davası görməmişdilər". Qeyd etdiyimiz kimi, Ağqoyunlu hökmdarı Osmanlını Venesiya və başqa Avropa dövlətləri ilə ittifaqda məğlub etmək istəyirdi. Sultan Həsənin planına əsasən, əvvəla, müttəfiqlər Asiya və Avropada eyni zamanda hərbi əməliyyata başlamalı və bununla da düşmən qüvvələrini iki cəbhəyə parçalamalı; digər tərəfdən, Qərb dövlətləri, xüsusilə Venesiya Ağqoyunlu ordusunu odlu silahlarla təmin etməli idi. Lakin Avropa dövlətləri Ağqoyunlularla eyni zamanda, həm də mütəşəkkil surətdə qərbdən Osmanlıya qarşı hücuma keçmədilər. Venesiya respublikası Ağqoyunlularla bağladığı müttəfiqlik müqaviləsinin şərtlərini vicdanla yerinə yetirmədi. Respublika hökuməti üzdə Ağqoyunlu hökmdarı ilə danışıqlar aparır, Ağqoyunlu dövlətini Osmanlıya qarşı müharibəyə qaldırır, gizlində isə riyakarlıq edərək Sultan Həsənin hərbi uğurlarından istifadə edib sultanla razılığa gəlməyə, dinc yolla ondan güzəştlər qoparmağa çalışırdı. Bu isə II Mehmedə özünün bütün hərbi qüvvələrini Ağqoyunlulara qarşı yönəltmək imkanı verdi. Uzun Həsənin Venesiyadan odlu silahlar almaq planı da baş tutmadı. Müharibənin birinci dövründə respublika hökuməti nəzərdə tutulan silahları göndərmədi. Müharibənin ikinci dövründə – 1473-cü ildə isə Venesiyadan odlu silahlar almaq üçün yeganə məntəqə olan Qaraman artıq Osmanlı qoşunları tərəfindən tutulmuşdu. Beləliklə, Venesiya hökumətinin ləng yola saldığı odlu silahlar və artilleriya mütəxəssisləri Ağqoyunlu dövlətinə çatmadı. Ağqoyunlu dövlətinin məğlubiyyətə uğramasında o zaman Avropa ilə əlaqə saxlamaq üçün yolların çox təhlükəli olması və müttəfiqlərin bir-biri ilə lazımınca əlaqə saxlaya bilməməsi də az rol oynamadı.

Bununla belə, 1472-1473-cü illər Ağqoyunlu – Osmanlı müharibəsinin böyük tarixi əhəmiyyəti oldu. Osmanlı qoşunları üzərində bir sıra parlaq qələbələr əldə edən, Otluqbelidə isə ona ağır tələfat verən Ağqoyunlu süvariləri əslində II Mehmedin şərqə doğru genişlənmək planlarını yarımçıq qoydular. Osmanlı sultanı Azərbaycanı, habelə bütünlükdə Cənubi Qafqazı və İranı tuta bilmədi. Ağqoyunlu dövləti Osmanlının şərqə doğru genişlənməsi yolunda ciddi maneə idi.


Tarix: 13.01.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 147 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...