Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünümüdafiə Dəstələrinin Yaradılması

Kəndin belə ağır vəziyyətində əslən Qaradağlı, Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant Ədalət Məmmədov 1988-ci il mart ayında həmkəndlilərinin müracətinə cavab olaraq öz doğma kəndinə qayıtdı. Kəndin müdafəsinin təşkilində Ədalət Məmmədova kənd məktəbində hərbi hazırlıq müəllimi, ehtiyatda olan zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər vətənpərvər insanlar yaxından kömək etmişdilər. Qaradağlıda AXC özəyinin sədri Ağalar Məmmədovun könüllü müdafiə dəstəsinin yaradılmasında mühüm rolu olmuşdur. Onun təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri hərbi hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər yaradırdı. Dağlıq Qarabağda erməni təxribatları başladıqdan sonra 1988–1989-cu illərdə rəsmi strukturlar Qaradağlı kəndində üç dəfə silahyığma əməliyyatı keçirmiş, əhalidə olan adi ov silahlarını belə tamamilə müsadirə edilmişdir. Vəziyyətdən çixmaq üçün Qaradağlılar ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət etmiş, onlar da müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər.

Münaqişə başlanandan bir neçə ay sonra Azərbaycan rəhbərliyi gec də olsa Qaradağlının problemləri ilə maraqlanmağa başladı. O zaman Qaradağlının ətraf erməni kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, işləyənlər işdən qovulmuşdular. Problemi həll etmək üçün kənddə çörək sexi, maqazalar, yeməkxanalar fəaliyyətə başladı. Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı soyuducular zavodunun filialı açıldı. Bundan başqa məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış həyətyanı torpaq sahələrində 60-a qədər yeni evlər tikildi. Bundan başqa Qaradağlının müdafiəsi ilə bağlı da müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili İşlər Nazirliyi 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərməsi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə güçünü bir qədər artırmışdı.


Tarix: 21.01.2015 / 17:09 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanlı sülalələr
loading...