Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Div sultanın Gürcüstan tərəfə və Xoca Müzəffərin Mazandaran tərəfə getməsinin şərhi

Süleyman şanlı sahibqiran xaqan Marağanın Nəbat mənzilindən səltənətin mərkəzi (“darüsəltənə”) Təbrizə doğru hərəkətə gəldi. Bir ay sonra isə həmin gözəl şəhəri tərk edib Naxçıvana yollandı və orada qışlamaq qərarına gəldi. Kaxet Gürcüstanının hakimi Ləvənd xan itaətkarlıqdan boyun qaçırıb, dinsiz kafirlərdən ibarət çoxsaylı bir dəstəni Şəki vilayətinə basqın etməyə göndərdi. Şəki vilayətinin valisi Həsən bəy ali əşrəfin (yəni Şah İsmayılın) hüzuruna ərizə göndərib, dinsiz gürcülərin gəlişinin şərhini qələmə aldı. Buna görə də Div sultan Rumluya Gürcüstan vilayəti üzərinə hücum etmək haqqında göstəriş verildi. Div sultan mücahid igidlərdən ibarət bir dəstə ilə sürətli hərəkət (“ilğar”) edərək, özünü “kafirlər diyarına” (yəni Gürcüstana) çatdırdı, Qanıq və Qabırrı çaylarını keçərək, Zəgəm və Girem qalalarını çapıb-taladı. Ləvənd xan qızılbaş əsgərlərinin qorxusundan boynuna qılınc asıb Div sultanın yanına gəldi və təslim oldu. Həmçinin Gürcüstanın digər valiləri – Məlik Qurqura, Davud bəy, Məlvən bəy və Mənuçöhr bəy də Div sultanın hüzuruna gəlib, layiqli peşkəşlər gətirdilər.


Tarix: 21.01.2015 / 13:05 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycanlı sülalələr
loading...