Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1386-cü ilin payız-qış mövsümündə Əmir Teymur tərəfindən Şəkinin talan edilməsi

1385-ci ilin əvvəllərində Toxtamış xanın 90 minlik ordusu Şirvandan keçərək Azərbaycana soxuldu. Qızıl Ordalılar Təbrizi 8 gün mühasirədə saxlayıb son nəhayətdə onu hiylə ilə ələ keçirə bildilər. Əmir Teymur isə eyni vaxtda Kiçik Lor və Kürdüstana yürüş etdi. Az müddətdən sonra Qızıl Ordalılar Azərbaycan vilayətindən əsir götürdükləri 200 min nəfərlə birlikdə geri döndülər. Bu zaman Əmir Teymur əvvəlcə, öz adamlarından bir qrupunu, hələ ilk İran yürüşü zamanı onun tərəfinə keçmiş olan Cəlair əmirlərindən Adil ağa ilə Təbrizə göndərdi. Onlara qarşı heç bir ciddi müqavimətin baş vermədiyini gördükdən sonra isə özü də ordusunun əsas hissələri ilə birlikdə bura gəldi.

1385-ci ildə Təbrizdə üzərində Cağatay ulusunun xanı – Soyurqatmışın (1370–1388) və baş əmir – Əmir Teymurun adları həkk olunmuş sikkələr zərb edildi. O ki qaldı həmin vilayəti təslimə hazırlamış yerli əmir Adil Ağanın aqibətinə, bu iş çox acınacaqlı qurtardı; onu Əmir Teymurun göstərişinə əsasən yaxın adamları ilə birlikdə işgəncə ilə öldürdülər. Beləliklə, Əmir Teymur Azərbaycan vilayətini çox asanlıqla ələ keçirdi. 1386-cı ilin payız fəslinin əvvəllərində isə ətrafdakı digər əraziləri də istila etmək üçün öz ordusu ilə Təbrizdən çıxıb şimal-qərb istiqamətində hərəkətə başladı. Tezliklə Gürcüstana çatdı, oradan da Şəkiyə keçdi. O, özü bütün bunlar barədə elə həmin – yuxarıda qeyd olunan, məktubunda yazır və "Şəki əmir(lər)i" ifadəsini bir daha işlədir:

"Şirvan və Şəki vilayətinin əmirləri, hamısı ki qarşıdurma göstərirdilər, əzilmiş oldular və onlar ki Aləm Pənahın (Ə. T.-un) dərgahına iltica gətirdilər, vilayət və nahiyələri onlara tapşırılmış oldu."

Nizaməddin Şami və Şərafəddin Əli Yəzdinin eyniadlı əsərlərinə – "Zəfərnamələr"ə, görə Əmir Teymur Tiflisi fəth etməsindən və Gürcü çarı Baqratı əsir götürməsindən sonra Şəki ölkəsininin ərazisi ilə hərəkət edərək "Qəbələ məkanına" çatmış, sonra Sorxab qalasını tutmuş və Kür çayını keçərək Qarabağa qışlamağa getmişdir. "Zəfərnamələr"ə görə Əmir Teymur Şəki ölkəsi ərazisindən keçərkən, "lakzi"lərə hücum etmiş, bu ölkənin hər yerinə, o cümlədən Ağcəb, Səkğut vilayətlərinə talançı dəstələr göndərmişdir.

Əmir Teymur 1387-ci ilin yaz fəslinin əvvəllərinə qədər Qarabağda qaldı. və Burada Şirvanşah Şeyx İbrahim layiqli hədiyyələrlə onun yanına gəldi və hörmətlə qarşılandı. Əsir düşmüş Gürcü çarı V Baqrat isə hiylə işlədərək qaçdı.

Əmir Teymur yayda Göyçə gölü ətrafına yaylamamağa qalxır. Daha sonra isə həmin tərəflərdə Cəlairlərin yeganə müqavimət ocağı olan Alıncaq qalasının mühasirəsində şəxsən iştirak edir. Lakin heç bir müvəffəqiyyət qazana bilmir. O, qışı Rey yaxınlığında keçirməyi planlaşdırdığı vaxt xəbər gəlir ki, Toxtamış xanın qoşunları Buxara və Səmərqəndə yürüş edibdir. Buna görə də Əmir Teymur öz ordusu ilə təcili surətdə geri qayıtmağa məcbur olur.

Əmir Teymurun Orta Asiyaya dönməsindən sonra isə düz 6 il ərzində Azərbaycan və İraq-i Əcəm vilayətlərində anarxiya mövcud oldu. Belə ki bu müddət ərzində, Cəlair sultanı Bağdaddan kənara çıxmadı və sözü gedən vilayətlərin idarəsini yerli əyanların öhdəsinə buraxdı.


Tarix: 13.01.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycan xanlıqları
loading...