Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xınalıq mahalı

Xınalıq mahalı — Quba xanlığında mahal.

Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq mahalının mərkəzi Xınalıq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.
F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır. Buduq, müəllifin sözünə görə, həmin kəndlərin ən böyüyüdür. Xınalıq mahalında cəmi 4 kənd birləşmişdi. Bunlar Xınalıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndləri idi.

XIX əsrin 40-cı illərində Buduğun inzibati-ərazi baxımından mövqeyi daha da genişlənir və kənd Anaqdarin, Buduq və Xınalıq mahallarından təşkil olunmuş "Sahə" mərkəzinə çevrilir. Buduq sahəsinə 34 kənd (Anaqdarin və Xınalıq mahallarının hər birində 9 kənd və Buduq mahalında 16 kənd) daxil idi


Tarix: 13.01.2015 / 00:04 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycan xanlıqları
loading...