Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz 1979-cu il inqilabı

İranda 1978-1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. Azərbaycan türklərinin fəal iştirak etdiyi antişah və antiimperialist inqilab qələbə ilə başa çatdıqdan sonra onlar milli muxtariyyət alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyəti ələ alan Ayətullah Xameyni tərəfdarları ümumxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan etməyə nail oldular. Bütün İran əhalisi kimi, Azərbaycan türklərinin də böyük əksəriyyəti bərabərlik və demokratik azadlıqlar verilməsini, milli hüquqların yüksək səviyyədə təmin edilməsini gözləyirdilər. Bu tələblər yeni Konstitusiyanın müvafiq maddələrində az-çox öz əksini tapsa da, onların çoxu kağız üzərində qaldı. Azərbaycan türkləri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 15-ci maddəsi idi. Yerli dillərin fars dili ilə yanaşı mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə mili ədəbiyyatın tədrisində işlənməsi azad edilsə də, Azərbaycan məktəblərində buna icazə verilmədi. Təbriz hal-hazırda Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Əhalisinin sayı təxminən 1.597.319 nəfərdir, onların mütləq əksəriyyəti Azərbaycan türkləridir.


Tarix: 08.01.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycan paytaxtları
loading...