Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl xan Ziyadxanov

Həyatı
İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb.

İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib. İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir ki, "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".

İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əli Mərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdir. 1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.

1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.

1918-ci il 18-22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılğı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malokan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malokanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı.

Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-ingilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.

İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cumhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919–cu ilin yazında İran höküməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Onun başçılıq etdiyi nümayəndə heyəti qəməri təqvimi ilə cəmaüddisani 1337-ci ildə Tehrana gəlib. Azərbaycan heyətinə Möqtədirilmülk bağında iqamətgah verilib və Məcidüssəltənə onları qəbul edib. Sənədlər məcmusunda bildirilir ki, İsmayıl xan iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirdi. Danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən Ismayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzaladı. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.

Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir. Özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə içtimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-diyarşünaslıq müzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir. İsmayil xan 1920-ci ildə vəfat edib.

İsmayıl xan Sənubər xanımla ailə qurmuşdu.


Tarix: 09.01.2015 / 14:20 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...