Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xudadat bəy Rəfibəyli Fəaliyyəti

Xudadat bəy Rəfibəyli elin təkidi və tələbi ilə Gəncə qubernatoru seçildi. Lakin aradan heç bir il keçməmiş aprel çevrilişi oldu və o, böyük nəzakətlə öz səlahiyyətini üzərindən götürdü. Həmin dövrdə - yəni aprelin 30-da arxadaşlarına müraciəti Xudadat bəyin yüksək daxili mədəniyyətini, təmkinliyini çox aydın göstərir. Müraciətdə deyilir: "Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin məmurları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətli işlərə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm. Ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər". Bu, axırıncı Gəncə qubernatorunun son sözü oldu. Sonra nələr baş verdi? İllər boyu Gəncədə ilk diplomlu cərrah, xeyirxah həkim, təmənnasız və səxavətli insan, tibb cəmiyyətinin banisi, Cümhuriyyətin ikinci kabinetində səhiyyə naziri kimi ad çıxarmış və nəhayət, Gəncənin general-qubernatoru vəzifəsinə qədər yüksəlmiş Xudadat bəy Rəfibəylinin taleyi necə oldu? 1920-ci il mayın 12-də həbs edilib Bakıya aparılır. Guya ki, erməni kəndlərinin yandırılmasında və ermənilərin sıxışdırılmasında onun əli olub. Müstəntiq Sofikyan bir neçə nəfər qatı daşnakdan topladığı saxta danoslar vasitəsilə "cinayəti" sübuta yetirmək üçün dəridən-qabıqdan çıxır. Hər dəfə də möhkəm iradəli, zadəgan-ziyalı Rəfibəyli bütün yalançı ittihamları alt-üst edir.

Kim idi baxan? Sofikyanın qərəzli qərarı çoxdan hazır idi. Azərbaycanın qeyrətli oğlu, Gəncənin ilk və son müsəlman qubernatoru Xudadat bəy Rəfibəyli iyunun 1-də gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələndi.


Tarix: 09.01.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...