Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım bəy Camalbəyov

Həyatı
Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası onu, 7 yaşında olarkən, təhsil almaq üçün mədrəsəyə verir. 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi məktəb açılır (məktəb 30-cu illərədək fəaliyyət ğöstərir). O, təhsilini bu məktəbdə davam etdirir. Burada türk və fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən Ordubadlı Məhəmməd Tağı Sidqi olur.

Qasım bəy Camalbəyov 1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirir. O, 1901-ci ildə, məktəbi uğurla bitirdikdən bir il sonra, İrəvanda Müəllimlər Seminariyasında xalq müəllimi rütbəsi alması üçün sinaqlardan uğurla çıxır. Beləliklə, 1901-ci ilin sentyabrından 1912-ci ilin dekabrına qədər o, İrəvan quberniyasının müxtəlif kəndlərində müəllim işləyir. 1903-1904-cü ildən Qasım bəy Camalbəyov gizli siyasi fəaliyyətə başlayır. Bir qədər sonra Bakıda başlayan və sonra digər şəhərlərə, o cümlədən Naxçıvana keçən erməni qətliamı (ermənilərin bütün Azərbaycan ərazisində həyata keçirdiyi türk soyqırımı) Qasım bəy Camalbəyovu Naxçıvana qayıtmağa məcbur edir.

Bu zaman Naxçıvanda (bir qədər sonar isə Culfada) R.S.D.F.P.-ın özəyi yaradılır. Şimal-qərbi Persiyada (İran) Heydər Xan Əmoğlunun (1925-ci ildə Rəştdə fars kazakları ilə döyüşdə həlak olur) rəhbərliyi altında olan azadlıq hərəkatına böyük kömək ğostərən bu təşkilatda o, təftiş komissiyasına rəhbərlik edir.

1912-ci ildən Qasım bəy Camalbəyov müəllimlikdən uzaqlaşır. Elə həmin ildən, fars dilini bildiyinə görə Persiyanın bir bankının Culfa Agentliyində tərcüməçi işləməyə başlayır.

Bir ildən sonra isə onu müvəqqəti olaraq həmin bankın Koçan (Persiya) şəhərindəki agentliyinə keçirirlər. Lakin bir neçə aydan sonra Bankın Petroqrad idarəsindən gələn göstərişə əsasən heç bir izahat vermədən onu işdən azad edirlər. Onu izləyən təhlükəni hiss edən kimi gecə ikən o, at belində dağlarla Bakıya yollanır. Lakin sərhədi keçərkən onu həbs edir və Krasnovodska gətirirlər. Qasım bəy Camalbəyov bir gənc jandarmın (partiya üzvü) köməyilə Bakıya qaçmağa nail olur və Cəfər Axundov adında bir şəxsin yardımı ilə Bibiheybətdəki "Rapid" mexanika zavodunda yerləşir. Beləliklə o, Bakıda bir neçə ay qeyri-leqal yaşaya bilir. Nəhayət polis onun izinə düşür. Eyni zamanda ona məlum olur ki, Qafqazın ali administratsiyaı tərəfindən onun Qafqazdan Rusiyaya qeyri-müəyyən müddətdə sürgün edilməsi haqda hökm verilib. Buna görədə onun Naxçıvanda və Bakıda yaşayan qohumlarına rahatlıq vermir, onların evlərində axtarışlar aparırdı. Hər an həbs edilmə təhlükəsi var idi. Bu səbəbdən o, Qafqazı tərk etmək qərarına gəlir, lakin buna macal tapmır – onu "İslamiyə" mehmanxanası (mehmanxananın mühasibi Abdulla (əlil) persiya təşkilatından idi və Qasım bəyi mehmanxananın anbarında dəfələrlə gizlətmişdi) yaxınlığında həbs edirlər. Bu həbsdən də qaçmağa nail olan Qasım bəy dənizlə Həştərxana gəlir. Burada o, silahdaşı İbrahim Əbilovu axtarıb tapır və onun yanında müvəqqəti sığınacaq əldə edir.

20-ci illərdə Qasım bəy Camalbəyov Təbrizdə, onun qardaşı İsmayıl Camalbəyov isə Makuda Naxçıvanın ilk konsulları olmuşlar.


Tarix: 09.01.2015 / 13:45 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...