Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quba və Xaçmazın azad edilməsi

Şimali Qafqazda milli qüvvələr təşkil etmək üçün 1918-ci ilin may ayında hazırlıq işlərinə başlanmışdı. Bölgə əhalisindən bir piyada və bir süvari diviziyası ilə iki alay təşkil edilməsi nəzərdə tutulurdu. Dağıstan türklərindən qurulacaq bu hərbi birliklər üçün 6-cı Ordunun 6-cı diviziyası və 9-cu Ordunun 11-ci diviziyasından 74 zabit ilə 577 serjant və sıravidən ibarət bir "Təşkilat Diviziyası" qurulmuşdu. Yaradılacaq 4-cü piyada diviziyası komandanlığına, Şərq Cəbhəsindəki döyüşlərdə ruslara əsir düşən, ancaq Rusiyadakı bolşevik inqilabı və qarışıqlıqdan yararlanaraq qaçmağa müvəffəq olan polkovnik (albay) Əhməd Şükrü bəy gətirilmişdi. 1-ci süvari diviziyası komandanlığına isə polkovnik (albay) Akif bəy keçmişdi. Dağıstan türklərindən qurulacaq milli orduya rəhbərlik edəcək heyət 15 iyul 1918-ci il tarixində xidmət bölgələrinə yola düşmüşdü.[205]

Türkiyədən gələn komandirlər, Dağıstanın Temirxan-Şura bölgəsi ilə Gimri, Arkaz və Qızılyar dairəsində bolşeviklərə qarşı ordu quruculuğu işlərinə başladılar. İlk olaraq Osmanlı-Rus müharibəsində əsir düşən bölgədəki türk əsgərlərini bir yerə cəmlədilər, sonra Dağıstan türklərindən 500 nəfərlik bir hərbi birlik yaratdılar. Bu hərbi birliklər Mahaçqalanı Bakı və Dərbənd ilə birləşdirən dəmir yolunu kəsmək üçün işə başladı. Dağıstanda bolşevik təbliğatı aparılan bölgələrdə isə xalqın rusların vədinə uymasının qarşısını almaq üçün fəaliyyətə başladılar.[206]

Dağıstandakı türk qərargah heyəti, qısa müddətdə təşkil etdikləri hərbi birliklərlə Temirxan-Şura cəbhəsindəki Arkaz, Gimri və Qızılyar bölgələrində olan bolşevik qüvvələrinə həmlələr etdilər. 5 avqusta qədər davam edən münaqişədən bir nəticə alınmadı. Bolşeviklər, Dağıstanın daxili bölgələrində çox güclü bir müqavimətlə qarşılaşacaqlarını başa düşərək, əks-hücuma keçməyə cəsarət etmədilər.

Azərbaycanın şimal-şərqində Qafqazın ən uc nöqtəsində yerləşən Quba və Xaçmaz bölgələrində baş verən döyüşlərdə, işğalçı qüvvələrə edilən basqın uğurlu oldu. Qubadakı döyüşlərdə, 4-cü diviziya komandanı (polkovnik) albay Əhməd Şükrü bəy də iştirak edirdi. Qubanı düşmən işğalından qurtarmaq üçün süvari minbaşı Səbri bəyin komandanlıq etdiyi təxminən min nəfərlik bir milis qüvvəsi, gecə boyunca yürüş edərək Qubanın şimalındakı Qusar qəsəbəsini ələ keçirdi. Burada bir bolşevik bölüyünü əsir aldı, bununla bərabər dörd pulemyot və xeyli miqdarda sursat ələ keçirdi. Bunun ardından Quba üzərinə yeriyərək, 2 avqustda bolşevik işğalına son qoydu.[207] Qubadan qaçan bolşeviklər, Xaçmaz istiqamətində gedərkən, Qasımkənddə olan milis qüvvələri düşməni mühasirəyə aldılar, lakin bir uğur qazanılmadı. Türk hərbi birlikləri, düşməni təqib edərək Xaçmaz üzərinə yeridi, lakin düşmən Xəzər dənizindəki gəmilərdəki topçu dəstəsinin sayəsində 8 avqusta qədər şəhəri qorumağa müvəffəq oldu.

Cənubi Azərbaycandakı Ənzəli üzərindən Bakıya gələn və Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəyini başa düşən çar tərəfdarı Biçeraxov oradan da dəmiryolu ilə Xaçmaza gəlmişdi. Polkovnik Biçeraxov, türk hərbi birliklərinin təqibi nəticəsində 11 avqustda buradan da çıxıb şimaldakı Dərbəndə keçdi. Biçeraxovun qüvvələri Xaçmazı tərk edən kimi türk milis qüvvələri şəhərə daxil oldu. Daha sonra polkovnik Biçeraxovun qüvvələrini Dərbəndə qədər təqib etdilər. Ancaq bir nəticə alınmadı.[208]

Quba və Xaçmazın düşmən işğalından qurtarılması və bölgənin nəzarət altına alınması nəticəsində, Dağıstan və Rusiya ilə Bakı arasındakı dəmir və quru yolu tamamilə türklərin əlinə keçdi. Eləcə də, bolşeviklərin bölgədəki təbliğatlarının qarşısı alınmış oldu.


Tarix: 09.01.2015 / 13:32 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...