Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Andranik qüvvələrinin Şuşanı mühasirəyə alması

Andranikin qüvvələri avqust ayının sonuna yaxın türklərə qarşı həmlələri artırdılar. Erməni partizanları 22 avqustdan 14 sentyabr tarixinə qədər türklərin iri və xırdabuynuzlu heyvanlarını, mallarını zorla əllərindən alır, müqavimət göstərənləri öldürürdü. Bu arada Dantravir və Zayiq ətrafındakı Abdallar, Kərəviz, Ağadi ilə Mədət və Qarakilsə, Yaylaq və ətrafdakı bir çox kəndləri qarət etdilər, türklərin mallarını qarət edib, evləri, məktəb və məscidləri dağıdıb yandırdılar. Xüsusilə Sisyan nahiyəsi və Ağadi kəndində törədilən vəhşilik, Şərqi Anadolu, Naxçıvan, Bakı, Şamaxıda törədilənləri geridə qoydu. Qətliam xəbərlərinin ardınca Şuşada bəzi ölkələrin təmsilçilərindən ibarət bir heyət təşkil edildi. Bu heyət bölgədə sabitliyi saxlamaq üçün ermənilərin tərksilah edilməsi təşəbbüsü ilə çıxış etdi, lakin bir nəticə alınmadı. İsmayıl Haqqı bəy "Türk Qafqaz İslam Ordusunun təcili olaraq hərəkətə keçməsini, əks təqdirdə qısa müddət ərzində Qarabağ bölgəsində yaşayan türklərin tamamilə qətl və məhv ediləcəyini" bildirdi.

Ermənilər Şuşa-Ağdam arasındakı Əsgəran keçidini ələ keçirərək, bölgədə üstünlüyü ələ aldı.[181] Andranik qüvvələri Şuşa qalasına sığınan türkləri mühasirəyə aldı. Mühasirə uzandıqca Şuşada olan 20 min türk çox ağır vəziyyətə düşdülər. Ərzaq, su, dərman çatışmazlığı başlanmışdı.

Ermənilərin bölgədəki bu vəhşiliyindən canını qurtara bilən türklər, panika içində Şuşa qalası, Ağdam və Cəbrayıl istiqamətində qaçırdılar. Qarabağın bir başqa bölgəsi olan Ağdam cəbhəsindəki ermənilər isə hələlik sakit dayanmışdılar.

Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakının ələ keçirilməsindən sonra Qarabağ bölgəsində misli görünməmiş bir qətliam hazırlığına başlayan erməniləri dayandırmaq üçün hərəkətə keçdi. Qarabağ hərəkatı üçün 1-ci Azərbaycan diviziyası yaradıldı. Komandanlığına da Bakı Qarnizon Komandanı (polkovnik) albay Cəmil Cahid bəy gətirild.[182] Bu diviziyanın əsas gücünü 5-ci Qafqaz piyada diviziyasının sərəncamında olan 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan qurulan və cəmi 1.200 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları ilə sayı 250 olan Azərbaycan süvari alayı da qurulan yeni diviziyanın hərbi qüvvələrinin tərkibindəydi. Atəş gücünü artırmaq üçün bir dağ topçu batalyonu ilə üç zirehli maşın, diviziyanın sərəncamına verildi.[183]

Bakı yaxınlığında qəhrəmancasına döyüşən türk əsgəri birlikləri, vaxt itirmədən yola düşdü və qatarla əvvəlcə Yevlaxa gəldi, oradan isə qərargahın qurulacağı yer olan Ağdamda toplaşmağa başladı. Cəmil Cahid bəyin qarşısında Şuşa və Gorusun ələ keçirilməsi ilə Dağlıq Qarabağda asayişin təmin edilməsi vəzifəsi dururdu. Beləliklə, Baş Komandanlıq Qərargah rəhbərliyinin Azərbaycan ilə Osmanlı torpaqları arasında ortaq bir sərhəd olması ilə əlaqədar planı həyata keçmiş olacaqdı.[184]

Cəmil Cahid bəy Qarabağa girincə, ermənilərə xəbər göndərərək, əllərindəki silahları yerə qoyaraq, Azərbaycan dövlətinə tabe olmağı tələb etdi. Ermənilərin qurduğu icra heyəti isə Erməni Milli ġurasını təcili yığıncağa çağıraraq məsələni müzakirə edəcəklərini bildirdi. Erməni Milli Şurası, aldığı qərara uyğun olaraq, beş nəfərlik bir heyəti 1 oktyabrda Ağdama göndərdi və Azərbaycanın tərkibində qalmaq istəmədiklərini bildirdi. Cəmil Cahid bəy bu cavabdan sonra heyət üzvlərindən Arşavir Kamalyan, Aşot Məlik Osipov və Gerasim Məlik Şahnazaryanı həbs etdi. Ayrapet və Danil adlı təmsilçiləri isə Şuşadakı ermənilərin yanına göndərərək, tez bir zamanda təslim olmalarını, əks təqdirdə Şuşa üzərinə yeriyəcəyini, bunun günahkarının isə ermənilərin özləri olacağını bildirdi.

Erməni Milli Şurası bu sərt cavab qarşısında Qarabağ erməniləri 3-cü Qurultayını çağırdı. Qurultaydakı uzun müzakirələrdən sonra, silahı təhvil verməmək şərti ilə "hələlik" Azərbaycanın tərkibində qalmağın mənafelərinə uyğun gəldiyi barədə qərar qəbul etdilər və bu qərarı Cəmil Cahid bəyə bildirdilər. Bundan sonra Komandan hadisələrin nəticəsində ermənilərin günahkar olduğunu bildirərək, Şuşa üzərinə yerimək qərarına gəldi.[185]

Şuşanın qurtuluşu
Qarabağda qətliam törədən Andranikin qüvvələrinə qarşı hərbi həmlələrə hazırlıqlar 6 oktyabrda başa çatdı. Albay Cəmil Cahid bəy Şuşada mühasirədə olan türklərə də xəbər göndərərək, bir az da müqavimət göstərmələrini istədi.

Türk hərbi qüvvələri ermənilərdən müsbət cavab almadığından, 7 oktyabrda Şuşa üzərinə yürüşə başladı. İlk növbədə Əskəran keçidinin ələ keçirilməsi lazım idi. Şuşa istiqamətində əhəmiyyətli bir keçid nöqtəsi olan Əskəran yolu ermənilər tərəfindən son dərəcə yaxşı qorunurdu. İtkilərin az olması üçün erməni birliklərinin arxasına keçmək münasib idi. 1-ci Azərbaycan alayı ehtiyat qüvvə kimi Ağdamda qaldı, 2-ci Azərbaycan alayı ilə süvari alayı Əsgəran keçidinin qarşısına sövq edilərək, Kalbuk-Daşbaşı xəttində mövqe tutdu. 9-cu Qafqaz alayı iki topçu batareyasının müşayiəti ilə Ağdamdan Mirkənd-Ağbulaq xəttinə hücuma keçdi. Bu iki kənddəki erməniləri oradan qovdu. 9-cu Qafqaz alayı Əskəranı tutan erməni daşnaklarına qarşı cəbhədən hücuma keçdi. 25-ci batalyon isə erməniləri cənubdan mühasirəyə almağa başladı. Bundan sonra Əskəranda duruş gətirə bilməyən ermənilər, dağınıq halda geri çəkilməyə çalışdı. Şuşa qalasından 8 kilometrlik məsafədə yerləşən və strateji bir mövqe olan Əskəran keçidinin əldən çıxması ermənilərin mənəviyyatını qırmışdı. Şuşa qalasında mühasirədə olan türkləri qurtarmaq üçün şərq və qərb istiqamətlərindən erməniləri sıxışdırma əməliyyatı başlandı. Bunun üçün oktyabrın 8-dən 9-na keçən gecə süvari alayı Kalfalı istiqamətinə göndərildi. Piyada birlikləri isə Şuşa yaxınlığına getdi. Türk ordusu ilə döyüşməyə cəsarət etməyən və böyük bir təhlükənin yaxınlaşdığını görən Andranik, Şuşanın mühasirəsini buraxaraq, dərhal cənuba doğru çəkilməyə başladı.[186]

Albay (polkovnik) Cəmil Cahid bəy Şuşanın döyüşsüz ələ keçirilməsindən məmnun idi. Qaladakı mühasirədən xilas olan adamlar Türk ordusunu hərarətlə qarşıladı. Cəmil Cahid bəy Şuşada yaşayan ermənilərlə türklərin münaqişəsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək məqsədi ilə 8 oktyabrda Şuşaya girdi. Türklərin başbilənlərini Şuşa məscidində toplayaraq, bir nitq söylədi:

"Sizin mənafeyiniz üçün, sözlərimi qəbul etməsəniz, əmrimə itaət etməsəniz, bütün vasitələrdən istifadə edərək sizi cəzalandırmaq üçün zərrə qədər tərəddüd etmərəm. İndi ermənilərə də itaət etmələrini təklif edəcəyəm. Qəbul etmədikləri təqdirdə, bir orduya itaətsizliyin cəzası nədirsə, onu da alacaqlar. İtaət edərlərsə, can, namus və malları, bizim mühafizəmiz altında olduğundan, heç bir fərdin artıq hərəkətinə yol verməyəcəyəm. İtaət etmədikləri halda, onlar haqqında ölçü götürməklə yalnız əsgərlərim məşğul olacaqlar. Əhalinin tamamilə seyrçi qalmasını və hərənin öz işi-gücü ilə məşğul olmasını tələb və əmr edirəm".[187]
Şuşanın türklər yaşayan hissəsində asayiş təmin edildikdən sonra, Cəmil Cahid bəy erməni əsilli Bələdiyyə rəisi Kavalanı erməni məhəlləsinə göndərərək, itaət edəcəkləri halda can və mallarının təminat altında olacağı, əks halda isə müharibə qanunlarına uyğun olaraq cəzalandırılacaqlarını bildirdi ki, bunun da günahı Türk ordusunda deyil onların özlərində olacaqdır. Yarım saatdan sonra erməni başbilənləri Cəmil Cahid bəyin yanına gələrək, xalqın böyük hörmətlə Türk ordusuna bağlılığını və əmrlərə itaət edəcəklərini bildirdilər. Bundan sonra Komandan erməni başbilənlərinin böyük kilsəyə yığışmalarını tələb etdi. Cəmil Cahid bəy buradakı nitqində, ermənilərin indiyə qədər türklərə çox pisliklər etdiklərini, bununla bərabər Türk dövlətinin onlara tam bir vətəndaşlıq hüququ verməsinə baxmayaraq onların nankorluq etməsindən söz açdı. Bu səbəbdən ermənilər cəzalandırılmalı olduqları halda, Türkün ulu vicdanının bir daha onları əfv etdiyini bildirdi. Albay Cəmil Cahid bəy ermənilərə silahı dərhal təhvil verməyi tələb etdi. Şuşanın azərbaycanlılar yaşayan hissəsində Türk ordusunun rəsmi keçid mərasimi keçirəcəyini bildirən Cəmil Cahid bəy, ermənilərin də bu mərasimdə iştirakını və beləliklə də, türklərlə barışmalarını istədiyini qeyd etdi. Bundan sonra Şuşanın erməni və türk məhəllələri arasındakı səngərlər yığışdırıldı və Türk ordusunun rəsmi keçid mərasimində ermənilərin də iştirakı təmin edildi. Şəhərin əhəmiyyətli qovşaq və məhəllələrinə Türk əsgəri yerləşdirilərək, asayiş təmin edildi. Rusiyada isə vətəndaş müharibəsi gedirdi. Lenin Çar Rusiyasının sahib olduğu torpaqları əldən çıxarmamaq üçün böyük bir səy göstərirdi. Qafqazın əldən getməməsi üçün, çar dövründə olduğu kimi, Lenin də ermənilərdən istifadə edirdi. Erməni Orconikidze 12 oktyabr 1918-ci ildə Şimali Qafqazdakı Vladiqafqaz şəhərindən Leninə göndərdiyi teleqramda Cəmil Cahid bəyin etdiklərinin tam tərsini ifadə etmişdi. Teleqramda belə deyilirdi:

"Ermənistan böyük bir faciə içindədir. İrəvanın iki qəzasında 600 min qaçqın toplaşmışdır. Türklər Qarabağ ərazisini işğal edərək, orada yaşayan ermənilərin yarısını qırmışlar. Şuşa və Zəngəzur ərazilərini işğal ediblər. Andranik, Qarabağda xaincəsinə öldürülmüşdür. Erməni xalqı Sovet Rusiyadan kömək gözləməkdədir."[188]
Albay Cəmil Cahid bəy, sultankəndli Sultanovun komandanlığı altında bir türk milis dəstəsini Andranik qüvvələrinin ardınca göndərdi. Cəsarət və zəkasıyla tanınan Sultanov, Andranikin qüvvələrinə qarşı Qaladərə tərəfdən hücuma keçdi. Çox güclü həmlələr edən milislər Andranikin qoşununu dağıdaraq Gorusun cənubuna qovmağa müvəffəq oldu.[189]

Qafqaz İslam Ordusu Komandanlığı, albay Cəmil Cahid bəyə 20 oktyabrda bir əmr göndərərək 1-ci Azərbaycan diviziyasının yenidən qurulmasını tələb etdi. Bu təşkilatlanmanı 9-cu Qafqaz alayı batalyonlarının Azərbaycan alaylarına bölüşdürülməsi şəklində həyata keçirmək qərara alındı. Şuşa və Ağdamın Məsudlu bölgəsində toplaşan 1-ci Azərbaycan diviziyası, yenidən qurulduqdan sonra Qarabağ bölgəsindəki erməni partizanlara həlledici zərbə vurmaq üçün hücuma keçməyə qərar verdi.

Qafqazda bu hadisələr davam edərkən, İstanbulda Tələt paşa hökuməti istefaya getdi. Sədrəzəmliyə gətirilən Əhməd İzzət paşa 9-cu Ordu və Qafqaz İslam Ordusu Komandanlığına göndərdiyi əmrdə Qarabağ hərəkatının dayandırılmasını tələb edirdi. Qarabağdakı Türk hərbi qüvvələrinin dərhal geri çəkilməsini əmr edərək, iki millət arasındakı münaqişəni Azərbaycan hökuməti ilə ermənilərin siyasi yollarla həll etmələrini tövsiyə etdi. İstanbuldakı erməni lobbisi, ingilis və fransız nümayəndələrini, Qarabağ və Şuşada Türk ordusunun ermənilərə qarşı qətliam törətdiyinə inandırmışdılar.

Türk Qafqaz İslam Ordusu Komandanlığı Qarabağda olan hərbi qüvvələrin tabe olduqları diviziyalara qayıtmasını, 1-ci Azərbaycan diviziyasına da azərbaycanlı general Yusifovun komandirlik edəcəyini bildirdi. General Yusifov 8 noyabrda Ağdama gedərək, birliklərin rəhbərliyinə keçdi. Qarabağ hərəkatında iştirak edən 9 və 106-cı piyada alayları isə 5-ci Qafqaz piyada diviziyasına birləşdirilərək bölgəni tərk etdi.


Tarix: 09.01.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...