Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəriman bəy Nərimanbəyli

Həyatı
Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur. Burada "Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti"nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. N. Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, "Müsəlman xeyriyyə cəmiyyətinin" rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra "Müsavat" partiyasına daxil olmuş, Qafqaz müsəlmanlarının Bakı qurultayında, "Müsavat" partiyasının birinci qurultayında iştirak etmişdir.

N. Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (26 may, 1918) sonra isə Azərbaycan Milli Şurasının (27 may, 1918) üzvü olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (19 noyabr 1918) əsasən, seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü olan Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini tutmuşdur. O, Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmış, sonralar vəkil işləmişdir.

1937-ci ildə repressiyaya məruz qalmışdır.


Tarix: 09.01.2015 / 01:35 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...