Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Əmin Rəsulzadə İranda

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".[2] İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.


Tarix: 09.01.2015 / 01:27 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...