Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının təslim edilməsi

Bakıdan gələn heyətə, şəhərdə yaşayan insanlara heç bir zərər verməyəcəyinə dair Türk Qafqaz İslam Ordusu Komandanlığında hazırlanan bildirişlər verilərək, bunu xalq arasında yaymaq göstərişi verildi. Beləliklə də, küçə döyüşləri tezliklə dayandırılaraq, daha çox şəhid və yaralı verilməsinin qarşısı alınmış oldu.

Hacıqabulda yerləşən Cənub Qrupu Komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı Mövqe Komandiri vəzifəsinə təyin olundu və axşama doğru şəhərə girdi.

Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olundu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 213 Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alındı. Düşmən gəmilərinin Bakını bombalamasının qarşısını almaq üçün şəhərin qərb bölgəsindəki Bayıl təpələri ilə şərqdəki Zığ təpələrinə də topçu batareyası yerləşdirildi.

Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındı. Bakıda olan təxminən 5-6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollanmışdı. Rus və ermənilərin əsas qüvvələri isə gəmilərlə Dağıstana – Mahaçqalaya getmişdilər. Qafqaz İslam Ordusunun ehtiyacını ödəmək üçün Kürdəmir sursat anbarında olan 500 qutu mauzer və 200 rus piyada tüfəngi Puta stansiyasına gətirildi. Şəhər iqtisadiyyatını nəzarətə götürmək üçün də bəzi komissiyalar yaradıldı.

Nuru paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən Məhmətçiyin bu xidmətinin əvəzini ödəmək lazım olduğunu bilirdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakını zəbt etmələri münasibəti ilə bütün diviziyalara təbrik göndərdi. Təbrikdə deyilirdi:

"Bakının ələ keçirilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə, göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya, xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm".
Bakını qorumaq və türklərə təslim etməmək tapşırığı alan ingilislər, 14 sentyabr gecəsində gəmilərə minmişlər və saat 22.00-dan etibarən Cənubi Azərbaycandakı Ənzəliyə getmək üçün limandan ayrılmağa başlamışdılar. Verilən tapşırığı yerinə yetirməyən və böyük itkilər verərək, üzgün və əzilmiş bir şəkildə geri çəkilmək məcburiyyətində qalan ingilislərin 39-cu Briqada Komandanı general-leytenant Deustervil Ənzəliyə çatan kimi vəzifəsindən kənarlaşdırıldı. Yerinə isə general Tomson gətirildi.

Rus və ermənilərdən ibarət düşmən qüvvələri də 5-6 min piyada, 100 pulemyot və 20-yə qədər top ilə gəmilərə doluşaraq şimaldakı Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərinə getmişdilər. Dağıstana qaçan bu qüvvələr, Dərbənddə olan Kazak Biçeraxovun ordusunda xidmətə qəbul olundular. Bir qismi də fərarilik edərək evlərinə və kəndlərinə qayıtdı.

İkinci Bakı hücumunun başlandığı ilk günün axşamından 15 sentyabr günorta saatlarına qədər Xəzər dənizindəki gəmi, paraxod və kiçik dəniz vasitələrinə doluşan çox sayda əsgər və mülki əhali, şimala doğru hərəkət etmişdi. İngilislərin Bakıya girməsindən az əvvəl həbs olunan 26 Bakı Komissarları və onların lideri Qırmızı Şef Stepan Şaumyan ilə Vəzirov, Əzizbəyov, Caparidze, Korqanov, Fioletov kimi kommunist liderlər, Qafqaz İslam Ordusu Bakıya girməmişdən qabaq həbsxanalardan çıxarılıb, Xəzər dənizinin şimalındakı Astraxana aparılacaqları söylənərək, "Türkmən" adlı gəmiyə mindirildilər. İngilislər, Şaumyan və silahdaşlarını Türkmənistanın Xəzər dənizi yaxınlığındakı Krasnovodsk (indiki Türkmənbaşı) şəhərinə gətirdilər. Türkmənistanda ingilislərin dəstəklədiyi Beloruslardan ibarət "Sosialist İnqilabçıları" deyilən bir qrupa təhvil verdilər. Onlar da bu kommunistləri Qaraqum çölünə gətirərək güllələdilər. Bu hadisədən yalnız bolşevik Bakı hökumətinin "Dövlət başçısı" elan etdiyi erməni əsilli Mikoyan sağ qalmışdı.

Türklərin Bakıya girməsi xəbəri, Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixində bildirildi. Nuru paşanın bununla bağlı şifrə teleqramı belə idi:

Surət:
"Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09.334-də saat 9 radələrində zəbt edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir. Təfsilat ərz olunacaqdır. – N 424-".
Azərbaycanın və Bakının düşmən işğalından qurtuluşu münasibəti ilə Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa ilə bir çox dövlət nümayəndələri, 29 yaşlı gənc komandir Nuru paşanın şəxsində türk əsgərini bu uğur münasibəti ilə təbrik etmişdi. Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşa ilə yanaşı Nuru paşaya da məxsusi bir mesaj göndərmişdi. Mesajda belə deyilirdi:

"Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm."
Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya da şəxsi bir təbrik teleqramı göndərdi. Ənvər paşa, teleqramda bir tərəfdən Xəlil paşanın şəxsində qəhrəman türk əsgərini təbrik edir, digər tərəfdən də Qafqaz İslam Ordusuna verəcəyi yeni tapşırıqlara işarə edirdi:

"Bakı uğuru münasibəti ilə gözlərindən öpərək təbrik edirəm. Bakını zəbt edən birliklər bir az dincəldikdən sonra, Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və Rəştin də tezliklə işğalı üçün geriyə alınacaq qüvvənin münasib bir dəstəsinin Xəzər dənizi sahillərini təmizləyərək, cənuba göndərilməsini və bu surətlə Təbriz – Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə hərəkəti rica edirəm".
Bu teleqramdan da başa düşüldüyü kimi, Qafqaz islam Ordusunun yeni tapşırıqlar üçün hazırlıqları qısa vaxtda bitirməsi tələb olunurdu. Ənvər paşa, ilk olaraq Bakı və Azərbaycanda istiqlalın təmin edilməsindən sonra, ordunun Dağıstan və Cənubi Azərbaycana girərək, buralardakı düşmən işğalına son qoymağını istəyirdi. Cənubi Azərbaycanda isə ingilis işğalı davam edirdi. Dağıstan və Şimali Qafqazda da bolşevik ruslar ilə Çar tərəfdarı rus kazakı Biçeraxovun tabeliyindəki hərbi qüvvələrin təzyiqi və zülmü hakim idi.


Tarix: 09.01.2015 / 00:34 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...