Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakıya hücum əmri

Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, 14 sentyabr gecə saat 02.00-da hücumun başlayacağını bildirdi.

Qərargahdan "irəli" əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə işğal etdi.

5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi:

"Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi".
— Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203
9-cu alayın sağ cinahını qorumaq üçün 13-cü alay, 56-cı alayın sol cinahını düşmən hücumundan qorumaq üçün isə ehtiyatdakı 106-cı alay irəli hərəkətə başlamışdı. Ağır toplardan başqa bütün toplar sürətlə ələ keçirilən düşmən səngərlərinə daşındı. Düşmənin birinci müdafiə xəttində yerləşmənin başa çatdığını görən komandirlər, yenidən irəli hərəkətə keçdilər. 56-cı alay səhər saat 06.00-da ikinci müdafiə xəttini də işğal etdi.

Qurd qapısı dağında olan düşmən birləşmələri hərəkətə keçməyə hazırlaşarkən, ora güclü top atəşinə tutuldu və bu hərəkətləri nəticəsiz qaldı. Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk topçusunun atəşləri ilə susduruldu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 204 İrəli hərəkəti uğurla davam etdirən 56-cı alay, düşməni geri oturtdu. 13 və 19-cu alaylar da düşmən səngərlərini dağıdaraq, sərt maneələri aşıb qəbiristanlığın qərbindəki düzənliyə çıxmağa müvəffəq oldular.

İkinci Bakı hücumunda qeyri-adi bir şövqlə döyüĢən 56-cı alayın əsgərləri, komandirləri başda olmaqla Qurd qapısı cəbhəsindən qaçan düşmənə, Bayıl həndəvərində daha bir ağır zərbə vurdu. Bundan sonra birləşmiş düşmən qüvvələri tamamilə pozuldu və Məhmətçiyin təqibi altında Bakıya tərəf qaçmağa başladı. Xristian qəbiristanlığının yaxınlığındakı Qırmızı kazarma ətrafında cəm olmağa çalışan düşmən birlikləri, top atəşi və 56-cı alayın inadlı təqibi nəticəsində buradan da qovuldular və tamamilə dağılaraq, şəhərin içindəki ara küçələrlə sahilə doğru qaçdılar. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr, sahilə yığılaraq, limandakı gəmilərə minməyə çalışırdılar. Lakin sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar.

Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu.

"Qəmə"nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə də olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar... Bakı qarşımızdaydı... Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur olmuşdular... Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında gördüyüm anlar da oldu... Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara yanıma soxulduğunu gördüm: "Komandan Paşam, mən səninlə hələ Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!... Güllə dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?..." Qucaqlayıb, dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini buraxanda əlimdə qan izləri gördüm... "Yaralısan, oğlum!..." Əlini çiyninə apardı... Sıxdı, bir ara ağrıdan üzünü turşutdu... "Unutmuşam, komandan paşam!..." dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri doldururdu... Və imperiya dastanı davam edirdi... Yanımdan gənc bir zabitin parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini aparmıdı..."
— Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s. 225-226
İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi.

Xatirələrində bunları belə qeyd edir:

"İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263
5-ci Qafqaz piyada diviziyasının əldə etdiyi uğurun davamı kimi, Bakının şimal cəbhəsindən hücuma keçən 15-ci piyada diviziyası da verilən tapşırığı layiqincə yerinə yetirirdi. Birləşmiş düşmən qüvvələri, şəhərin şimal bölgəsində olan 5-ci Qafqaz piyada diviziyasının cəbhəsindəki hərbi qüvvələri möhkəmləndirməmişdi. Qafqaz İslam Ordusunun döyüş planı və taktikası uğurla həyata keçmişdi. 15-ci piyada diviziyası, gecə yarısından etibarən 40 nəfərlik güclü kəşfiyyat qolları halında düşmən mövqelərinə yaxınlaşdı. Bu şəkildə tərəflər arasında piyada döyüşlərinin başladılması, düşmənin diqqətini şimal cəbhəsinə çəkirdi. Biləcəri yüksəklikləri istiqamətində hərəkətə başlayan 38-ci alay, düşmənin müdafiə xəttinə girdi və çətin bir müharibəyə başladı. Birləşmiş düşmən qüvvələrinin müdafiə xəttinə 500-600 metr yaxınlaşdığı zaman, düşmənin Biləcərinin şərqində gizlətməyə müvəffəq olduğu altı pulemyot, türk əsgərinin sağ tərəfini güclü atəşə tutdu. Bu səbəbdən böyük itkilər oldu. Piyada diviziyası komandanlığı sərəncamına ağır toplar verilmişdi.

Diviziya komandiri yarbay (podpolkovnik) Süleyman İzzət bəy bu alayı gücləndirmək üçün bir neçə ağır top göndərilməsini tələb etdi. Bununla da, qərb cəbhəsi ilə şimal cəbhəsi arasında sıxışdırılacaq düşmən birliklərinin tam məhvinə nail olunacaqdı. Şimal cəbhəsində alınan əsirlərdən əldə edilən məlumata görə, 38-ci alayın lap qarşısında, 100-ü ingilis, 700-ü rus və 800-ü ermənilərdən ibarət olan təqribən 1.600 nəfərlik düşmən qüvvələri yerləşirdi. Əllərində isə ikisi uzun mənzilli olmaqla 12 top və 16 pulemyot vardı.Komandanlıq, 107-ci Qafqaz alayına 38-ci alayı sağ cinahdan qorumaq tapşırığı vermişdi. Ancaq güclü atəş altında qaldığı üçün, tapşırığı yerinə yetirmək çətinləşirdi. 107-ci Qafqaz alayı günortadan sonra iki diviziyanın arasındakı boşluğu doldurmaq üçün Hacıhəsən kəndi ətrafına göndərilmişdi. Bir saata yaxın davam edən qanlı müharibədən sonra 38-ci alay, saat 15.00 radələrində Biləcərinin cənubundakı yüksəklikləri ələ keçirə bildi. Biləcərinin yüksək yerlərində yerləşmiş və üstün atəş mövqeyi tutan düşmənin sayı bu bölgədə təxminən 2 min nəfər idi. Düşmən birləşmələrinin iri çaplı topları qarşısında, dörd kiçik çaplı topla mübarizə aparan 38-ci piyada alayı, irəli hərəkətini qəhrəmanlıqla davam etdirərək, axşamüstü saat 19.00 radələrində Bakının bir kilometrliyinə qədər irəlilədi.

Şimal cəbhəsinin şərqində 15-ci piyada diviziyasının rəhbərliyi altında döyüşən və Azərbaycanlı türklərdən ibarət olan Maştağa dəstəsi isə Sabunçunu ələ keçirdi. Bakının şərqində mövqe tutmuş Zehni bəyin dəstəsi də Əhmədli istiqamətində irəliləyərək əhəmiyyətli uğurlar əldə etdi.

Maştağa dəstəsi – Tofiq bəyin dəstəsi Sabunçu stansiyasını ələ keçirdi. Bu dəstə, sayı bilinməyən piyadalar ilə 100 süvari və beş topdan ibarət olan düşmən qüvvələrinə qarşı Hövsandan hücuma keçdi və Əhmədli bölgəsinə tərəf irəlilədi.

5-ci Qafqaz piyada diviziyası da verilən tapşırığı uğurla yerinə yetirmiş və Bakının kənar məhəllələrinə qədər soxulmuşdu. Küçə döyüşlərində tələfat verilə biləcəyi düşüncəsiylə, saat 16.00-da hərəkətə ara verildi. 14 sentyabr 1918-ci il axşamında 5-ci Qafqaz piyada diviziyası, sağdan olmaqla 13, 9, 56 və 10-cu alayları ilə Xristian qəbiristanlığı-Sallaqxana-Qırmızı kazarma-Ağ kazarma xəttində mövqe tutmuşdu.

İkinci Bakı hücumunun birinci günündə yaşanan qanlı döyüĢlərdə 56-cı alay bir zabit və 16 sıravi şəhid vermiş, iki zabit və 74 sıravi yaralanmışdı. 15-ci piyada diviziyasına tabe olan 38-ci alaydan bir zabit şəhid olmuş, bir zabit və 116 sıravi yaralanmışdı. 5-ci Qafqaz piyada diviziyasına tabe 56-cı alaydan isə bir zabit, on altı sıravi şəhid olmuş, iki zabit və 47 sıravi yaralanmışdı.

General Deustervil, ikinci Bakı hücumunun birinci günündə Qafqaz İslam Ordusu qarşısında müqavimət göstərməyin bir fayda verə bilməyəcəyi qənaətinə gəldi. İngilis birliklərinə axşam saat 20.00 radələrində geri çəkilmə əmri verdi. Saat 22.00-da isə bütün ingilis hərbi birləşmələri Kreyzer gəmisinə minmişdi. İngilislərin Bakıdan aralanmasına mane olmaq məqsədilə Sentrokaspi üzvlərindən Liyamlin və Sadovski, Deustervil ilə görüşmək üçün Kreyzer gəmisinə gəldilər. Sadovski Deustervilə xitabən hökumət adından bir məktub gətirdiyini və şəhərin müdafiəsindən qaçmaması gərəkdiyini bildirdi. İngilis birliklərinin geri çəkilməsinin xəyanət kimi qiymətləndiriləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini bildirərək, hərbi birləşmələrin yenidən cəbhənin müdafiə xətlərinə göndərilməsini tələb etdi. Türklərin hələ şəhərə girmədiyini və müharibəni davam etdirəcəklərini də qeyd etdi.

General Deustervil də Sadovskiyə bu cavabı verdi:

"Mənim Bakıdan getməyim heç də xəyanət deyildir. Çünki mənim fikirlərim sizin hökumətə bəlli idi. Mənim hərbi qüvvələrim heç bir kömək almadan 16 saat döyüşdülər. Sizin əsgərləriniz isə çox zəif döyüşürdülər. Belə bir vəziyyətdə mən əsgərlərimin həyatını qurban vermələrinə razı olmaram. Hərbi birləşmələrimin dərhal cəbhənin ön sıralarına sövq edilməsinə gəlincə, dəyişdirilmədən və yardım almadan 16 saat vuruşmaq, fiziki baxımdan mümkün deyildir. Mən belə bir əmr verməyəcəyəm və elə indicə yola çıxıram."
İngilis birləşmələri Bakı və ətrafında qaldıqları gün ərzində 180 əsgərini itirmişdi.

İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqala istiqamətində yola düşdülər.

Beləliklə general Deustervilin sərəncamındakı ingilis hərbi qüvvələri sentyabrın 14-dən 15-nə keçən gecə Bakıdan ayrılaraq Ənzəliyə doğru hərəkət etdi. Qafqaz İslam Ordusu qarşısında Bakının qorunmasında iştirak edən qüvvələrdən yalnız yerli rus və erməni daşnaklarının hərbi birləşmələri qalmışdı.


Tarix: 09.01.2015 / 00:32 Müəllif: Feriska Baxılıb: 234 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...