Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakıdakı hərbi qüvvələr

Bakı rəhbərliyi erməni əsilli həkim Araratyanın başçılığı ilə bir heyəti, ingilis generalı Deustervildən kömək istəmək üçün təlimatlandırmışdı. General Deustervil Azərbaycan heyəti ilə keçirdiyi görüşlərdə Bakıya köməyə gələcəklərini, müdafiə üçün bəzi təşkilati işlər görəcəklərini, ancaq türk ordusuna qarşı erməni və rusların da onlarla birlikdə döyüşmələrinin vacibliyini qeyd etmişdi.[79]

Azərbaycanın cənubundakı Lənkəran bölgəsində yaşayan ruslar, 10 avqustda Ənzəlidə olan Deustervil ilə əlaqə yaratmışdılar. Lənkəran və ətrafındakı ruslar 5 min nəfərlik bir hərbi birləşmə də təşkil etmişdilər. Əllərində kifayət qədər top və tüfəngləri də var idi. İngilislərə un, ərzaq, taxıl tədarükü görmüş, iki dənə də gəmi hədiyyə etmişdilər. Türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, üstəlik Muğan düzündə yaşayan ruslara hərbi təlim verilməsini də istəmişdilər. Deustervil bu təkliflərdən son dərəcə məmnun olmuşdu. Bakı-Gəncə dəmir yoluna yaxın olan Lənkəran və Muğan düzündən, Qafqaz İslam Ordusuna arxadan zərbə vurulacağı hesablanırdı. Ərazinin dəniz kənarında yerləşməsi, üstəlik yaxşı silahlanmış beş min nəfərin türklərə qarşı müharibəyə hazır olması və taxılla bolluca təchizat, Deustervili həddindən artıq məmnun etmişdi. O, bölgəni tədqiq etmək və hərbi vəziyyətə əlverişli əraziləri təyin etmək məqsədi ilə Muğan düzünə bir hərbi heyət göndərdi.[80]

Ənzəli limanından yola çıxan Stoskun komandanlığı altında olan ingilis hərbi birləşmələrinin öncül qüvvələri də 4 avqustda Bakının dəniz sahilinə çıxmışdı. Bu vəziyyət Bakıda olan rus və ermənilərin ruhunu yüksəltmişdi.[81] İngilis ordusunun son bölüyü – general Deustervil də 17 avqustda Bakıya çatdı. Sentrokaspi hökuməti, cəbhə rəhbərliyinin ingilislərdə olmayacağı bəyanatını vermişdi. Lakin qısa müddətdən sonra bütün hərbi fəaliyyət Deustervilin komandanlığına keçdi.

İngilislər Bakıya çatdıqdan sonra cəbhə xəttində bir araşdırma, kəşfiyyat apardılar. Müdafiə xəttinin ərazisi, əsgərlərin vəziyyəti və döyüş gücü barədə araşdırma apardılar. Əsaslı bir müdafiə sistemi tərtib etmək lazım olduğu barədə qərar verdilər. Bakıdakı birləşmiş qüvvələrin və səngərlərin yenidən təşkil olunması üçün işə başladılar. Qafqaz İslam Ordusu hərbi birləşmələrinin şəhərə çox yaxın yerdə olduqlarını görən ingilislər, bunların geri oturdulması barədə əmr verdilər. Ancaq qısa bir müddətdən sonra bunun mümkün olmadığını başa düşdülər.[82]

Deustervil Bakıdakı hərbi qüvvələrin vəziyyəti və cəbhə bölgəsindəki araşdırmalardan sonra vaxt itirmədən lazımi təşkilati işləri yerinə yetirdi. Şimal Stanford alayına tabe hərbi birləşmələr, cəbhənin sol cinahında olan Qurd qapısı dağı və Bibiheybət ətrafında yerləşdirilərək, bölgədəki müdafiə xəttini möhkəmləndirdi. Bu cəbhə xəttində əvvəlcə qazılan səngərlər xeyli yaxşı vəziyyətdə idi. Səngərlər piyadaların atəş açmağı və Türk Qafqaz İslam Ordusunun top atəşlərindən qorunmaq üçün çox əlverişli idi. Bu alayın sağında isə erməni alayı yerləşirdi. Qurd qapısından başlayaraq şimala doğru uzanan dik yamaclar və qayalıqlar, buraların müdafiəsini daha da gücləndirirdi. Qurd qapısından başlayaraq şimala doğru uzanan bu cəbhə xətti Stanford alayı ilə, birləşmiş Bakı qüvvələrinin tabeliyinə verilmişdi. Biləcərinin qərbindən başlayan şimal cəbhə xətti isə Palçıq vulkanına (Yanardağ) və oradan da şərq istiqamətindəki Binəqədi təpələri və Xəzər dənizinə qədər uzanırdı. Şimal Stanford alayına tabe ordulardan bir bölüyü Yanardağ ətrafındakı müdafiə xəttində də iştirak edirdi. Buradakı ingilis hərbi birləşmələrinə yerli iki batalyon da dayaq dururdu. Bu geniş cəbhə xəttində Vervisk və Vourchester batalyonları da iştirak edirdi.

Deustervil Bakının müdafiəsini gücləndirmək üçün yollar axtarırdı. Bu məqsədlə Dağıstana gedib, Biçeraxovun köməyindən yararlanmağı planlaşdırmışdı. Lakin quru və dəmir yolu türklərin, dəniz yolu isə bolşevik gəmilərinin nəzarəti altında idi. Bu səbəbdən onun bu planı baş tutmamışdı.

Bakının türklərin əlinə keçməsini istəməyən yalnız almanlar, bolşeviklər, ermənilər və ingilislər deyildi. Sayları təxminən 4 minə çatan farslar da Bakının Osmanlı dövlətinin əlinə keçməsini istəmirdilər. Əvvəllər bir-birinə düşmən kəsilən bu tərəflər, Qafqaz İslam Ordusuna qarşı güclərini birləşdirmişdilər. O tarixdə Bakıda təxminən 18 min erməni silahlı qüvvələri, 1200 ingilis və 1500 nəfərlik də Biçeraxovun hərbi qüvvələri var idi. Bakıda olan ermənilər ingilislərin, şəhəri Türk Qafqaz İslam Ordusunun hücumundan qoruyacağını və sonra da onların köməyi ilə Bakının türklər və müsəlmanlardan təmizlənəcəyini düşünürdülər. Beləliklə də, Bakıda, eləcə də Azərbaycanda etnik təmizləmə işləri başa çatacaqdı. İngilislər isə bütün ümidlərini ermənilərə bağlamışdılar. General Deustervil erməniləri qorxaqlıq və zəiflikdə günahlandırırdı. Onların daha fəal olmalarını istəyirdi. Bunun üçün Dağıstan, Gürcüstan və Orta Asiyadakı çar tərəfdarları və İranın Ənzəli şəhərində olan ingilis birlikləri ilə əlaqəyə girdi. Ənzəlidən əlavə qüvvələr gətirdi. Lakin yenə də şəhəri türklərdən qorumaq ümidi boşa çıxdı. O, xatirələrində bu hadisədən bəhs edərkən, şəhər əhalisinin böyük bir coşqu ilə Bakıda Qafqaz İslam Ordusunu görmək istədiyini etiraf edir. Əhali türkləri istəyirdi. Bu şərtlər altında Azərbaycan hökuməti də ciddi tədbirlərə əl atdı. Bunlardan biri də Məmməd Əmin Rəsulzadənin İstanbulda hökumət rəhbərləri ilə keçirdiyi görüşlərdə Bakının azad edilməsinin zəruriliyini vurğulaması idi. Rəsulzadə İstanbuldakı Almaniya səfirliyinə etdiyi müraciətdə "Bakısız Azərbaycanın başsız bir bədənə bənzəyəcəyini" deyərək, Azərbaycanın Bakısız olmayacağını bildirmişdi.[83]

Qafqaz İslam Ordusu Bakıda olan erməni-rus-ingilis birləşmiş qüvvələri haqqında müxtəlif yollarla məlumatlar ala bilirdi. Düşmən hərbi birləşmələrinin Salyan kazarmasından Bakının qərbindəki Qurd qapısı təpələrinə qədər olan sol cinah cəbhəsində 6 min, bu kazarmadan cənuba doğru uzanan bölgədəki Biləcəri məntəqəsi və şərqindəki cəbhədə (düşmənin şimal və qərb cəbhəsi) 4 min və şəhər teatrı ətrafında da 2.300 olmaqla cəmi 12.500 nəfərlik qüvvəyə malik olduğunu təxmin etmişdi. Düşmən qüvvələri avqust ayında Bakıya edilən hücumlar nəticəsində 2 min itki vermiş, şəhər xəstəxanaları yaralılarla dolmuşdu. Bakıda bahalaşma, qıtlıq artmışdı, əhalinin yeməyə çörəyi belə tükənmək üzrə idi. Orduda isə belə bir sıxıntının olmaması barədə xəbərlər gəlirdi.[84]

Bakını müdafiə edən Qızıl Ordu birliklərinin çox hissəsini erməni daşnakları və rus bolşevikləri təşkil edirdi. Onlar, Türk ordusunun Bakı üzərinə yeriməsindən böyük bir qorxu və təlaşa qapılmışdılar. Çünki Bakıda türk əhaliyə qarşı həyata keçirdikləri 31 mart soyqırımı ilə Şamaxı və Qubada gerçəkləşdirdikləri etnik təmizliyin hesabını verə bilməyəcəklərindən əndişə duyurdular.[85] Həqiqətən də o tarixlərdə, sayı on minlərlə ifadə edilən günahsız türk soylu əhalini vəhşicəsinə qətlə yetirmişdilər. Bu səbəbdən də Bakını müdafiə etmək üçün hər çarəyə baş vururdular.[86]

Bakıda olan rus və erməni ittifaqı, əvvəllər ingilislərin bölgəyə girməsinə qarşı çıxırdı. Kommunist Şaumyan və 26 Bakı Komissarı hökuməti devrildikdən sonra Bakıda nə edəcəyini bilməyən yeni hökumət Cənubi Azərbaycanda Xəzər dənizinin yaxınlığında yerləşən Ənzəlidəki ingilis qoşunlarını köməyə çağırmışdı. İngilislər bu çağırışı Bakı neftindən pay ala biləcəklərini, bəlkə də hamısına sahib olacaqlarını düşünərək böyük məmnuniyyətlə qəbul etmişdilər. İngilis ordularının rəhbəri general Deustervil, əslində İraq cəbhəsində xidmət edirdi. Aldığı əmr əsasında 17 fevralda Bağdaddan hərəkət edərək, o tarixlərdə heç bir hərbi qüvvənin əlində olmayan Bakının neft yataqlarını ələ keçirmək üçün yola çıxmışdı. Tabeliyindəki ordu ilə Cənubi Azərbaycandakı Rəşt, Qəzvin və Həmədandan keçərək Ənzəliyə yetişmişdi. Ancaq Ənzəlidə olan rus ordusu ilə münaqişələr nəticəsində qarşısı kəsilmiş, şimala, yəni Bakıya gəlib neft diyarını işğal edə bilməmişdi. Diviziya generalı Deustervilin komandanlığı altında olan 39-cu ingilis briqadası 4-7 avqust 1918-ci il tarixləri arasında gəmi ilə Ənzəlidən Bakıya gəlib çatmışdı. Bakıya gələn ingilis ordu birləşmələrində 3 piyada batalyonu və bir səhra topu batareyası var idi. Biçeraxovun Bakıdan çıxaraq Dərbəndə getməsi ermənilərdə ruh düşkünlüyü yaratmışdı. Ancaq Deustervilin köməyə gəlməsi onları bir az ruhlandırmışdı.

Deustervil birliklərinə əlavə olaraq, çox yaxında daha 4 min ingilis əsgərinin Bakıya hərəkət edəcəyi xəbəri alınmışdı. Bu halda Bakıda olan düşmən qüvvələrinin sayı 10 mini aşacaqdı. Əsir götürülən bir ingilis çavuşundan alınan məlumatlara görə, Deustervil Bakıya çatdıqdan sonra 26 batalyonluq bir ordu təşkil edildiyi ingilis əsgərlərinin sayının 1.550 nəfər olduğu bəlli oldu. Türk Qafqaz İslam Ordusu Komandanlığı, 3-cü Ordu Qərargahına müraciət edərək, Təbrizdə olan türk qüvvələrinin Ənzəli üzərinə yeriməsini, ya da Rəşt və Qəzvin bölgəsindəki Kiçik Xana kömək üçün hərəkətə keçilməsini tələb etdi.[88]

İngilislərin Bakıya girməsindən ruhlanan erməni və ruslar, 1.500 nəfərlik qüvvənin ardınca 20-30 min nəfərlik bir qüvvənin də Ənzəlidən hərəkət edəcəyini söyləyirdilər. Bu arada, Dərbənddə olan rus kazakı podpolkovnik Biçeraxovun qüvvələrindən də beş yüz nəfərlik bir ordu gəmi ilə yenidən Bakıya gəldi. İkinci Bakı hücumunun ediləcəyi təqdirdə Bakının müdafiəsini təmin edəcək döyüş qabiliyyətli ordunun sayı 10 min nəfərdən çox idi[89][90].

Bakının mühasirəsi yaxşıca düşünülmüş, qurudan kömək gələ bilən yollar tamamilə kəsilmişdi. Şəhərə ərzaq isə Cənubi Azərbaycandakı Ənzəli və Lənkərandan gəmilər vasitəsilə çatdırılırdı. Mühasirə daralsa da, Bakıdakı hərbi qüvvələr yemək sarıdan korluq çəkmirdilər. Ancaq əhali yemək tapa bilmirdi. Şərq Qrupu Komandanlığı xalqın müqavimətini qırmaq və hərbi qüvvələri şəhəri təslim etməyə məcbur etmək məqsədilə, 19 avqustda Qafqazdan Bakıya gələn içməli suyu kəsdi. Şəhərdə ərzaq qıtlığı başlandı. Ərzaq və su çatışmazlığı qadınların küçələrə çıxaraq hökuməti protest etməsinə gətirib çıxardı. Xalq arasında bəzi şayiələr də dolaşırdı. Türk ordusunun Xəzər dənizinə sualtı qayıq salıb onunla ərzaq daşımaları barədəki söhbətlər də gəzən şayiələr arasında idi. Bu hadisələr Bakıda vəziyyətin get-gedə çətinləşməsindən xəbər verirdi. İngilislər isə idarəetmənin onların ixtiyarına keçdiyi halda əhalini su və ərzaqla təmin edəcəkləri barədə vəd verirdilər.[91]

Şərq Cəbhəsi Komandanı Mürsəl paşa, Bakıda baş verənləri diqqətlə izləyir və Nuru paşaya məlumat verirdi. İkinci Bakı hücumuna hazırlıqların getdiyi bu dövrdə türk topçusu, şəhərdəki kazarmaları dayanmadan vururdu. Bu bombardmanda sahildəki ingilis hərbi qərargahı da vurulmuş və təxminən 200 əsgər ölmuş və ya yaralanmışdı[89].

Bakı Bolşevik Partiyası Mərkəzi Komitəsi 10 avqustda keçirdiyi yığıncaqda, yüksək vəzifəli üzvlərinin şəhərdən çıxmaması barədə qərar qəbul etdi. Ayrıca, Sentrokaspi Diktaturasına heç bir silah və mühümmat verilməməsi və hakimiyyəti yenidən ələ keçirə bilmək üçün şəhərdə daxili müharibəyə hazırlaşmaq qərara alındı. Vəziyyətin get-gedə ağırlaşdığını görən və əllərindəki silahı təhvil vermək istəməyən Petrov və ona bağlı birliklər, 13 avqustda 19 gəmi ilə şəhərdən qaçmaq istədilər. Bakı hökuməti bunun qarşısını aldı. 26 Bakı Komissarları da Sentrokaspi Diktaturasına qarşı inqilab hazırlamaq adı ilə həbs edildilər.


Tarix: 09.01.2015 / 00:26 Müəllif: Feriska Baxılıb: 245 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...