Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının azad edilməsi Qafqaz İslam Ordusunun güclənməsi

Qafqaz İslam Ordusu silah, xüsusilə də top mərmisi çatışmazlığından sıxıntı çəkməsinə baxmayaraq, Bakıya hücum etməyi qərara almışdı. Bakı kimi təbii səngərlər – təpə və vadilərlə əhatələnmiş bir şəhəri ələ keçirmək üçün hücuma keçən ordunun aramsız atəşə tutulması qorxusu vardı. Ona görə də düşmənin müqavimətini qıracaq və piyadalara dəstək verəcək top atəşinə ehtiyac duyulurdu. Mehmetçik, buna rəğmən Bakının ətraf məhəllələrinə qədər irəliləmiş, ancaq bu əsnada toplar tamamilə susmuşdu. Türk qərargahında bu ehtimallar hesablanmışdı. Çünki Baş Komandanlıq vəkaləti göndərdiyi əmrlərdə, Bakının tez bir zamanda ələ keçirilməsini istəyirdi. Müharibənin gedişi və almanların Bakıya girmək istəməsi Ənvər paşa başda olmaqla, bütün hərbi qulluqçuları Bakını tez bir zamanda ələ keçirmək barədə eyni cür fikirləşməyə vadar edirdi. Türk Qafqaz İslam Ordusu komandanlığı, 3-cü Ordu komandanlığına bir raport yazaraq, vəziyyəti bildirməyi lazım bildi. Nuru paşa, türk əsgərləri Hacıqabul-Mərəzə xəttində olarkən əsir alınan düşmən əsgərləri arasında ingilis zabitlərinin də olduğunu və Ənzəlidən Bakıya 4 min nəfərlik güclü bir heyət göndərilməsi üçün hazırlıq görüldüyü barədə onlardan məlumat alındığını, bu xəbərə əsasən Bakıya basqın şəklində bir hücum təşkil etmək üçün 02.08.1918-ci il tarixində əmr verildiyini bildirdi. Düşmənin Bakı yaxınlığına qədər heç bir əsaslı müqavimət göstərmədiyinə eyham vuran Nuru paşa, onların şəhəri müdafiə etmək iqtidarında olmadıqları qənaətinə gəlmişdi. Türk ordusunun Bakıya qəhrəmancasına hücuma keçdiyini və düşmənin müdafiəsini yardığını, ancaq top cəbbəxanası çatmaması üzündən piyadaların lazım olduğu qədər dəstəklənmədiyini nəzərə çatdıran Nuru paşa, düşmənin əks-hücuma keçərək türk əsgərini geri oturtduğunu və üstəlik Puta-Xırdalan dəmir yolunun qərbini də ələ keçirdiklərini yazdı. Nuru paşa raportunda belə deyirdi:

"Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min nəfər olduğu təxmin edilməklə bərabər, əlavə qüvvə aldıqları da casuslar vasitəsilə öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac vardır:
1. Beş min yeni qüvvə,
2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya,
3. Bir təyyarə bölüyü,
4. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək üçün)
5. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6 min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada tüfəngi cəbbəxanası,

6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.
Nuru paşa, Gəncəyə çatdıqdan sonra Azərbaycan türklərindən ibarət bir ordu yaratmaq üçün işə başlamışdı. Lakin, gözlənilən nəticə alınmamışdı. Təşkil edilən az saylı milis qüvvələrinin də istər Göyçay və istərsə də Bakı hücumlarında göstərdikləri hərbi qabiliyyətlər qənaətbəxş olmamışdı.

Azərbaycan ordusunun özəyini təşkil edən bir korpus yaratmaq üçün fəaliyyətə başlayan Nuru paşa 13 avqust 1918-ci il tarixində, yaradılması vacib olan Azərbaycan Korpusunun əsaslarını bu şəkildə bəyan etdi:

1. Azərbaycan Cumhuriyyətində ordu təşkil etmə işlərini "Qafqaz İslam Ordusu" tənzim və idarə edəcəkdir.
2. Qurulacaq korpusun hərbi nizamnaməsi hazırlanaraq 6 avqust 1918-ci il tarix və şöbə 173/5 nömrəsi ilə göndərilmişdir.
3. Süvari dəstələri müxtəlif məntəqələrdə təşkil edilərək, sonradan ehtiyac olduqda daha böyük birliklər halına gətiriləcəkdir.
4. Təşkil edilməkdə olan kiçik birliklər korpus və diviziya qərargahlarının təşkilinə qədər Qafqaz İslam Ordusuna tabe olacaqdır.
5. Korpusun zabitlərinin hamısı müsəlman olmalıdır. Bütün zabit və əsgərlər Osmanlı hərbi formasını geyəcəklər, süvarilər mərasimdə çərkəz uniformasını geyəcəklər.
6. Mövcud Azərbaycan korpusu ləğv olunacaqdır. Korpusun Gəncə və digər məntəqələrdə olan hər növ silah, cəbbəxana, mühümmat, araba, heyvan və geyimləri yeni təşkil ediləcək korpusda istifadə edilmək üçün Qafqaz İslam Ordusunun tabeliyinə veriləcəkdir. Azərbaycan korpusu 15 avqust 1918-ci il tarixinə qədər bunların siyahısını Qafqaz İslam Ordusuna göndərəcəkdir.

7. Yeni təşkil ediləcək birliklərdə danışma və yazışma türkcə olacaqdır. Yayınlanan bu təlimat Azərbaycanda fəaliyyət göstərən bütün Osmanlı birlikləri ilə Azərbaycan Korpusu Komandanlığına və Azərbaycan hökumətinə göndərilmişdir.[75]
Qurulmasına çalışılan Azərbaycan ordusu dörd piyada alyından ibarət olan iki piyada diviziyası şəklində təşkil olunacaqdı. Gənclər ölkənin müxtəlif yerlərindəki yerli komandanlıqlar vasitəsilə orduya çağırılacaqdı. Qurulacaq batalyon, alay və diviziyalara Osmanlı zabitləri komandanlıq edəcək, daha sonra yetişdirilən Azərbaycanlı zabitlər tədricən bunların yerini tutacaq. Bu ordunun təchizatını isə Azərbaycan hökuməti, məhəlli idarələr və yerli komitələr edəcəkdilər. Azərbaycan Milli Korpusu Komandanı vəzifəsinə Rus Çar ordusunda general rütbəsinə qədər yüksələn Əliağa Şıxlinski təyin olundu.[76]

Qafqaz İslam Ordusunun cəbbəxana çatışmazlığı üzündən Bakı yaxınlığında çarəsiz gözləməsi, labüd Dağıstan və Cənubi Azərbaycan hərəkatlarını da təxirə salırdı. Bu da, İstanbulda Osmanlı Baş Qərargahının planlarına mənfi təsir göstərirdi. Xüsusilə Cənubi Azərbaycanda Ənzəli, Rəşt, Tehran və Təbriz ilə Urmiya gölü ətrafında təşkil olunması vacib olan hərbi əməliyyatlar gecikdikcə, İraqdakı Mosul və Bağdad ətrafında olan türk əsgəri birliklərinin vəziyyəti də çətinləşirdi. Qafqaz İslam Ordusunun əlavə güc və təchizata ehtiyacı olduğundan Şərq Orduları Qrupu Komandanlığı 9-cu Ordunun sərəncamında olan 107-ci Qafqaz alayının Bakıya göndərilməsini qərarlaşdırdı. 107-ci Qafqaz alayının 1.200 nəfərlik şəxsi heyəti və 12 pulemyotu vardı. Əsgəri birlik, 9 avqustda Qarakilsə ətrafından hərəkətə başladı. 13 avqustda Azərbaycanın Gürcüstan sərhədi yaxınlığındakı Ağstafa məntəqəsinə çatdı. Baş Komandan vəkili Ənvər paşa 3 və 9-cu Ordulardakı qüvvələrin azalmasını münasib bilmirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə biləcəyi fikrində idi. Şərq Orduları Komandanı Xəlil paşa isə Ənvər paşaya 12 avqustda göndərdiyi raportda Bakı yaxınlığındakı uğursuzluğun, xalq arasında mənfi təsir oyandırdığını və əldəki mövcud qüvvələrlə də bunun mümkün olmadığını bildirdi. Xəlil paşa Bakı cəbhəsini qüvvətləndirmək üçün 36-cı piyada diviziyası, bir piyada alayı ilə diviziya topçusunun tezliklə Azərbaycana göndərilməsini 9-cu Ordu Komandanlığına əmr etdiyini, Gürcüstandakı dəmir yollarının istifadəyə yararlı olduğu halda 10-cu Qafqaz diviziyasını Bakı cəbhəsinə sövq etməyi düşündüyünü, Bakının ələ keçirilməsindən sonra asudə qalan əsgəri birliklərin isə Cənubi Azərbaycana sövq edilməsinin mümkün olacağını bildirdi[78].

Edilən bu dəyərləndirmələrdən sonra Qafqaz İslam Ordusunun 15-ci piyada diviziyası ilə qüvvətləndirilməsi qərara alındı. Bu diviziya, 56 və 106-cı piyada alayları, bir dağ topçu batalyonu, bir 10,5-lik dağ və bir 10,5-lik səhra qaubitsa artilleriya batareyası ilə bağlı bunlarla birliklər və qollardan ibarət idi. 15-ci piyada diviziyasının 38-ci piyada alayı isə iyun ayında 5-ci Qafqaz piyada diviziyasına əlavə qüvvə olaraq göndərilmişdi. 15-ci piyada diviziyasının Bakıya çatdığı tarixə görə yeni bir hücum günü təyin olunacaqdı və bu tarixin də güman ki, 11 sentyabr olacağı hesablanmışdı. Şərq Orduları Qrupu Komandanı Xəlil paşanın da Bakıya gedərək hücumda şəxsən iştirak etməsi qərarlaşdırıldı


Tarix: 09.01.2015 / 00:25 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...