Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Aşurov

Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı gimnaziyasını bitirmişdir. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərmişdir. Aşurov "Nəşri-maarif‖ cəmiyyətinin rəhbərlərindən biri olmuş, şəhər dumasının üzvü seçilmişdir. Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinin tərkibinə seçilmişdir. Milli hərəkatın fəal üzv-lərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak etmişdir. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləmiş, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir. İqtisadi böhranla mübarizədə Aşurov xüsusi rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yaradılması yönündə əzmlə çalışmış, möhtəkirliklə, fəaliyyətləri dövlət maraqlarına zidd olan xüsusi mülkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur. Aşurov dövlətin müstəqil iqtisadi xəttinin prinsipial müdafiəçisi idi. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunmuşdur. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunmuşdur. 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxmışdır. O, Cümhuriyyət dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından olmuşdur. Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməmişdilər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərmiş, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləmişdir. Rostovun tatar qəbiristanlığında dəfn olunmuşdur.

Almaniyada mühəndis texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmışdır. Bakıda ilk elektrik stansiyasının tikilməsi və şollar su kəmərinin çəkilməsində böyük xidmətlər göstərmişdir.

AXC-nin 2-ci hökumətinin üzvü olmuş Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Bu səbəbdən ertəsi gün bolşeviklər onu həbs etmək qərarı verirlər.

Aşurov Türkiyəyə mühacirət etməyə çalışmış lakin, bu məsələ baş tutmadıqda o Rostov şəhərinə köçüb ixtisası üzrə işləmişdir.

Rostovun tatar qəbirstanlığında dəfn olunub.


Tarix: 09.01.2015 / 00:10 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...