Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərəb-zimmi döyüş dəstələri haqqında

Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən) döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız piyada qoşuna götürürdülər.

Bu hərbi səfərlərdə zimmilər görkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında vuruşurdular[29][30]

Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; bu ağır sahələrdə zimmilər, şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyur, ya da düşmənin başlıca zərbəsini öz üzərindən götürürdülər. Zimmi qoşunlarından istifadə edildiyini göstərən məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərində tapmaq olar. M.Kalankatuklu bildirir ki, 713/714-cü illərdə Məslamə ibn Əbd ül Malik xəzərlərin təzyiqi altında Dərbənddən geri çəkiləndə, "bütün əmlakilə birlikdə öz qərargahını tərk etdi, hətta öz hərəmxanasını da arxada buraxmışdı. Onun arxasını [Aqvan] patrisilərindən Eranşahik Vaçaqan müdafıə edirdi".

Zimmilərin yerli birləşmələri ərəblərə silahlı kömək göstərəndə, ərəblər onları vergi ödəməkdən azad edirdilər, çünki hərbi xidmət vergini əvəz edirdi. Əhali ərəb qoşunlarında xidmət etməkdən və onlara yardım göstərməkdən boyun qaçıranda, Azərbaycan əhalisi də belə etmişdi – azad olmaq üçün böyük ödənc verməli idi.

Bəzən zimmi birləşmələrindən cəsus kimi də istifadə edilirdi .

Beləliklə, on ildən artıq müqavimətdən sonra Azərbaycanın şimal hissəsi də Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Bu, təkcə ərəb qaynaqlarının deyil, həm də yerli müəlliflərin (Gevondun, Sebeosun və b.) məlumatları ilə təsdiq olunur. Xilafət üçün qarışıq olan 684-685-ci illərin hadisələrindən xəbər verən Gevond yazırdı: "Ermənilər, gürcülər və albanlar otuzillik itaətdən sonra [ərəblərə] vergi verməyi dayandırdılar". Lakin, bu çox çəkmədi. Xilafət və Bizansın yeni hökmdarları xəlifə Əbd əl-Məlik (685-705) və imperator II Yustinian (685-711) arasında bağlanan sazişdən sonra Arran – Albaniya, Moisey Kalankatlının sözlərilə desək, "üç xalqa -xəzərlərə, taciklərə (yəni, ərəblərə – Nailə Vəlixanlı) və yunanlara (yəni, Bizansa – Nailə Vəlixanlı) vergi ödəməyə" məcbur oldu.


Tarix: 07.01.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində
loading...