Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Müstəqil dövlətlərin təcrübəsindən və tarixindən mə'lumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü tə'min etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib hissələrindən biridir. 20-ci əsrin ikinci on illiyinin sonlarında öz dövlət müstəqilliyini əldə etmək ərəfəsində Azərbaycan xalqının qarşısında dayanan başlica vəzifələrdən biri milli Hərbi Qüvvələrin yaradılması məsələsi idi. Bu məsələnin həlli və reallaşdırılması təkcə Azərbaycan xalqının milli mənafelərinin qorunması zərurəti ilə deyil, bəlkə də yaranmış şəraitdə Millətin qorunması zərurəti ilə şərtlənirdi. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam ordusunun komandanı tə'yin edildi. Türk zabitlərinin yaxindan köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla tə'min etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Ümumilikdə iki ilə yaxin fəaliyyət göstərən ilk hərbi məktəbimiz 4 buraxılış keçirə bilmişdir. 1920-ci il may ayının sonunda Sovet hakimiyyətinin qurulması ilə əlaqədər ilk hərbi məktəb öz fəaliyyətini dayandirdi.

1939-cu ilin noyabr ayında SSRİ xalq müdafiə komisarının əmri əsasında Qroznı şəhərində Qroznı Hərbi Piyada Məktəbinin yaradılması göstərişi oldu. Bu günkü Azərbaycan Ali Hərbi Məktəbi öz yaranma tarixini həmin andan davam etdirir.

Məktəb yarandığı ilk günlərdən böyük çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində olmuşdur. Xüsusi ilə bu çətinliklərin əsası maddi-texniki tə’minatla əlaqədar idi. Kursantların dərslərinin və müstəqil hazırlığının keçirilməsi üçün sinif və auditoriyalar çatışmırdı. Atəş poliqonu çox primitiv şəkildə quraşdırılmış və atəş hazırlığından çalışmaların yerinə yetirilməsini tə’min etmirdi. Bütün bu çətinliklərə baxmayaraq 1 yanvar 1940-cı ildən məktəb tədris proqramını yerinə yetirməyə başladı. İlk aylarda kursantlar proqram üzrə müxtəlif müddətlə hazırlanırdılar. Hərbi hissələrdən məktəbə daxil olanlar bir illik proqramla, hərbi komisarlıqdan gələn mülki gənclər iki illik proqramla hazırlanırdılar. 1940-cı ilin martından bütün məktəb iki illik hazırlanma proqramına keçdi. Zabitlərin hazırlığı əvvəlcə iki peşə üzrə gedirdi:

atıcı tağım komandirləri
pulemyotçu tağım komandirləri
1941-ci ildə məktəbin ştatı böyüdü və kursantlar üç peşə üzrə hazırlanmağa başlandı:

atıcı tağım komandirləri 50 %
pulemyotçu tağım komandirləri 30%
minomyotçu tağım komandirləri 20%
Tədrisdə əsas diqqət hər bir kursantın hərbi texnikanı və taktikanı dərindən qavramasına, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilmişdir. Taktiki dərslər ilin fəsillərinə baxmayaraq, əksəriyyəti tə’lim meydanında, müxtəlif yerlərdə döyüş şəraitinə uyğun keçirilirdi.

1941-ci ilin mə’zunlarından biri həmin günləri belə xatırlayır: "Taktiki dərslər gündəlik 4-5 saat keçirilirdi. Daşqala adlanan dağda hətta ot belə bitmirdi, belə ki, biz sürünməkdən onları yox etmişdik."

Zabitlərin hazırlanmasında əsas diqqət tə’lim metodik hazırlığına yönəldilmişdir. Belə ki, gənc komandirlər hərbi hissəyə gəldikdə şəxsi hey’ətlə döyüş hazırlığını bütün proqramların əsasında dərsləri keçirilməsini bacarsınlar. Tədris prosesinin əsası praktiki dərslərdən ibarət olurdu.

1940-cı ilin fevralın əvvəlində ilkin yığımın kursantları sıra qarşısında vətənə və öz xalqına sədaqətli olmaq üçün hərbi and qəbul etdilər.

Nəhayət həmin təntənəli gün yetişdi. Həmin buraxılış iki il əvəzinə il yarımlıq oldu. Ancaq buna baxmayaraq buraxılış imtahanlarında kursantların əksəriyyəti əsasən hərbi fənnlərdən yüksək qiymət aldılar. Təxminən buraxılanların 76 % -i taktikanı və atəş hazırlığını "Ə’la" və "Yaxşı" qiymətlərlə verdilər.

1941-ci il iyunun 12-də gənc zabitlər tə’yinatı üzrə xidmət yerlərinə yola düşdülər və bundan 10 gün sonra böyük vətən müharibəsi başlandı.

22 iyun 1941-ci ildə Almaniya-SSRİ müharibəsi başlandı. Həmin gündən etibarən məktəbin həyatında yeni bir mərhələ başlandı. Kollektiv qarşısında çətin və məsuliyyətli tapşırıqlar qoyuldu. Onlar cəbhənin tələbini ödəmək, fəaliyyətdə olan ordunu zabit kadrları ilə təmin etməkdən ibarət idi.

Müharibənin üçüncü günü artıq 579 kursant və müəllim heyətindən cəbhəyə getmək üçün könüllü müraciət etmişdir. Müharibənin başlamasından dörd ay sonra gənc leytenantların vaxtından əvvəl buraxılışı keçirildi.

Məzunlar birbaşa döyüşən orduya göndərildilər. Müharibə, komandir hazırlığı sistemini kökündən dəyişdirməyə məcbur edirdi. Şəraitlə əlaqədar olaraq məktəbin tədris sisteminə yeni hazırlıq proqramı əlavə olundu. Bütün dərslər müharibə dövrünün tələblərinə uyğun olaraq keçirilirdi.

Müharibənin ən ağır dövründə Ali Baş Komandanın əmri əsasında Qroznı Hərbi Piyada Məktəbi, Qroznı kursant alayına keçirilərək 13 iyul 1942-ci ildə 2435 nəfərdən ibarət alay, məktəb rəisinin komandanlığı ilə döyüşən orduya, Stalinqrad cəbhəsinə yola salınmışdır.

Qroznı kursant alayı Stalinqrad cəbhəsinə göndərildikdən sonra məktəb öz fəaliyyətini dayandırmadı. 1942-ci ilin iyulun 18-də məktəb əvvəlki ştata əsasən yığılaraq 1 avqust 1942-ci ilədək başa çatdırıldı.

Alman ordusunun Qroznı şəhərinə yaxınlaşması ilə əlaqədar olaraq məktəb avqustun axırında Gürcüstana köçürüldü. Orada zabit kadrlarını hazırlamaq üçün şəraitin olmamasına görə, 17 oktyabr 1942-ci ildə məktəb Bakı şəhərinə köçürüldü. Burada olan şərait müharibənin tələblərinə uyğun zabit kadrların hazırlanmasına imkan verirdi.

Almaniya ordusuna qarşı qəhrəmancasına mübarizədə Bakı Piyada Məktəbi cəbhəyə 9.000-dən artıq gənc zabit kadrları hazırlayaraq yola salmışdır. Bakı Piyada Məktəbinin 22 məzunu bu müharibədə ənyüksək ada, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Sovet İttifaqı Qəhrəmanı adı almış 22 məzundan üçü azərbaycanlı olmuşdur. Onlardan:

İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları qvardiya general mayoru Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Əhəd Oğlu Aslanov
Ziya Musa Oğlu Bünyadov
Aslan Fərhad Oğlu Vəzirov olmuşlar.
Bakı piyada məktəbinin mə’zunları döyüşlərdə məktəbin adını həmişə uca tutmuşdular.

Müharibədən sonrakı müasir dövr, məktəbdə dərin siyasi-hərbi və texniki biliyə, yüksək mədəniyyətə malik zabit kadrlarının hazırlanması tələb edirdi.

Hər şeydən öncə məktəbdə yeni zabitlərin hazırlanmasının say tərkibi dəyişdirildi. Artıq 1945-ci ilin aprel ayında Bakı Piyada Məktəbində yeni ştat strukturu quruldu. Şəxsi hey’ətin sayı beş dəfə azaldıldı.

Zabit kadrlarının hərtərəfli hazırlanması üçün 1946-cı ilin iyul ayından üç illik proqramla hazırlığı başlandı. 1947-ci ilin oktyabr ayında Bakı Piyada Məktəbi özünün müharibədən sonra ilk üç illik proqramla hazırlanmış kursantlarının buraxılışını keçirdi.

Bakı Piyada Məktəbinin orduda Azərbaycanlı zabit kadrlarının artmasında böyük rolu olmuşdur. 1952-ci ilin buraxılış günü məktəbin tarixində ən əlamətdar günlərdən biri olmuşdur. Lakin, buraxılan zabit kadrlarının yalnız 34%-ni azərbaycanlılar təşkil etmişdir. Bu vaxtdan etibarən Azərbaycanlı kadrların məktəbə qəbulu artmışdır.

1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandı. 1 sentyabr 1958-ci ildə məktəb yeni tədris sisteminə böyük təntənə ilə başladı. 28 noyabr 1966-cı ildə əldə etdiyi yüksək nailiyyətlərinə görə məktəbə Azərbaycan SSRİ Ali Sovetinin adı verildi.

1973-cü il aprelin yeddisi məktəbin həyatında ən yadda qalan gün olmuşdur. Həmin gün məktəbin Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ziyarət etmişdir. Bundan əlavə olaraq o, dövrdə Heydər Əliyev cənabları mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində mə’zunlarla bir yerdə olurdu. O zaman orduda Azərbaycanlı zabit kadrlarının artmasınada Heydər Əliyev cənablarının böyük rolu olmuşdur.

Məktəbin tarixində ən yadda qalan günlərdən biri də, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Generalı Həzi Əhəd Oğlu Aslanovun adının, müdafiə nazirinin əmrilə 1975-ci ildə həmişəlik məktəbin 1-ci bölüyünün şəxsi hey’ətinin siyahısına salınması olmuşdur. Bu gündə bu ən’ənə məktəbimizdə davam etməkdədir.

XX əsr 80-ci illərin ikinci yarısında Sovet İttifaqı adlanan imperiyanın daxilindəki ziddiyətlər son həddə çatmışdı. Həmişə olduğu kimi imperiyanın daxilindəki ziddiyətlər bu dəfə də, Azərbaycan xalqının milli özünü dərketmə prosesi və milli azadlıq hərəkatının başlanmasına səbəb olmuşdu.

1988-ci ildə ermənilər uydurma "böyük ermənistan" planını yenidən ortaya atmaqla Azərbaycan xalqına qarşı soyqırım siyasətini artıq açıq şəkildə həyata keçirməyə başladılar.

Keçmiş SSRİ rəhbərliyi, xüsusilə SSRİ-nin prezidenti Mixayıl Qarbaçov tərəfindən dəstəklənən erməni quldurları bir-birinin ardınca dəhşətli hadisələr törədirdilər.

Bu hadisələrə e’tiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə ilk dəfə olaraq Bakı Ali Məktəblərinin tələbələri, sənaye müəssisələrinin fəhlələri və şəhərin ziyalı təbəqəsi küçələrə çıxaraq indiki Azadlıq meydanında, Qarabağda baş vermiş hadisələrə qarşı Azərbaycanın ərazi bütövlüyünə görə nümayiş keçirdi.

Həmin gündən e’tibarən Azərbaycanın müsdəqillik yolunda yeni bir tarix başlandı. 18 gün fasiləsiz davam edən mitinq Sovet İmperiyasının sütunlarını sarsıtdı və müstəqilliyimizin təməl daşını qoydu. Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi 20 yanvar faciəsi xalqı öz istəyindən döndərə bilmədi.

Respublikamızın öz suverinliyini əldə etməsi qonşu ermənistanın aramsız təcavüzü ilə bir vaxta təsadüf etmişdir. Müstəqil dövlətin atributlarından biri olan Silahlı Qüvvələrimizin yaradılması və formalaşması mürəkkəb bir şəraitdə keçmişdir. Lakin Azərbaycan Ordusu qısa bir müddətdə formalaşmış və düşmənlə üzbə-üz dayanmışdır.

Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan sonra yeni yaranmış Silahlı Qüvvələrin ilk zabit və əsgərləri 1991-ci il dekabrın 8-də şəhidlər xiyabanında bir-birinin ardınca qara mərmər lövhələrdə əbədiləşmiş yurddaşlarımızla üzbə-üz dayanıb onların başladıqları işə, vətənə, torpağa sadiq qalacaqlarına, nəyin bahasına olursa-olsun düşmənə aman verməyəcəklərinə and içdilər.

1939-cu ilin 31 dekabrından fəaliyyət göstərən, Sovet İttifaqının quru qoşunları üçün zabit kadrları yetişdirən Bakı Ali Hərbi Məktəbinin əsasında yaranan milli hərbi məktəbimiz, xalqımızın azadlıq və müsdəqillik uğrunda mübarizəsinin məntiqi nəticələrinin bəhrəsi kimi elə ilk günlərdən dövlətimizin müdafiə və təhlükəsizlik fəaliyyətinə xidmət etmişdir.

1992-ci ilin aprel ayından məktəb Azəraycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir. Motoatıcı qoşunlar üçün zabitlərdən başqa məktəbimiz on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır.

Elə yaranan ildən yeniləşən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, Müsdəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər.

1992-ci ilin dekabrında Ümumqoşun fakultəsinin birinci kursunun şəxsi hey’ətindən ibarət tabur yaranmış və döyüş tapşırığını yerinə yetirmək üçün ağdam bölgəsinə göndərilmişdir. Gənc kursant taburu vətənpərvərlik və cəsurluq nümunələri göstərərək itkisiz döyüş tapşırığını yerinə yetirmişdir.

1993-cü ilin fevralında ümumqoşun fakultəsinin ikinci kursundan 72 nəfərdən ibarət bölük yaradılmış döyüş tapşırığını yerinə yetirmək üçün ağdərə bölgəsinə göndərilmişdir. Döyüş tapşırığını yerinə yetirərkən 8 nəfər həlak olmuş, 5 nəfər isə itkin düşmüşdür.

Məktəbimizin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında, Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişlər.

Məktəbimizi qurtaran yüzlərlə gənc zabit öz hərbi andına sadiq qalaraq Müstəqilliyimiz və Dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik göstərmişdir. Onlarla mə’zunumuz vətən naminə öz canlarını fəda etmiş və qəhrəmanlıq zirvəsinə ucalmışdır. Döyüşlərdə göastərdiyi igidlikliklərinə görə məktəbimizin mə’zunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşlər.


Tarix: 27.01.2015 / 15:53 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Azərbaycanın müharibələri‎
loading...