Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elgiz Kərimov

Həyatı
Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Eməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı.

Döyüşlərdə iştirakı
Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu.

İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.

Gündəlikdən sətirlər
Onun yarımçıq qalmış gündəliyindəki qeydləri həyəcansız oxmaq mümkün deyil: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım", – Bu gün 91-ci ilin yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar" – deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı.

Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım.

Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürdülər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdiE Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralandım. Üç ay özümdə olmadım.

Yenidən silahdaşlarımızn yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi.

Gündəlik yarımçıq qalıb. Həmin gün Elgiz Kərim oğlu Kərimov şəhid olub. Bəy otağı qara boyanıb, bəylik kostyumu görənlərin gözlərini göynədir. Nisgilli anaya oğlunun toyunda oynamaq qismət olmadı. 15 ildir Bərdədə, Şəhidlər xiyabanında oğlunun məzarını ziyarətə gəlir. Atanın, ananın, dost-tanışının bircə təskinlikləri var: Elgiz Kərimov qəhrəmanlıqla həlak olandan üç ay sonra respublika Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri ada layiq görülüb.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Bərdə rayonunda dəfn edilmişdir.


Tarix: 26.01.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 247 Bölmə: Azərbaycanın müharibələri‎
loading...