Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalan (film, 2006) - Film haqqında

Film haqqında
Filmin çəkilişlərinə Horadiz, Daşburun, Xudat stansiyalarının əməkdaşları, Füzuli, Xaçmaz, Qusar, Quba rayonlarının Nügədi, Amsar, Susay kəndlərinin sakinləri, kütləvi səhnələrdə Qarabağ döyüşləri veteranları köməklik göstərmişdir.
Rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı "Yalan" filmi kino həvəskarlarına təqdim olunduqdan sonra onun yaradıcılıq işi ətrafında bəzi qərəzli fikirlər dolanmaqdadır. Bəzi kino işçiləri filmdə həm texniki qüsurlar, həm yaradıcı kəm-kəsirlərin olduğundan hələ də danışırlar. Bu fikirlərin artıq onun da qulağına çatdığını bildirən filmin rejissoru Ramiz Əzizbəyli "Yalan" haqqında deyilən və yazılanların qərəzli və sifariş xarakteri daşıdığını söylədi. Onu da dedi ki, qərəzli fikirlərin müəllifləri çəkiliş prosesində hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşdığımızdan xəbərsizdirlər: "Bu filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb. Filmə çəkilən aktyorlar ən dözülməz şərtlərdə işləməli olublar. Qulağıma çatıb ki, guya mən plagiatlıq edərək, "Əsgər atası" filmindən kadrlar oğurlamışam. Bu adamların kinodan xəbərləri yoxdur. Ona görə də bilmirlər ki, hər iki filmdə mövzu eynidir, filmlərin oxşarlığı normaldır. Bəzi adamlar mənim işimi gözdən salmaq üçün həmin yazıları sifariş ediblər". Filmdə istifadə etdiyi texniki avadanlığın onu qane etmədiyini qeyd edən filmin rejissoru dedi ki, "Yalan"ı 30 ilin kino avadanlığı ilə ərsəyə gətirib. Elə bu üzdən də yaradıcı heyət kifayət qədər problemlərlə üzləşib. Eyni zamanda, o, ssenariyə müdaxilə etmək məhdudiyyəti ilə üzləşdiyini söylədi: "Çünki "Yalan" dövlət sifarişi ilə çəkilirdi, mən isə yalnız icraçı idim. Amma filmi bitirdikdən sonra gözünün yaşını silə-silə tamaşaçı zalından çıxan adamları gördüm. Deməli, "Yalan" bəyənilib. Amma bu fikirlərimin nə dərəcə həqiqət olub-olmadığını zaman göstərəcək. Çünki tamaşaçıların indi sevə-sevə izlədiyi "Arşın mal alan", "O olmasın, bu olsun" kimi filmlər də vaxtilə tənqid olunub. Amma zaman göstərdi ki, bu filmlər nadir incilərdəndir", – deyə rejissor qeyd etdi.
Filmin çəkilişi zamanı Qubanın Susay kəndində aktyorları daşıyan avtomobil qəza təhlükəsinə düşmüşdü. Sürücünün sərxoş olması ucbatından son məqamda aktyor Təvəkkül İsmayılov avtomobildən tullanaraq sol dabanını sındırmışdı.
İlk əvvəl çəkilişlərə köhnə pulla 1 milyard manat ayrılmışdı, sonradan 100 milyon manat da əlavə olunub.


Tarix: 26.01.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Azərbaycanın müharibələri‎
loading...