Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ülkər Məmmədova (alim) - Elmi fəaliyyəti

Elmi fəaliyyəti
Ülkər Məmmədova 26 oktyabr 2005-ci ildə "Şihabəddin Yəhya Sührəvərdinin ədəbi yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Ülkər Məmmədova 2008-ci ildən "Eynəlqüzat Miyanəcinin ədəbi-bədii irsi" adlı doktorluq işi üzərində çalışır. O, 4 kitabın, 40-a yaxın elmi məqalənin müəllifidir.
"Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı)" kitabı
Ülkər Məmmədova XII əsrin görkəmli filosofu, şairi və ədibi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) ədəbi-bədii yaradıcılığını müstəqil şəkildə ilk dəfə araşdırmış, onun poeziyasını nəsr yaradıcılığı ilə birgə tədqiq etmişdur. O, Qurani-Kərimdə ifadə olunmuş bəzi bənzətmələrin Şihabəddin Sührəvərdinin poeziyasında rast gəlinməsi, mütəfəkkirin farsca şeirlərindən nümunələri ilk dəfə işləmişdir. Sufi-fəlsəfi traktatları Azərbaycan ərəbdilli və farsdilli nəsr nümunələri kimi ilk dəfə araşdırmış, dini rəvayətləri, alleqorik hekayətləri qabarıq şəkildə tədqiq etmişdir. "Sufilərin məqamları" traktatını ilk dəfə tədqiqata cəlb etmişdir.

"Ərəb ədəbiyyatşünaslığının əsasları" kitabı
Ülkər Məmmədova ərəb ədəbiyyatşünaslığını iki mənbə – Əbu Abbas Həsən İbn Rəşiq əl-Qayravaninin (1000-1063) “Şeirin gözəlliyi, nəfisliyi və tənqidinə dair dayaq” (“العمدة قى محاسن الشعر و ادبه و نقده”) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn Xəldunun (1332-1406) “İbrətlər, başlanğıc divanı, ərəblərin, əcəmlərin, bərbərlərin və onların dövründə olan ali hakimiyyət sahiblərinin əyyamındakı xəbərlər” (“كتاب العبر و ديوان المبتدا و الخبر فى ايام العرب و العجم و البربر و من عاصرهم من ذوى السلطان الاكبر ”) əsərləri əsasında işləmişdir.

Mənbə kimi biri XI, digəri isə XIV əsrdə yaşamış dövrünün görkəmli şəxsiyyətlərinin mülahizələrinin müqayisəsinin səbəbi sual yarada bilər. İbn Rəşiq öz zamanının görkəmli şairi, filoloqu, dilçisi idi. İbn Xəldunun “Müqəddimə” əsərinin təxminən yüz səhifəsini ədəbiyyatla bağlı fikirlər əhatə etsə də, o, tarixdə əsasən, sosioloq kimi tanınmışdır. İbn Rəşiqin fikirlərinin hər hansı digər filoloqla deyil, daha çox sosioloq kimi məşhur bir şəxsiyyətlə müqayisəsinin səbəbi nədir? Tədqiqata ilk dəfə “Müqəddimə” əsəri cəlb edilmişdir. Lakin əsərlə tanışlıq zamanı müəllifin İbn Rəşiqin “Dayaq” əsərini yüksək qiymətləndirdiyi və bəzi məsələlərdə ondan bəhrələndiyi aydın olur. Bu səbəbdən də, həmin iki əsərin müqayisəsinin zərurəti yaranmışdı.

İbn Rəşiqin əsəri ilə tanışlıq zamanı “Müqəddimə”də ona aid edilmiş bəzi fikirlərin qeyri-dəqiqliyinə rast gəlindi. Belə ki, İbn Rəşiqin başqa filoloqlara istinadən göstərdiyi mülahizələr onun adı ilə əlaqələnmiş, ona aid olmayan şeirin müəllifi kimi təqdim edilmişdir. Bundan başqa burada ədəbiyyatın tarixi mərhələləri, dil bacarığı, bəyan, bəlağət, bədi, nəsr və onun xüsusiyyətləri, nəzmin formaları və janrları, ərəb ispan ədəbiyyatı, dində şeirə münasibət, vəzn və qafiyə, bədahətən və improvizasiya, şair üçün lazım olan keyfiyyətlər, "sariqa" və onun növləri kimi məsələləri tədqiq etmişdir.

"Yazaraq yaşayan alim" kitabı
Ülkər Məmmədovanın "Yazaraq yaşayan alim" kitabı AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 75 illiyinə həsr edilmişdir. Kitabda filosofun həyatı, elmi və bədii yaradıcılığı geniş şəkildə işıqlandırılır.

Elmi əsərləri
Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı), Bakı, Elm, 2010.
Zakir Məmmədov. Azərbaycanın elm və mədəniyyət xadimləri (biblioqrafik göstərici). (tərtibçilərindən biri), Bakı, Elm, 2010.
Yazaraq yaşayan alim. Bakı, Elm, 2012.
Ərəb ədəbiyyatşünaslığının əsasları (İbn Rəşiqin "əl-Umdə" və İbn Xəldunun "əl-Müqəddəmə" əsərləri əsasında). Bakı, Elm, 2012


Tarix: 23.01.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycanın müharibələri‎
loading...