Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yelmar Şərifov

Həyatı
Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun atası Fərhad bəy Xurşud bəy oğlu, anası Ildız xanım Qasım bəy qızı soy-kök etibarilə Seyidli oymağının Şərifli soyundandırlar. Yelmar Şərifovun Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan dayıları İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Fərhad bəy də əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. 1931-ci ildə Seyidlidə vəfat etmişdir.

Yelmar Şərifovun anası Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur.

Yelmar Şərifov Ağdam şəhər məktəbində təhsil almış, 1931-ci ilə kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldıqdan sonra Elmi-Tədqiqat Kimya İnstitutunun Aqrokimya və torpaqşünaslıq şöbəsində kiçik elmi işçi işləmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Torpaqşünaslıq bölməsində kiçik elmi işçi vəzifəsinə işə düzəlmiş Yelmar Şərifov 1936-1940 illərdə həmin bölmənin torpaqşünaslıq ixtisası üzrə aspirantı olmuşdur. O, 1940-1942-ci illərdə Azərbaycan Xalq Torpaq Komissarlığında çalışmışdır.

Yelmar Şərifov 1942-ci ilin yanvar ayından avqust ayına kimi Bakı Piyada Hərbi Məktəbində oxumuşdur. İkinci dünya müharibəsi illərində o, 1942-ci ilin avqust ayından 1943-cü ilin sonuna kimi 271 və ikinci qvardiya diviziyasının heyətində xidmət etmişdir. Yelmar Şərifov 1943-cü ilin sentyabr ayından 1944 ilin avqust ayına kimi Xarkov Hərbi Kimyəvi Məktəbinin zabit-kursantı idi. O, 1944-1945-ci illərdə 33-cü atıcı diviziyasının heyətində zabit kimi Almaniya və Polşa cəbhəsində vuruşmuşdur.

Yelmar Şərifov İkinci dünya müharibəsi illərində göstərdiyi igidliyiyə görə SSRİ hökuməti tərəfindən müxtəlif illərdə 6 medalla (Döyüş xidmətinə görə medal, Qafqazın müdafiəsinə görə medal, Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə medalı, SSRİ Silahlı Qüvvələrinin qələbəsinin 50 illiyinə görə medalı, Böyük Vətən Müharibəsinin qələbəsinin 30 illiyinə görə medalı, Böyük Vətən Müharibəsinin qələbəsinin 25 illiyinə görə döş nişanı) mükafatlandırılmışdır.

Müharibədən vətəninə qələbə ilə qayıdan Yelmar Şərifov uzun illər müxtəlif vəzifələrdə Azərbaycan Elmlər Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası) çalışmışdır.

Yelmar Şərifov Bakıda vəfat etmişdir.


Tarix: 23.01.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: Azərbaycanın müharibələri‎
loading...