Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Z hərfi ilə başlayanlar
Z hərfi ilə başlayanlar

- Zalımın zülmü yadında qalmaz.
- Zalımın ömrü az olar.
- Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
- Zaman bir nəhrdir axar, durmaz.
- Zaman zamana uymaz.
- Zaman ilə hesablaşmaq gərək.
- Zaman keçər, söz qalar.
- Zaman pul deyil, onu qaytarmaq olmaz.
- Zaman səbirlidir.
- Zahid buraxıb məscidi meyxanəyə gəlməz. Bayquş yaranandan bəri viranə üçündür.
- Zatı qırıqdır.
- Zatına da, südünə də bələdəm.
- Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu burdan aparırlar.
- Zahidin bir barmağın kəssən, dönər haqqdan qaçar!
- Zahirdən batinə yol var.
- Zahiri gözəllik müvəqqətidir.
- Zahiri gözəl, batini-çirkin.
- Zəlzələni görən yanğına razı olar.
- Zəmanə adamı deyil.
- Zəmanə adamı öyrədir.
- Zəmanə dəyişdikcə adamlar da dəyişir.
- Zəmanə ilə hesablaşmaq gərəkdir.
- Zəmanəyə uymaq gərək.
- Zənburun dəvəsidir.
- Zəngbar talanı deyil ki?!
- Zər qədrini zərgər bilər.
- Zər ilə olan, zor ilə olmaz.
- Zərd bəzərəkdən (kətan toxumundan) yağ çıxardar.
- Zərər zəhərdən acı olar.
- Zərər oddan yamandır.
- Zərərdən qorxan dükan açmaq.
- Zərərdən qorxan xeyr görməz.
- Zərərin bir başı var.
- Zərərin yarısından qayıtmaq da xeyirdir.
- Zəri də var, zoru da.
- Zərgər dükanının tozu da qızıl olar.
- Zərlə gözəllik almaq olmaz.
- Zərrə qədər iman, dünya qədər günah.
- Zərurət insana hər şeyi öyrədər.
- Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
- Zəhər zəhəri öldürər.
- Zəxirəsin (ərzağın) fikr eyləyən peşiman olmaz.
- Zəhər gələndə acı qaçar.
- Zəhmət yemək istəmir, amma özü yedirdir.
- Zəhmət olan yerdə qeybət olmaz.
- Zəhmət-torpaqda, nemət-süfrədə.
- Zəhmət çəkən bal yeyər.
- Zəhmət çəkməyən bal yeməz.
- Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
- Zəhməti bülbül çəkər, gülü qucar xar.
- Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
- Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
- Zindana səbr eyləyən, axır taxta çıxar.
- Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.
- Zirək quş dimdiyindən tələyə düşər.
- Zirəklik comərdlik gətirər.
- Zirəm, sənə su verrəm, bu gün verrəm, sabah verrəm, özüm billəm.
- Zirəni Kirmana aparır.
- Zor qapıdan girəndə, dad bacadan çıxar.
- Zor ilə köpək sürüyə getməz.
- Zor ilə gözəllik olmaz.
- Zor gələndə qanun qaçar.
- Zor oyunu pozur.
- Zora dağlar dayanmaz.
- Zora xanların da borcu var.
- Zorlu-zorlu, çaxmaqdı, qozdu, əvvəldən eşqi vardı indi vurdu soyudu.
- Zorən təbib olmaz.
- Zorla gedən köpək qoyuna fayda verməz.
- Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
- Zehnim kor olub.
- Zurna görür-zurnaya yapışır, dəf görür-dəfə.
- Zurnada pişro olmaz, bəxtinə nə çıxsa çal.
- Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər.
- Zurnanın səsi uzaqdan xoş gələr.
- Zurnaçı dəfli olar.
- Zurnaçı zorunu püfünə verər.
- Zurnaçı oğlu zurnaçı olar.
- Zurnaçının göz nəyinə gərək?
- Zülm ərşə dayanıb!
- Zülm yerdə qalmaz.
- Zülm ilə abad olan, bir gün gələr bərbad olar.
- Zülm ilə bərbad olan, ədl ilə abad olar.
- Zülmət daşıdır: götürən də peşmandır, götürməyən də.
- Zülmün axırı olmaz.
- Zınqırovlu dəvə itmək.
- Zınqırovu pişiyin boynuna kim asacaq?


Tarix: 06.08.2015 / 12:53 Müəllif: Akhundoff Baxılıb: 150 Bölmə: Atalar Sözləri
loading...