Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövrü (1174-1186)

Eldəgəzin vəfatından sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçdi. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəz dövləti iqtisadi və siyasi cəhətdən daha da qüvvətləndi. Cahan Pəhləvan sonuncu Səlcuq sultanı III-cü Toğrulun (1176-1194) atabəyi idi. III Toğrul Cahan Pəhləvanın qəyyumluğu altında Naxçıvanda yaşayırdı.Cahan Pəhləvan Azərbaycanın idarəsini qardaşı Qızıl Arslana tapşırdı və oğlu Əbu Bəkrin atabəyi təyin etdi. 1174-cü ildə dövlətin paytaxtı Həmədana köçürüldü; Təbriz isə Qızıl Arslanın iqamətgahına çevrildi. Cahan Pəhləvan, sonralar isə Qızıl Arslan Eldəgiz dövlətinin siyasi dayağını möhkəmlətmək məqsədi ilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdlər. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə 50 minlik mükəmməl süvari ordu təşkil etdi.Eldəgəzlər dövlətinin cənub və şərq sərhədləri genişləndirildi. Cahan Pəhləvan bir-neçə dəfə gürcüstana yürüş etdi. Bir sıra qonşu ölkə hökmüdarları Eldəgəz dövlətinin nominal hakimiyyətini qəbul etdi və Cahan Pəhləvanın adına xütbə oxutdudular. Əhər məlikləri öz sikkələrində Eldəgəzlərində adını zərb etdilər. Şirvanşahlar, Xilafat, Diyarbəkr, Fars hakimləri Eldəgəzlərin vassalları oldu. Cahan Pəhləvan ayrı-ayrı vilayətlərin idarəsini oğulları arasında bölüşdürdü: Rey, İsfəhan və İraqın bir sıra vilayətlərini Qutluq İnanc və Əmiran Ömərə, Azərbaycanı Əbu Bəkrə, Həmədan idarəsini isə Özbəkə tapşırdı. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəzlər dövlətində ticarət, sənətkarlıq, elm və mədəniyyət dahada inkişaf etdi.


Tarix: 29.01.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Atabəylər hökmdarları
loading...