Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ancela Devis

Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; d. 26 yanvar 1944) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür.

O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu.

Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu.Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür. O, SSRİ-də səfərdə olmuş və Leonid Brejnevlə görüşmüşdür.

2008-ci ilin yazında Kaliforniya Universitetindəki vəzifələrindən ayrılmışdır. Hal-hazırda irqi, cinsi bərabərlik və həbsxanaların ləğvi uğrunda mübarizə sahəsində fəaliyyət göstərir.

Maraqlı faktlar
Con Lennon 1972-ci ildə Some Time in New York City albomundakı Angela mahnısını Ancela Devisə həsr etmişdir.
Həmçinin, onun şərəfinə Rolling Stones qrupu Sweet Black Angel sinqlini bəstələmişdir.


Tarix: 18.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 228 Bölmə: ABŞ tarixi
loading...