Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yadındamı?
Yadındamı?

Yadındamı o illər?
Eşqlə yanğılı dillər,
Alışardı, yanardı,
Zamanım dayanardı.
Sənsiz dünyam küsərdi,
Ümidimi kəsərdi,
Xəyallarım uçardı,
Tez yanına qaçardı,
Küsüşüb barışardıq,
Od olub alışardıq.
Yadındamı bir səhər?
Aldı könlümü qəhər,
Sənsiz həyat daraldı,
Gözümdə gün qaraldı.
Küləklər sayaq, əsdim,
Görüşünə tələsdim,
Qıvrıldım ilan təki,
Gözüm görmədi səki,
Eşqin çapdı başımda,
Səni gördüm qarşımda.
Yadındamı səadət?
Can tək sevgili həyat,
Könlümüzə yar idi,
Həsrət, vüsal var idi.
Sellər təki coşardıq,
Çeşmələr tək daşardıq.
Bizə dünyada əziz,
Həm duyğulu, həm təmiz,
Saf məhəbbət nəsibmiş,
Üstümüzdə əsibmiş.
Yadındamı o vaxtlar?
Ayrı yanardı baxtlar,
Alışardım oduna,
Heç düşməzdim yadına.
Öz içimdə yanardım,
Səni dünyam sanardım.
Sənsə çəkib özünü,
Yan tutardın üzünü.
Məni oda atardın,
Yuxuları qatardın.
Yadındamı küləklər?
O göy atlı mələklər,
Darayardı telimi,
Qucaqlardı belimi,
Dodağımda gülüşlər,
O xəyali görüşlər...
Yuxumuza gələrdi,
Həsrət dərddən ölərdi.
Səni mənə yar edən,
Bağrımın başın didən,
Yuxumu qısqanardım,
Gizli-gizli yanardım...
Yadındamı, sevgilim?
Sənsiz ağlardı ilim.
Dərd başımdan aşardı,
İçimdə dolaşardı,
Həyat adiləşərdi,
Can gözümdən düşərdi.
Könlüm səni arardı,
Qəlbimi dərd sarardı.
Ağlardım için-için,
Sənin o sevgin üçün,
Demə ki, bu eşqimiz,
Qoymayıb qəlbimdə iz,
Kökü gedib dərinə,
Ürəyimin yerinə,
Sənin sevgin yerləşib,
Əbədi sehirləşib.


Tarix: 01.06.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 276 Bölmə: Şirinxanım Kərimbəyli
loading...