Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Mütəllibov

Tofiq Müttəlibov tanınmış Azərbaycan şairi və əməkdar incəsənət xadimidir. Tofiq Mütəllibov yaddaşlarda gözəl bir nəğməkar şair kimi qalıb. 300-dən artıq mahnının müəllifidir. O, 20 il "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri olub. 1929-cu ildə Naxçıvan şəhərində ziyalı bir ailədə anadan olmuş Tofiq Mütəllim oğlu Mütəllibov orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət Universitetində təhsil alıbdır. O, "Pioner" jurnalında (indiki "Günəş") məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində ("Savalan") şöbə müdiri vəzifəsində işləyibdir. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada çalışıb. Ötən əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Müttəlibov 30-a yaxın kitabın müəllifidir. "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti bu şairin yaradıcılığına məmnuniyyətlə müraciət edərdi. Onun mahnıları həmişə sevilə-sevilə dinlənilirdi. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə musiqi dünyamıza "Cücələrim" mahnısını bəxş etmişdir. "Cücələrim"in 60-dan çox yaşı var. Dünyanın o qitəsi yoxdur ki, "Cücələrim" orada qanad açıb uçmasın. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilir. Hətta uşaqlar üçün çəkilən cizgi filmlərində, məsələn, "Nu poqadi"də bu uşaq mahnısı ana dilimizdə səsləndirilib. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bilirdi. Ona görə də qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilirdi. Şair 1992-ci il oktyabrın 30-da vəfat edib.

Mənbə
Onun ömür qatarı. Flora Xəlilzadə. Azərbaycan.-2009.-12 aprel.-S.7.


Tarix: 19.01.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 896 Bölmə: Şairlər və Yazıçılar
loading...