Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəriman Qasımoğlu

Həyatı

Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, ilahiyyatçı-alim.

1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977-1978) və Liviyada (1980-1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979-1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979-1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983-1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984-1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri vəzifələrində (1989-1992), ABŞ-ın Corctaun Universiteti (2003-2004) və Macarıstanın Mərkəzi Avropa Universitetində (2006-2007) elmi araşdırmaçı qismində çalışmışdır.

ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.

1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır.

1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur. Fəal poetik yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri "Yaşıl budaqlar" (Bakı, Gənclik, 1982) almanaxında dərc edilmişdir. Şeirləri daha sonra ölkəmizin ədəbi qəzet və jurnallarında, xaricdə - Türkiyə, İran, Suriya, İraqda çap olunmuşdur.

Müqəddəs Kitabımız Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir. Müəllif Quran tərcüməsinin tamamilə yeni bir bədii tərcümə versiyasını da çapa hazırlamışdır.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1999-cu ildən Azərbaycan Din və Demokratiya Mərkəzinin Sədridir.

Şair Qasım Qasımzadənin oğludur.

Əsərləri

1.İki doğum günü, Bakı, Yazıçı nəşriyyatı, 1990, 92 səh., 3000 nüs.

2.Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama, Bakı, Azərbaycan nəşriyyatı, 1993, 368 səh., 100 000 nüs.

3.Ayə aydınlığında, Bakı, Elm nəşriyyatı, 1999, 225 səh., 1000 nüs.

4.Oxu müqəddəsliyi, Bakı, Təhsil nəşriyyatı, 2005, 218 səh., 1000 nüs.


Tarix: 17.01.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Şairlər və Yazıçılar
loading...